Mənim qəhrəman anam

0
224

Müharibədən (1941-1945) sonrakı bərpa və quruculuq illərində keçmiş Sovetlər ölkəsinin hər yerində olduğu kimi, Azərbaycan və onun hər bir bölgəsində qadınlarımızın üzləşdikləri çətinliklər, bu çətinliklərin öhdəsindən kişi kimi gəlməyi bacarmış, adları günümüzün yaşlı nəsil nümayəndələrinə yaxşı tanış olan onlarla qadın – Güllər, Gülzaman, Nazpəri, Mahi, Əsli, Bədyal, Mənsurə, Sərfinaz, anam Ağaxanım (Axanım) və sayını bilmədiyim başqa fədakar qadınların əziz xatirəsinə ithaf olunur.

***

Rəhmətlik anam 1910-cu ildə anadan olmuşdu. Atası Nurəddin kişi əslən Qubanın Qalaxudat kəndindən imiş. Kərək kəndinə köçüb molla və dəllək kimi fəaliyyət göstərib. İki oğlu erkən yaşalrında vəfat edibmiş. Anam dünyasını dəyişənəcən qardaşlarını yad edər, oxşayıb ağlayardı.

***

Müharibə illərinin qadınları o illərərdə kənd və təsərrüfatların çox yaşlı insanlara və uşaqlara qaldığı zaman kişi işləri gördüklərindən, müharibədən sonra da uzun illər bütün sahələrdə kişilərlə bərabər çalışmış, atasız qalmış övladlarını boya-başa çatdırmaq, onlara təhsil vermək, ailə qurmaları üçün əllərindən gələni etmişdilər.

***

Bütün analar gözəldir. Hələ övladların gözündə onların gözəlliyi göylərin gözəlliyindən geri qalmaz. Mən nankor övladları nəzərdə tutmuram. Ana mələk də olsa onlar o gözəlliyi görüb dərk etməzlər. Mütaliə etdiyim pedaqoji kitabların birində maraqlı bir epizoda rast gəlmişdim. Anasını itirmiş uşağa onun boyu, saçının, gözlərinin rəngi haqqında suallar verirlər. Uşaq hıçqıraraq mənim anam gözəldir deyir.

Mənim anam da gözəl idi, çox gözəl idi. Günəş kimi, Ay kimi gözəl idi. Bu gözəllikdən o, özü də məmnun idi. Bircə bəxtindən gileylənərdi anam. Bəxti onu həyatın ən çətin dolaylarını dolaşdırmışdı…

***

1941-1945-ci illər müharibəsi onu üç azyaşlı qız övladı ilə dul qoymuşdu. Müharibə illərinin əvvəlində həyat yoldaşının həlak olması haqqında aldığı “qara kağız” onun həyatını alt-üst etsə də, övladlarının xatirinə özünü toparlamağı bacarmışdı. Bir də ki, kəndə gələn “qara kağız”ların sayı artdıqca ürəklər də daşalşır, hamı müharibənin acı həqiqətlərinə inanırdı. O illərdə arxa cəbhə ön cəbhədən heç də geri qalmırdı. Kəndlər əli iş tutan kişilərini cəbhəyə göndərmiş, qadınlar, qocalar, uşaqlar və bir də döyüş qabiliyyətini itirib tərxis olunmuş bir-iki əsgərin ümidinə qalmışdı. Kişi işilərinin çox hissəsini isə qadınlar görməli olurdu. Evlərə gələn “qara kağız”lara baxmayaraq, o günlərin “bəlkə”ləri atasız qalan uşaqlara, ərsiz qalan qadınlara ümid verər, səhər erkən işə daha şövqlə başalayardılar. Yaşlı qadınlar gənc gəlinlərə təsəlli verər, müharibə bitən kimi yoldaşlarının gələcəyinə inandırardılar: – O qədər əsgərin arasından necə bildilər ki, ölən filankəsdi. Bəlkə də əsir düşüb, bilmirlər, – deyərdilər.

***

Digər dul qadınlar kimi anam da müharibənin beş ilini bu “bəlkə”lərin təsəllisi ilə yaşadı üç qızcığazı ilə. Çalışqanlığı ilə “Staxanovçu” adını qazandı. Müharibə bitsə də, acılar bitmədi. Anam düz yeddi il yol gözlədi. Ailə başçısını itirmiş gənc ailənin çətinlikləri günbəgün artmaqda idi. İkinci dəfə ailə qurmaq təkliflərini qətiyyətlə rədd etmişdi. Müharibədən qayıtmış qohumlarından biri gənc qadının adına arzuolunmaz söz-söhbətin yaranacağından ehtiyat edərək öz aləmində onu vicdanlı birisinə “calamq” üçün axtarış aparırdı. Qonşu kənddə yaşayan bu təəssübkeş adam bir gün atamla rastlaşır. Söhbətləri tutur. On iki il həyat yoldaşını itirmiş atam səkkiz uşağını köçürmək və evləndirmək kimi ağır və məsuliyyətli bir işin öhdəsindən gələ biləcək, halal süd əmmiş bir qadın aradığını gizlətmir həmsöhbətindən. Həmin adam ürəyində anamı tutub atama kömək etməyə çalışacağına söz verir. O, atamın necə adam olduğunu yaxşı bildiyi üçün anamdan xeyli – iyirmi yaş böyük olmasına baxmayaraq, bu sevdanın baş tutması üçün ağbirçəkləri araya salıb, razılığını alır və 1952-ci ildə anam Gərək kəndindən Alpana, atamın evinə köçür. Ətrafdan ağzıgöyçəklər üç qız uşağı olmasına baxmayaraq (Anam ömrü boyu bu tənənin acısını yaşadı, hətta bəzi yaxınlarından da.) ikinci dəfə ailə həyatı qurduğu üçün anamı qınasalar da, atamın xarakteri, ailəcanlılığından razı qalır. Yeni ailədə dörd oğlan və dörd qız qarşıladı onu. İllər keçdikcə anam atamla birlikdə onları evləndirə, köçürə bildi. Anam özünü o qədər sevdirə bilmişdi ki, qardaşlarımın bütün uşaqları öz analarını adları ilə, onu isə “ana” çağırırdılar.

Atam da anamın əvvəlki ərindən olan üç qızına sözün əsl mənasında atalıq etmək üçün əlindən gələni edirdi. Onların hər gününə şərik olur, özlərindən, həyat yoldaşlarından və uşaqlarından hörmət və sevgisini əsirgəmirdi.

***

Həyat öz axarı ilə davam edirdi. İki qardaşını kiçik yaşlarında itirmiş anama Allah iki oğul verib sevindirsə də, o, tez-tez sahillərinə sığmayan, təlatümü ilə ürəkləri qoparan dərd dəryası idi. Heç bir işini səs-səmirsiz görməzdi. İnək sağanda, nehrə çalxayanda, yun darayanda, cəhrəsində ip əyirəndə, corab, palaz toxuyanda, yamaqlayanda və s. əvvəlcə astadan zümzümə edər, sonra köklənib coşardı. Elə həzin, yanıqlı səslə oxuyardı ki, istər-istəməz gözlərin dolub daşardı. Hərdən xahiş edərdim ki, oxumasın, anam oxuyub ağlamasam ürəyim partlayar, bala, deyərdi. Anam toxuma üçün hazırladığı iplərin bəzilərini təbii boyalarla rəngləyərdi. Şabalıdı rəngi palıd, sarını söyüd, narıncını əzgil qabığından alardı. Toxuduğu palazların rəngləri bu gün də öz əlvanlıqlarını qoruyub saxlamaqdadır.

***

Kənd həyatının ən mühüm tərkib hissələri təsərrüfatında saxladığın quş və heyvanlar üçün yem, ot-ələf, ailə üçün azuqə, bir də qış od-ocağına odun tədarük etməkdir. Bu problemləri həll etmədən rahat nəfəs almaq mümkün deyil. Hamı kimi mən də bu problemləri bir an əvvəl həll etməyə çalışırdım. Yaşlı valideynlərim, kiçik yaşlı uşaqlarım və kənar kənddə işləməyim məni buna vadar edirdi. Həyətimizə ot gətirəndə anam yerə tökülmüş ot-samanı və güllərini şax süpürgə ilə süpürüb kisələrə doldurar, heyvanlarımıazı yemləyərdi. Odun gətirib doğrayanda baltanın ağzından çıxan talaşları da səliqə ilə toplayardı. Təbii qazın olmadığı bir zamanda bu, od qalamaq üçün neft qədər əhəmiyyətli idi. Demək istədiyim odur ki, anam o dövrün əksər evdar qadınları kimi çox qənaətcil və tədbirli idi. O, həm də iş adamı idi. İşsiz dayana bilmirdi. Bağdan çıxanda ətəyi alaq otları, xırda daş, şüşə qırntıları ilə dolu olardı. Fiziki iş görə bilmədiyi illərdə qurama tikər, süfrə, nalça üzləri hazırlayardı. Onun əl işləri bu gün də karımıza gəlir.

***

Anam insanlara qarşı həddindən artıq həssas idi. Kiminsə könlünü qırmaqdan ilan vuran ala çatıdan qorxan kimi qorxardı. Ətrafdakı doğma gəlin-qayınana arasında xoşagəlməz çox halların şahidi olurduq. Anam isə ögey gəlinləri ilə gözəl rəftar edir, nəvələrini doğma nənələrdən də artıq nəvaziş və sevgi ilə bəsləyirdi. Hər hansı ehtiyatsız hərəkətinə “ögey” ana damğası vurulacağından qorxurdu. Təəssüf ki, bizim də qulağımızı dəlib ürəyimizi yaralayan  bu söz hərdən anamın qayğı dünyasını alt-üst edirdi. “Paltara öz parçasından belə yamaq vursan, seçilir,- deyib öz odunu özü də söndürər, hər şeyi taleyin qismətinə buraxardı…

Onun məşhur bir kəlamı da vardı. Deyirdi ki, gəlin qoz kisəsidir, tərpədərsən səs verər. İnsaf naminə demək lazımdır ki, gəlinlər də anama böyük hörmət bəsləyir, bir sözünü iki eləmirdilər. Anam hər hərəkətində bizi – ikinci ailə həyatında dünyaya gətirdiyi iki oğlunu düşünürdü. Bilirdi ki, bu qonaq dünyasında baqi deyil. Qardaşların qaynayıb-qarışması, mehriban yaşamaları üçün canfəşanlıq edirdi.

Anamın əslində çox adamların yanında ərki olmalı idi, lakin əksər cəhdləri onu məyus edərdi. Qucağında böyütdüyü, beşiyini yırğalayıb, laylaları ilə uyutduğu bəzi nankorlar bir an içində aydın səmanı bürüyən tufan buludları kimi hər şeyi alt-üst edib, nəinki bu dünyada, hətta o biri dünyada belə haqqını ödəyib qurtara bilməyəcək, böyük hörmətə layiq bu insana qarşı tarixdə çox az təsadüf olunan dönüklük göstərib, onun dəfnində də iştirak etmədilər. Hələ sağlığında güvəndiyi dağlara tez-tez qar yağardı və gözləmədiyi vaxtsız-vədəsiz yağmuru ahla dolu bu misralarla əridərdi anam:

Gəlib keçdi ömür belə,

Günortasın görmədim heç.

Göydə uçan quş da mənim,

Yumurtasın görmədim heç….

Nankorluğu Müqəddəs Quranımızın təxminən 33 ayətində keçən insandan umub-küsməyə dəyməzmiş!

Nankor insanlar öz naxələfliklərini göstərsələr də, anamın zəhməti və qəhrəmanlığı dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Faşizm üzərində qələbənin yubileylərində anama medal və pul mukafatları verilib. Anam həm qələbəyə köməyinə, həm də insanlarla münasibətdə göstərdiyi nümunəvi davranışına görə qəhrəman olub.

***

Məktəbə getməzdən əvvəl çoban atama kömək etmək üçün çöl-bayırda olduğumdan güneylərin küləklərə qarışıb üzümüzə çırpılan qovurucu istisi, dərələrin nəm sərinliyində bərkimişdim. Məktəb yaşım çatırdı. Oxumağın nə olduğunu bilməsəm də, anam tez-tez atamın həyatını tanıdığımız oxumuş, vəzifəli insanlarla müqayisə edir, məni tezliklə başlayacağım məktəb həyatına hazırlamağa çalışırdı. O zaman anamın məni  guya məchul bir səfərə yola salacaqmış kimi keçiridiyi narahatçılığını başa düşmürdüm. Bir gün qapımıza tanımadığım, orta yaşlarında, uca boylu bir kişi gəldi. Birinci dəfə idi ki, belə bir adam ğörürdüm. O, insandan daha çox məharətli bir rəssamın çəkdiyi yeriyən “portretə” bənzəyirdi. Saçlarının ağ rəngi qarasına çoxdan qalib gəlmişdi. Son dərəcə səliqəli geyinmişdi. Sonralar mən onu rəhmətlik xalq şairimiz Səməd Vurğuna, bir də uşaq vaxtı seyrinə daldığım ayın üzündə görməyə çalışdığım bir surətə bənzədərdim. Anamla salamlaşıb, hal-əhval tutandan sonra nurani simasına yaraşan ilıq bir təbəssümlə üzünü mənə çevirib əlini uzatdı. Əlinin içərisində uşaq əlindən çox ağac parçasına bənzər bir şey gördüyündən təəccüblənib, anama baxdı. Anam: – Hacıbəy müəllim, bu gündən mən sənin anan Püstə, sən də mənim oğlum olursan. Bu uşağı sənə, səni də Allaha tapşırıram. Vəziyyətimizi bilirsən. Atası savadsız, mən savadsız, ona nə öyrədə bilərik, bala?- dedi, doluxsundu… Müəllim əlimi təzədən sıxaraq: – Bilirəm, ana, hər şeyi bilirəm…Səsinin dəyişməsindən onun da kövrəldiyi hiss olunurdu…

Məktəb mənim üçün anamın darmadağın olmuş dünyasını günbəgün, ilbəil bərpa etməyə yüganə mümkün meydana çevrildi…

***

Anam Amerikanın on altıncı presidenti A. Linkolnun ögey anası kimi motivasiya mənbəyi idi mənim üçün. Linkolnun yetişməsində o fədakar qadının böyük rolu olduğu kimi, mənim də bir şəxsiyyət kimi formalaşmağımda, bir insan kimi öz müvazinətimi qoruyub saxlamağımda anamın cəfakeşliyini heç vaxt unuda bilmərəm. Bizim uşaqlığımızın təsadüf etdiyi ötən əsrin altmışıncı illərində, kəndimizdə ziyalılar nisbətən az sayda idi. Qonşularımız Ələkbər müəllim, rəhmətlik Vahid və Şamil müəllimin gənclik illəri çoxları üçün, o cümlədən mənim üçün də nümunə idi. Yay vaxtı ağ köynək və qalstuk geyinmiş bu gəncləri kəndin mərkəzinə çıxan görəndə aman deyərdi: – Bircə sənin də belə gününü görsəydim, heç dərdim olmazdı, balam. Bilirsən, bu Allah saxlamışların anaları nə qədər bəxtəvərdi? Bilirsən onlar necə çətinliklə oxuyublar, bala? Anam “çətinlik” sözünü o qədər tez-tez işlədərdi ki, üzləşdiyim bütün çətinliklərdən ləzzət alardım. Elə bilirdim ki, yaşamaq, həyat acaq çətinliklərdən ibarətdir… 

***

Anam, dediyinə görə o, övliya nəslindən imiş. Anamın xeyir-duası müstəcəb olduğu kimi, bəd duası da güllə kimi dəyərdi hədəfinə.

Bəzən gün-güzəranından, insi-cinni şeytanların təkidindən hirslənən atam anamı söyməkdən də özünü saxlaya bilmirdi. Anam dəfələrlə xatırlatsa da, atam unudar, anamın atasını dilə gətirərdi. Atamın səhvi üzündən yaşadığı bir neçə əhvalat qalıb yadımda. Anamla savaşıb iş dalınca gedən atam bir dəfə tayanın atında qalıb ölümdən dönübmüş, bir dəfəsində böyürtkəndən zəhərlənib az qala ölsün. Lap yaşlaşan vaxtında yenə anamı acılayıb atasına söyən atam yıxılıb, çiynini sındırmışdı…

***

Ötən əsrin 60-70-ci illərində kənd uşaqlarının əsas məşğuliyyəti tay-tuşları ilə dəstələnib çöllərdə qoyun-quzu otarmaq idi. Əksər uşaqların çantasında kitab-dəftər və bir də bir şor dürməyi-zad olardı. O illərdən bəhs edən bir neçə misranın yeridir, deyəsən:

Laylam oldu nəsihətim, öyüdüm,

Mamır kimi daş üstündə böyüdüm.

Qış doğuldum, çillə basdı bağrına,

Kədər məni ələm asdı bağrına.

…Həzin-həzin sökülərdi dan yeri,

Çöl-çəmənətökülərdi dan yeri.

Mələşərdi evdə qalan quzular,

Anaların yola salan quzular.

Mən oyanar, yastıq hələ yatardı,

Xatirələr bir, beş deyil, qatardı…

Uşaqlığım kələf – yumaq əlimdə,

Yorulardı kitab, çomaq əlimdə.

Çantam yaşıl, kəmərbəndi sürməyi,

Yer tapmazdım yerləşdirəm dürməyi.

Müəllimə ruhum qulaq asardı,

Mən dəftərə, o, qəlbimə yazardı…

Hiss edirdik ki, biz çöl-bayıra gedəndə anamızın ruhu da bizimlə gəlirdi. O vaxtlar tez-tez leysanlar yağar, çay məcrasına sığmazdı. Yağış yağan kimi anam çayın kənarına gəlib bizləri haraylar, çölə gedənlərə bizi xəbərdar etmələri üçün yalvarıb yaxarardı. Anamın səsi o qədər həyəcanlı olardı ki, çox vaxt uzaq məsafələrdən belə eşidərdik…

***

Məni tanıyanlar yaxşı bilir ki, atam mənim üçün babam, anam da nənəm yaşında olublar. Tələbəlik illərində hər istirahət günü “pereqovorniyə” gedib anamla telefonda danışardım. Ev telefonumuz yox idi. Poçt evimizdən təxminən 200m aralı idi. Poçtdan cağırılan anam təngənəfəs gəlib çatardı. Hal-əhval tutar, ifadə etməyə çətinlik çəkdiyim bir sevgi ilə dolu səsi torpağa hopan su kimi bütün vücuduma yayılar, toxtayar, daha yaxşı çalışmaq üçün bir həftəlik enerji toplardım. Həmişə universiteti bitirib bu ahıl, qayğıya möhtac valideynlərimə qulluq etmək, çəkdikləri iztirablarını bir az da olsa unutdurmaq üçün dua edərdim. Bakıda qalmağa heç bir cəhd göstərmədən, universiteti bitirən kimi kəndə gəldim, Allahın verdiyi möhlət müddətincə ata və anamın öz qocaqlıqlarını xoşbəxtcəsinə yaşamaları üçün var qüvvəmlə çalışdım. Allaha çox şükür ki, həyat yoldaşımla həmrəy olaraq hər gün, bəlkə də hər saat bizdən ayrılmaqda olan bu yaşlı insanları güman etdiklərindən də artıq hörmət, qayğı və sevgi ilə sevindirib, bu gün ömrümüzün bəzəyi olan xeyir-dualarını qazana bildik!..

Allah dünyasını dəyişmiş bütün ata və analara rəhmət eləsin. Amin.

Rahib Alpanlı