“Kazarmanı isitmək üçün özü odun doğrayırdı…”

0
527

Şəhid general Polad Həşimovla vaxtilə hərbi xidmət keçmiş jurnalist İlham Tumas sualları cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– İlham bəy, tarix Azərbaycanın qəhrəman oğullarından biri general-mayor Polad Həşimovun şəhid olduğu günü unutmaz. Onunla tanışlığınız necə olub?
– Poladla tanışlığım 1996-cı ildən başlayıb. O vaxtı Murovda hərbi hissədə zabit kimi xidmət edirdim. Polad o zamanlar bölük komandiri idi. Polad qeyri-adi insan idi. Onun ən böyük üstünlüyü əsgərləri övladı kimi sevməsi idi. Murov kimi soyuq bir yerdə kazarmanı isitmək üçün Polad özü odun doğrayırdı. O, zabit maaşı ilə kazarma təmir etdirirdi, əsgər kazarmasına televizor alıb verirdi. Belə böyük bir ürəyə sahib zabit idi.
Mən ordudan tərxis oldum, Polad isə qalıb hərbi xidmətini davam etdirdi, general rütbəsinə kimi yüksəldi. Onunla mülki həyatda məzuniyyətə gəldiyi vaxt, doğulduğu Qəbələ rayonunda, hərbi hissə komandiri olduğu yerdə bir neçə dəfə görüşdük. Polad həmişə sadə və təvazökar qaldı. Şəhidliyi də göstərdi ki, Polad hərb sahəni gözəl bilməklə yanaşı, həm də sadə və dəyərli vətəndaşdı. Nə rütbəsi, nə də vəzifəsi onu dostlarına, zabit yoldaşlarına qarşı mənasız yerə qürurlu etmədi. Həmişə sadə və təvazökar idi.
 

– Şəhadətindən sonra generalın vətən uğrunda göstərdiyi qəhrəmanlıqlardan çox danışıldı. Polad Həşimov barəsində keçmişdə danışmaq necə bir hisdir?
– Tarixdə elə sahələrin ustadları olur ki, onların itkisi yalnız öz sahələrinin yox, bütün cəmiyyətin itkisi olur. Hərbdə də belədir. Polad elə bir zabit idi ki, onun itkisi təkcə yaxınları, doğmaları, zabit dostları, eləcə də tabeliyində olan əsgər və zabitlər üçün yox, ümumilikdə Azərbaycan ordusu və cəmiyyəti üçün bir itkidir.
Ümumiyyətlə, istənilən orduda Polad kimi zabitlər çox olmur. Belə zabitlər tək hərbi bilikləri ilə yox, həm də şəxsiyyətləri, şəxsi heyətə münasibətləri, mərdlikləri, qeyri-adi insani xüsusiyyətləri ilə fərqlənirlər.
Biz general Həşimovdan daha gözəl nailiyyətlər gözləyirdik. Deyirdik ki, Polad Həşimov, inşallah, işğal olunmuş ərazilərimizin azad olunmasında da iştirak edəcək. Təbii ki, Polad Həşimov haqqında keçmişdə danışmaq çox ağrılıdır…
 

– Nə zaman Polad Həşimovun qisası alındı deyə bilərik?
– Tək Polad Həşimovun yox, ümumiyyətlə, birinci Qarabağ savaşından başlayaraq şəhid olmuş hərbçilərimizin, eləcə də erməni terroru nəticəsində həlak olan mülki vətəndaşlarımızın qisası Azərbaycan əraziləri tam şəkildə işğaldan azad olunan vaxt alınmış sayılacaq. Şəhidlərimizin qisasını bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalananda almış olacağıq. İşğal altında olan ərazilər Azərbaycan dövlətinin hüququ altında olanda sakitləşəcəyik. O zaman hətta Cümhuriyyət dövründə canlarını fəda etmiş zabitlərimizin də ruhu hüzura qovuşacaq. Çünki erməni terroru tək XX-XXI əsri əhatə etmir.
 

– Sizcə, Polad Həşimovun ruhuna lazımi səviyyədə sevgini, ehtiramı göstərə bildikmi?

– Polad bizim müstəqil dövlətimizin ilk şəhid generalıdır. Bundan əvvəl 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus helikopter ermənilər tərəfindən vuruldu. Nəticədə Baş prokuror İsmət Qayıbov, Daxili İşlər naziri, general Məhəmməd Əsədov şəhid oldu.
General Polad Həşimov da onlar kimi döyüş şəraitində öz xidməti vəzifəsini yerinə yetirərkən şəhidliyə qovuşdu. Hesab edirəm ki, həm dövlət səviyyəsində, həm xalqımız general Həşimovu hansı böyüklükdə, hansı ehtiramla sevildiyini göstərdi. Ölkə başçısı və bir iş adamı tərəfindən zabitimizin ailəsinə mənzil hədiyyə olundu. Təbii ki, bunlar onun bədənini əvəz etməz, amma hər halda bu, böyük bir ehtiramdır.
Cəmiyyətimiz şəhidə həmişə yüksək ehtiram göstərib. Dostumuz, Azərbaycanın ilk hərbi diktoru Şəmistan Əlizamanlının gözəl bir sözü var, şəhidin iqtidarı, müxalifəti olmur. Doğurdan da belədir. Etiraf etməliyik ki, şəhidlərimizə ehtiram göstərilməsi məsələsində heç qüsurumuz yoxdur. Həm iqtidar, həm müxalifət, həm xalqımız bu məsələdə yekdildir.
 

– General rütbəli bir şəxsin səngərdə vurulması generallar haqqında fikirləri alt-üst etdi. Onun haqqında bilmədiyimiz daha nələr var?
– Polad Həşimovun döyüşdə şəhid olması bəzi suallar da doğurdu. Ancaq ən çox bir ifadə işləndi ki, generalımız əsgərlə bir yerdədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, həmişə deyirdilər ki, filankəsin18 yaşı var idi, axı onun şəhid olası vaxtı deyildi. Təbii ki, Poladın, polkovnik-leytenant, kəşfiyyatçı Raquf Orucovun və digər yüksək rütbəli zabitlərimizin şəhid olması Azərbaycan ordusunda zabitlərimizin öz əsgərlərinin yanında olduğunu göstərir. Onlar döyüşdə öndə gedirdilər, arxadan yox, irəlidən komanda verir, əsgərləri də öz arxalarınca aparırdılar.
Polad Həşimov haqqında danışan insanları sıralasaq mən onlardan lap axırda danışmalıyam. Çünki Poladla döyüş yox, zabit yoldaşı olmuşuq. 1996-2000-ci illərdə müharibə şəraiti olsa da, biz döyüş bölgəsində olsaq da, Poladla döyüşə girmək şərəfinə nail olmamışam. Amma Polad sonralar, 2016-cı ildə Aprel döyüşlərində də iştirak etmişdi.

 
– Generalın adının gələcək nəsillərə çatdırılması üçün hansı işlər görülür?
– Polad haqqında kitab hazırlanır. Artıq Həşimovla bir yerdə kursant olmuş çox yaxın dostları ilə əlaqə saxlamışıq, onların fikirləri də bu kitaba salınacaq. Bu, mənə və bu işə kömək edən dostlara Polad haqqında bilmədiklərimizi öyrənməyə kömək edəcək.(Teleqraf.com)