“Çox yaxşı olar ki, özümüzün milli uşaq telekanallarımız olsun”

0
403
Uca Yaradanın bizlərə bəxş etdiyi ən şirin varlıq olan balalarımız ömrümüzün bəzəyidir. Varlığı sevgidən, saflıqdan yoğurulan, həyatımıza canlılıq qatan körpə fidanları sağlam və təminatlı böyütmək hər kəsin başlıca istəyidir. Bütün bunlarla yanaşı, övladlarımızı sağlam əqidəli fərd kimi tərbiyə etmək bizlərin əsas vəzifəsi, həyat amalı olmalıdır. Çünki bu günün körpələri cəmiyyətimizin gələcəyidirlər. Onlardan kimisi mühəndis, kimisi müəllim, kimisi həkim və s. kimi fəaliyyət göstərərək, dövlətimizə xidmət edəcək. Buna görə də bugünkü uşaqlara baxıb, gələcəyimizin necə olacağını təxmin etmək haradasa mümkündür.
Uşaqlığı cizgi filmlərsiz təsəvvür etmək mümkün deyil. Məhz bunun nəticəsidir ki, balalarımızın əllərinə fürsət düşən kimi xarici uşaq kanallarında cizgi filmlərini izlədiyini görürürük. Uşaqların əksəriyyəti vaxtlarının çoxunu bu kanallara baxmaqla keçirirlər. Sözügedən əcnəbi televiziya kanallarının yayımladığı cizgi filmlərinin uşaqlarımıza mənfi təsirləri kifayət qədər çoxdur. Amma bu yazımızda konkret olaraq, milli uşaq televiziyamızın olmamasının nə kimi fəsadlar törədə biləcəyini araşdırmağa çalışdıq.

Uşaqların nitqi korlanır

Valideyn Əsgər Hüseynovun sözlərinə görə, cizgi filmlərindən uşaqlarının dilinə çox sayda türk sözləri keçib: “Oğlum kosmosa “uzay” deyir. Rənglərin adlarını da Türkiyə türkcəsində bilir. Mən öz sözlərimizi nə qədər ona öyrətməyə çalışsam da, nəticəsi olmur. Çünki oğlum davamlı olaraq Türkiyənin uşaq kanallarında yayımlanan cizgi filmlərini izləyir”. Cizgi filmlərsiz uşaq böyütməyin qeyri-mümkün olduğunu deyən Ə. Hüseynov milli uşaq kanallarımızın, cizgi filmlərimizin olmamasını ciddi çatışmamazlıq kimi dəyərləndirdi: “Xarici uşaq kanallarının, cizgi filmlərinin uşaqlarımıza faydasından çox zərərinin olduğunu bilirik. Amma başqa alternativimiz də yoxdur. Çox yaxşı olar ki, özümüzün milli uşaq telekanallarımız olsun. Milli psixologiyamıza, mədəniyyətimizə uyğun cizgi filmləri göstərilsin”. Xarici televiziya kanallarında yayımlanan cizgi filmlərində etik normaların da tez-tez pozulduğunu dilə gətirən müsahibimiz bunları dedi: “Xarici uşaq kanalları vasitəsilə balalarımızın dilinə qeyri-etik sözlər də keçməkdədir. Çünki xarici cizgi filmlərinin bir çoxunda etik normalar gözlənilmir, qeyri-etik sözlər işlədilir. Bunu izləyən uşaqlar da həmin sözlərin qeyri-etik olduğunu başa düşmədən evdə-eşikdə işlətməyə başlayırlar”. Cizgi filmlərinin hazırlanmasının böyük vəsait tələb etdiyini də xatırladan müsahibimiz təklif etdi ki, heç olmasa, yerli televiziya kanallarımız xarici cizgi filmlərini senzuralı tərcümə edib yayımlasınlar.

Balalarımız bizə yadlaşdırılır

“Televiziyalar və internet uşaqlarımızı kitabdan soyutdu. İndi uşaqlarımızı onlardan uzaq tutmaq, sadəcə, mümkün deyil. Qeyd edim ki, istər televiziya olsun, istərsə də internet, insanlar üçün kitab qədər faydalı ola bilməz. Amma əlimizdən nə gəlir? İstər-istəməz günümüzün reallıqları ilə barışmalı oluruq”. Bu sözləri “Tumurcuq” uşaq qəzetinin redaktoru Səməd Məlikzadə mövzumuzla bağlı suallarımıza cavab olaraq söylədi. O, qeyd etdi ki, ölkəmizdə uşaq televiziyasının olmaması səbəbilə yaranan boşluğu xarici kanallar doldururlar: “Xarici uşaq kanallarında yayımlanan cizgi filmlərinin ruhu belə bizlərə yaddır. Günlərini bu kanallara baxmaqla keçən uşaqlar zaman-zaman milli ruhdan uzaqlaşırlar. Belə demək mümkünsə, xarici kanallar uşaqlarımızı bizlərə yad tərzdə tərbiyə edir, gələcəyimizin təminatçılarını bizlərə yadlaşdırırlar. Məhz bu səbəbdən milli uşaq televiziyalarının formalaşdırılması vacibdir”. Azərbaycanda uşaq televiziyasının olmamasına baxmayaraq, azyaşlılar üçün qəzet və jurnalların fəaliyyət göstərdiyini dilə gətirən müsahibimiz onların dövlət dəstəyinə ehtiyacı olduğunu ifadə etdi: “Ölkədə az da olsa uşaq qəzet və jurnalları çap olunur. Amma hazırda onların üzləşdiyi çətinliklər çoxdur. Belə qəzet və jurnallar uşaqlar üçün nəzərdə tutulduğundan əsas alıcıları məktəblilərdir. Amma məktəblərimizdə şagirdlərə uşaq qəzet və jurnalları tövsiyə olunmaqdansa, bu kimi mətbu orqanların ümumtəhsil müəssisələrində satışına icazə verilmir. Halbuki uşaqlar üçün nəzərdə tutulan mətbu orqanlarının əksəriyyəti ayda bir dəfə çap olunur, qiyməti isə bir bulkanın qiymətindən ucuzdur. Hesab edirik ki, məktəblərdə uşaqların təlim-tərbiyəsinə xidmət edən qəzet və jurnalların satışına şərait yaradılmalıdır. Çünki bu, məktəblərin fəaliyyəti ilə ziddiyyət təşkil etmir. Əksinə, məktəblilər həmin qəzet və jurnallarda həmyaşıdlarının hekayələrini, şeirlərini və digər yazıları oxuyarlarsa, elm və təhsilə olan maraqları da artar. Hazırda balalarımızın smartfonlardan, internetdən asılı hala düşməsi bir növ də uşaq mətbuatının təbliğ olunmamasının və sayca azlığının nəticəsidir. Hesab edirik ki, digər KİV orqanları kimi, uşaq mətbuatına da pul ayrılmalı, onların fəaliyyətinə dəstək verilməlidir”.

SOS!

Mövzumuzla bağlı suallarımızı cavablandıran “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Biliyinin sədri Sevinc Əsgərova isə bildirdi ki, xarici uşaq televiziya kanalları körpələrimizin mənəviyyatına, psixologiyasına mənfi təsir etməklə yanaşı, onların estetik zövqünü də korlayırlar: “Xarici uşaq kanallarında yayımlanan cizgi filmlərində bir və ya üç gözü olan bu və ya digər əcaib personajlar nümayiş olunur. Bu da uşaqların zövqlərini korlayır. Həmin cizgi filmlərində nümayiş olunanlar onları çəkənlərin mənsub olduqları cəmiyyət üçün normal ola bilər. Amma bizim cəmiyyət üçün o qədər zərərlidir ki, artıq SOS siqnalı çalmağın vaxtıdır. Uşaqlarımızın baxmasına rahatlıqla icazə verə biləcəyimiz və izləməsindən bədgüman olmayacağımız milli uşaq televiziyasına hava, su kimi ehtiyacımız var”.

Sonda qeyd etmək istəyirik ki, balalarımızın milli-mənəvi ruhda tərbiyə edilməsi strateji məsələdir. Uşaq psixologiyası və tərbiyəsi həssaslıq tələb edən sahədir. Bu psixologiyanın, tərbiyənin formalaşmasında isə  televiziyaların rolundan daha çox danışılır. Elə isə gəlin uşaqlarımızı yadlara etibar etməyək.

Elvin Əliyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here