Qubanın müasir tipli alma bağlarında bol məhsul yetişib

0
117

Bu il Qubanın intensiv və superintensiv alma bağlarında bol məhsul yetişib.

azərtac-ın bölgə müxbiri xəbər verir ki, müasir meyvə bağlarında məhsuldarlığın yüksək olması fermerlərin intensiv bağçılığa marağını artırır. İki il öncə Quba rayonunda superintensiv alma bağlarının ümumi sahəsi min hektar idisə, hazırda bu rəqəm 2 min hektaradək artıb.

Qubanın müasir bağlarında almanın 20-dək növü becərilir. Ənənəvi bağların hər hektarından 20-25 ton məhsul toplanırsa, superintensiv bağlarda bu göstərici 50-60 tondan çoxdur.

Təsərrüfatçı Merdas Abibovun 4 hektar alma bağı var ki, bunun yarısı intensiv, yarısı da superintensiv alma bağlarıdır.

Bağban bildirir ki, damcı üsulu ilə suvarılan bu bağlarda işlər tam mexanikləşdirilib. Plastik borulara vurulan su avtomatik olaraq ağaclara verilir. Yeni sistem 30 hektaradək ərazini bir günə suvarmaq imkanı yaradır. Bu isə öz növbəsində həm vaxt itkisinin, həm də su məsrəfinin qarşısını alır.

Ənənəvi bağlarda hər hektarda 200 ağac becərilir. İntensiv bağlarda bu göstərici 660, superintensiv alma bağlarında isə 2000–2500 ağaca çatır.

Rayonda intensiv meyvə bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxarılabilən rəqabətqabiliyyətli məhsul istehsal etməkdir. Qubadakı mövcud alma bağlarının təxminən 60 faizi 30-40 il əvvəl salınıb. Həmin bağlar bioloji inkişaf dövrünü başa vurmuş hesab olunur. Bu səbəbdən fermerlər yeni superintensiv tipli meyvə bağları salmaqda maraqlıdır.

Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun baş məsləhətçisi Tarverdi İsmayılov bildirib ki, ölkə ərazisində istehsal olunan meyvənin həcminin artırılması xarici məhsula tələbatı azaltmaqla yanaşı, yerli fermerlərin iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır. Quba rayonunda alma bağlarının 9 min hektarını intensiv və superintensiv bağlar təşkil edir.

Qubanın müasir tipli superintensiv alma bağlarından məhsul yığımına sentyabr ayında başlanılacaq.

Rayonda ümumilikdə 13 min 800 hektar alma bağı var ki, bunun da 13 min 200 hektarı barverəndir. Ötən il alma bağlarından 117 min 800 ton məhsul toplanıb.