Daşdəmir Hacıyev: Alpanlı batalyon komandiri

0
177

Həyatda hər kəsin bəlli bir qisməti var. Yaddaşlarda yaşamaq isə əbədi ömür qazanmaqdır. Yalnız belə simaların adları tez-tez yada salınır. Belə şəxslərdən biri də “Hacı parağı”nın nümayəndəsi –  Hacı Əbdürrəhimin nəvəsi Daşdəmir Hacıyevdir (Ona hamı “Daşdı” kimi müraciət edərdi). Bəri başdan qeyd edək ki, o, yalnız kəndimizdə deyil, ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda tanınan bir insan olub. Bəli, o, öz iradəsinin gücündən, qüvvəsindən istifadə etməklə həyatın amansız sınaqlarından, çətin, mürəkkəb yollarından keçərək mənalı bir ömür yaşamağı bacarıb.

Daşdəmir Hacıyev 8 may 1922-ci ildə (bəzi versiyaya görə, 1920-ci ildə) Alpan kəndində, Molla İslamın oğlu Baxış kişinin ailəsində dünyaya göz açıb. Bu ailənin uşaqlarının sayı çox olsa da, onlar kiçik yaşlarında vəfat ediblər. Ailədə boya-başa çatan ikinci uşaq isə  Daşdəmirin  bacısı Gülzar xanım (Rəhimə müəllimənin anası) olub. Deyilənlərə görə, o, bacısına bağlılığı ilə çox seçilib. Nəslinin cəmiyyətdə mövqeyi yüksək olduğundan Daşdəmir Hacıyev də öz gələcək həyatına ciddi yanaşıb  və istəyini reallaşdırıb.  

Əlimizdə olan sənədlərə əsasən, qeyd edək ki, o, Böyük Vətən müharibəsinə qədər Alpan kənd yeddillik məktəbində direktor kimi fəaliyyət göstərib. 15 sentyabr 1940-cı ildə ordu sıralarına çağırılıb və Leninqraddakı Kirov adına hərbi məktəbdə təhsil almağa başlayıb. Müharibənin başlanması xəbərini alan kimi könüllü cəbhəyə getmək istədiyini bildirıb və onun xahişi müsbət qarşılanıb.

Daşdəmir Hacıyevin xatirələrindən: “1941-ci ilin 22 iyununda kiçik leytenant rütbəsində müharibəyə getdim. Qafqaz cəbhəsinin tərkibində Mozdok şəhərinin yaxınlığındakı İşşersk istiqamətində ilk döyüşə girdim”.

Cəbhədə qazandığı ilk uğurlar

O zaman vzvod komandiri olan Daşdəmir Hacıyev qorxmazlığı və mərdliyi ilə döyüş yoldaşlarının böyük hörmətini qazanır. Elə həmin günlərdə o, Kapustin qəsəbəsi yaxınlığında kəşfiyyat bölməsi ilə birlikdə bir faşist zabitini tərksilah edib hissəyə gətirir. Elə onun gətirdiyi “dil” də komandanlığa qiymətli məlumat verir. Nəticədə Daşdəmir Hacıyev 14 nəfər döyüşçü ilə birlikdə düşmənin arxasına keçir, onun əsas atəş nöqtəsinə qəflətən hücum edərək  faşist istehkamını aradan qaldırır. Buna görə o, “Döyüşdə xidmətlərinə görə” medalı ilə təltif olunur. Digər döyüşdəki fəaliyyəti isə ona “İgidliyə görə” medalı qazandırır. Üstəlik,  leytenant rütbəsinə layiq görülür. Lakin döyüşlərin birində D. Hacıyev ağır yaralanıb arxaya göndərilir.

Özünün xatirələrindən: “1942-ci ilin iyun ayında hərbi xəstəxanadan çıxandan sonra 223-cü Belqrad-Azərbaycan diviziyasına göndərildim”.

Haşiyə

 223-cü Belqrad diviziyası Mozdokdan Vyanayadək döyüş yolu keçib. Azərbaycanlı qəhrəmanların yuqoslav qoşunları ilə birgə səyləri nəticəsində almanların 20 minlik Belqrad qrupu darmadağın edilib. Həmin vaxtdan 223-cü Azərbaycan atıcı dviziyası Ali Baş Komandanın əmri ilə “Belqrad diviziyası” adlanıb. 30 aylıq fasiləsiz döyüşlərdə iştirak edən 223-ün əsgərləri Macarıstan, Bolqarıstan, Yuqoslaviya, Avstriya və Çexoslovakiyadan keçiblər.

…D. Hacıyev 223-cü Azərbaycan diviziyasına gələndə Krasnodar şəhəri uğrunda döyüşlər təzəcə başlanmışdı. Düşmən şəhəri tərk etmək istəmirdi. Ağır itkilər hesabına olsa da, öz mövqeyini əldə saxlamağa çalışırdı. Lakin o, sovet qoşunlarının güclü zərbəsinə tab gətirmir. Azərbaycan diviziyasının növbəti hücumları şəhərin azad olunması ilə nəticələnir. Krasnodar şəhəri uğrunda döyüşdə D. Hacıyev 4 düşmən avtomobilini hərbi sursatla birlikdə məhv etdiyinə görə ikinci dəfə  “Döyüş xidmətlərinə görə”  medalı ilə təltif olunur və rütbəsi də artırılır: baş leytenant.  

D.Hacıyev Donbas uğrunda döyüşlərə isə batalyon komandirinin müavini kimi atılır. Millerovo şəhərində güclü döyüşlərdə  batalyon komandiri döyüş meydanında ağır yaralanır və onu  D. Hacıyev əvəz edir. Üstəlik, onun rəhbərlik etdiyi batalyon mühasirəni də yarmağa nail olur. Lakin bu döyüşlərdə Daşdəmir Haçıyev də sinəsindən ağır yaralanır.

Özünün xatirələrindən: “1943-cü il. Batalyon komandirinin müaviniyəm. Axtirka şəhərini düşməndən təmizləmişik. Döyüşdə ağır yaralanmışam. Qıçımdan qan axır. Yaxınlıqdakı evə daxil oluram, 55 yaşlı bir qadın və iki körpə ilə rastlaşıram. Qarı cəld ayağa durub alnımdan öpür. Tənzif gətirib ayağımı sarıyır. Onlara müharibə qurtaran kimi gələcəyimi bildirirəm. …onlar işlədiyim Alpan kəndinə gəldi. Bir ilə kimi bizimlə qaldı. Onun qızlarını Azərbaycan dilində oxumaq üçün birinci sinifdə oturdum. Materina isə məktəb bufetində işə düzəldi. Vera və Valya orta məktəbi Alpanda bitirdilər”.

45-ci ilin baharı

…Onu hərbi xəstəxanaya gətirirlər. Sağalıb cəbhəyə qayıdanda doğma Azərbaycan diviziyası  çox-çox uzaqlarda vuruşurdu. Odur ki, D. Hacıyev Leninqrad cəbhəsinə göndərilməsini xahiş edir. O, burada 213-cü polkun tərkibində döyüşlərə girir. D. Hacıyevin ağır dəqiqələrdə göstərdiyi şəxsi igidlik təkcə komandiri olduğu batalyona deyil, bütün polka yayılır O, dönə-dönə komandanlığın təşəkkürünə layiq görülür.

 Leninqrad şəhəri faşistlərdən təmizləndikdən sonra D. Hacıyev Xarkov şəhərinin azad olunmasında rəşadətlə vuruşur və “Qırmızı Ulduz” ordeni ilə təltif olunur. Dneprdzerjinskinin azad olumasında rota komandiri kimi rəşadət göstərdiyimə görə “II dərəcəli Vətən müharibəsi” ordeni ilə təltif olunur. Riqa şəhəri istiqamətində düşmənin hücum xəttinin yarılmasında aktiv iştirak etdiyinə görə isə “I dərəcəli Vətən müharibəsi”ordeni ilə təltif olunur və kapitan rütbəsinə layiq görülür. Bunlardan əlavə o, ayrı-ayrı şəhərlərin azad edilməsində iştirakına görə medallarla təltif olunur. Ümumiyyətlə, D. Hacıyev bunlardan əlavə 14 dəfə müxtəlif medallara layiq görülür.

…1945-ci ilin baharı idi. Döyüşlər artıq faşistlərin öz yuvalarında –Berlin ətrafında gedirdi. Batalyon komadiri D. Hacıyev həmin döyüşlərin birində yenə sinəsindən yaralanır. Bu, onun cəbhədə aldığı ücüncü yara olur. O, qələbə xəbərini Leninqradda müalicə olunduğu hospitalda alır.

Haşiyə

Amma nə qədər qəribə olsa da, D. Haçıyev 3 dəfə yaralanmasına baxmayaraq, bu barədə yaxınlarına heç bir kəlmə belə yazmayıb. Sadəcə bir məktubunda “Mən güllədən sığortalanmışam” yazaraq qohum-əqrabasını sakitləşdirməyə çalışıb.

Malik Poladovun xatirələrindən: “Daşdəmir dayı (anamın dayısı olmasına baxmayaraq, biz də ona “dayı” deyə müraciət edərdik) üçüncü dəfə yaralanarkən onun ağ ciyəri də zədələnir. Hətta ciyərindəki  qəlpələr damara yaxın yerləşdiyindən həkimlər əməliyyat edib onları çıxara bilmirlər. Özü danışardı ki, qospitalda müalicədən sonra onu Krıma sanatoriyaya göndəriblər. Orada dağa dəfələrlə çıxıb-düşübmüş ki, qəlpələr damardan aralansın. Məhz bundan sonra həkimlər onun bədənindən qəlpələri xaric ediblər. Onu da deyim ki, Daşdəmir dayım  sovet-yapon müharibəsinin də iştirakçısı olub. O, 1949-cu ilin fevralında ordu sıralarından tərxis edilib”.

Tərxisdən sonra

Bundan sonra  Daşdəmir Hacıyev ilk əmək fəaliyyətinə başladığı dogma Alpan orta məktəbinə qayıdıb.  Daşdəmir Hacıyev bir müddət doğulduğu kənddə məktəb direktoru oldu. Yeri gəlmişkən, o, 12 nömrəli sovxozda da orta məktəb direktoru vəzifəsində çalışıb. Elə bu illərdə də o, Lenin adına Pedaqoji İnstitutun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) tarix-coğrafiya fakültəsini bitirib. Bununla da o, bir zamanlar pedaqoju texnikumda aldığı təhsili, əgər belə demək mümkündürsə, aliləşdirib.

1956-cı ilin dekabr ayından isə D. Hacıyev Daxili İşlər Nazirliyində işləməyə dəvət olunub. Və on il  milis (polis) orqanlarında ictimai asayişin keşiyində dayanıb. Belə ki, o, Kirovabad (indiki Gəncə) şəhərində milis şöbə rəisi (1957), Quba şəhərində milis şöbə rəisinin müavini və SDM xətti üzrə baş əməliyyat müvəkkili (1959), Sumqayıt şəhərində milis idarəsinin rəis müavini (1961), Bakı şəhərində (indiki Yasamal rayonunda) pasport bölmə rəisi kimi (1965) çalışıb. Yeri gəlmişkən qeyd edək ki, o bu işlərində də bir sıra təltiflərə layiq görülüb.

Haşiyə

Deyilənlərə görə, D. Hacıyev  Gəncədə çalışarkən öz fəallığı ilə daha çox fərqlənib. Hətta bir cinayətkar dəstəni zərəsizləşdirərkən özünümüdafiə məqsədi ilə onlardan birini məhv edib.

…Daşdəmir Hacıyev 1967-ci ilin avqust ayında xəstəliyə görə Vətən müharibəsi əlili kimi mayor rütbəsi ilə Daxili İşlər Nazirliyindən təqaüdə buraxılıb. 1967-ciil noyabr ayından isə öz fəaliyyətində durğunluq dövrünü yaşayan Quba Yerli Sənaye Kombinatına direktor təyin olunub. Yeri gəlmişkən qey edək ki, o illərdə rayon üzrə fəaliyyət göstərən bütün məişət obyektləri bu qurumun nəzdində idi. O, qısa müddətdə kombinatın işində dönüş yaradıb. Üstəlik, xalça, tikiş sexləri ilə yanaşı, meyvə suyu və pürəsi istehsal edən müəssisənin də açılışına nail olub. Bu illərdə o, ictimai fəallığı ilə də fərqlənib. Hətta o, dəfələrlə Şəhər Zəhmətkeş deputatları sovetinə də seçilib.

Bir məsələni də qeyd edək ki, o zamanlar rayonda keçirilən 1 və 9 may tədbirlərində hərbi təltifləri taxılmış geyimdə öndə addımlayan Daşdəmir Hacıyev almanlardan azad etdiyi şəhərlərə bir veteran kimi dəvət olunub. Deyilənlərə görə, Qubaya gələn müharibə veteranlarını həmişə özü qarşılayarmış. Hətta onları öz evinə (Quba şəhəri, Qızıl əsgər küçəsi 71, mənzil 5) dəvət edərmiş. O, bir müəssisə rəhbəri kimi də həmişə seçilib və müxtəlif tədbirlərdə respublikamızı təmsil edib.

O, tələbkar idi

1972-73-cü illərdə Alpan kənd xəstəxanasında həkim-stomatoloq kimi çalışmış Seyidağa Əmirağa  oğlu Qasımovun xatirələrindən: “1973-cü ildə Kaunas şəhərindəki  (Litva Respublikasının ikinci böyük şəhəri) Qərb qoşunlarının hospitalında hərbi səhra cərrahiyyəsi üzrə kursda idim. Bu kursa məndən başqa bir azərbaycanlı da cəlb olunmuşdu.  Bir bazar günü həmin hospitalda çalışan azərbaycanlı mayor Rizvan Hacıyev bizi restorana dəvət etdi. Elə yenicə yeməyə başlayırdıq ki, gördüm Daşdəmir  müəllim restorana daxil oldu. Təbii ki, mən onu görən kimi ayağa durdum. Salam-kəlamdan sonra soruşdu ki,  sən hara, bura hara? Vəziyyəti ona izah etdim. Gəlib oturdu bizimlə… Daşdəmir müəllimlə söhbətdən aydın oldu ki, Litvaya respublikalararası təcrübə mübadiləsi məqsədilə təşkil olunmuş tədbirə Azərbaycandan 15 nəfərdən ibarət nümayəndə heyəti gəlib, nümayəndə heyətinin rəhbəri də Daşdəmir müəllimdir. Hə, həmin görüşdən sonra Rizvan həkim Daşdəmir müəllim haqqında xoş sözlər söyləməklə yanaşı, bu kəlmələri də dedi. Bildirdi ki,  ilk  görüşdən üz cizgilərinə əsasən belə qərara gəldim ki, o, çox mərd, zəhmətkeş, həm də çox möhkəm adamdır. Mən Daşdəmir müəllimin həqiqətən də belə bir şəxs olduğunu təsdiqlədim və onun həyat yolundan bəzi fraqmentləri ona danışdım. Sonrada Daşdəmir müəllim bizi bir neçə dəfə qaldığı mehmanxanaya dəvət etdi. Nə demək istəyirəm, o çox istiqanlı, başqa respublikada olan, yaşayan soydaşlarımıza qarşı çox diqqətli idi. Hə, onu da deyim ki, o, mənim yaddaşımda savadlı,  tələbkar, həm də təşkilatçı bir insan kimi qalıb. Yadımdadır onun adı çəkiləndə müəssisə rəhbərləri  özlərini yığışdırardılar. Yox, o, sərt adam deyildi,  sadəcə tələbkar idi. Elə bu tələbkarlığı sayəsində Yerli Sənaye Kombinatının işində dönüş yarada bilmişdi”.

Kəfənini öz əllərimlə tikdim

Hacı Nəzakət xanımın xatirələrindən: “1985-ci ilin yanvar ayının 6-da Daşdəmir dayımla görüşdüm. Xəstə idi. Xərçəngdən əziyyət çəkirdi. Amma mənimlə xəstəliyindən deyil, ötən günlərindən danışdı. Hətta təltiflərini, qəzetlərdə özü haqqında yazılanları mənə göstərdi. Üstəlik, ordenli, medallı şəkillərindən birinin arxasına: “Hörmətli N. Dayından ədəbi xatirə bax yad et. Dayın Daşdəmir 6/I- 85” sözlərini yazıb mənə verdi…

Amma sonradan onun xəstəliyi getdikcə şiddətləndi. Bir müddət Qubada, daha sonra isə Bakıdakı Respublika xəstəxanasında müalicə olundu. Lakin bir faydası olmadı. İyul ayının 22-də mənə dedi ki, daha yetər, məni evimizə apar. Biz də  elə həmin gün rayona gətirdik. Amma bir neçə saatdan sonra Daşdəmir dayım haqqın dərgahına qovuşdu. Taleyin işinə bax ki, xəstəliyi, ölümü heç yaraşdırmadığım, gəzəndə ayağının altında yer titrəyən dayımın kəfənini öz əllərimlə tikdim.        O,Quba məzarlığında, bacısının yanında dəfn olundu. Onu da deyim ki,  Daşdəmir dayımın 1952-ci il təvəllüdlü Ramiz adlı oğlu var. Dayım ona çox bağlı idi, onu çox sevər, əzizləyərdi. Hətta qohum-qardaşa deyərdi ki, məndən çox Ramizi sevin. Onu da deyim ki, iti yaddaşı olan Ramizin gözəl əl qabiliyyəti vardı. O, həm də yaxşı fotoqraf kimi ad çıxarmışdı. Radio, televizorun dilini bilirdi. Səhv etmirəmsə, indi Rusiyada yaşayır”.

Bəxtiyar Vahabzadənin dostu

Malik Poladovun xatirələrindən: “Daşdəmir dayım ədəbiyyatı çox sevərdi. Üstəlik, o, söz sərrafları ilə dostluq edərdi. Hətta o, Xalq şairi Bəxtiyar Vahabzadə ilə tez-tez görüşərdi. Dayım bir dəfə məni də Bəxtiyar müəllimlə görüşə aparmaq istədi. Təəssüf ki, mən həmin görüşə özümü yetirə bilmədim. Buna görə o qədər təəssüfləndim ki…”

Fərhad Babayevin xatirələrindən: “Bir dəfə Daşdəmir müəllimə təhsil aldığım Azərbaycan Dövlət Universitetində görkəmli şair Bəxtiyar Vahabzadə, dilçi alim Musa Adilov, yazıçı-publisist Qulu Xəlilov kimi ziyalıların mənə dərs dediklərini  söylədim. Onda o, mənə onlarla dost olduğunu bildirdi. Bu söhbətdən sonra bu ziyalıları Daşdəmir müəllimin qonağı olduqlarının şahidi oldum.

“Ağanı çağır, gəlsin…”

Zabit Babayevin xatirələrindən: “O zaman Sadıq Səlimov Quba rayon partiya komitəsinin birinci katibi idi.  Onun da o zaman  necə deyərlər, qılıncının kəshakəs vaxtı idi. Odur ki, Səlimovun sözünün üstünə söz qoymağa, ünvanına bir söz deməyə kimsə cürət etməzdi. Bir dəfə partiya komitəsində iclasa toplaşmışdıq. Amma iclasın təyin olunan vaxtından xeyli keçməsinə baxmayaraq, Sadıq Səlimov iclasa gəlmək bilmirdi. Onda Daşdəmir Hacıyev başçının belə etinasızlığını həzm edə bilmədi. Belə ki, o, ayağa qalxdı və raykomun şöbə müdirinə üzünü tutub dedi: “Belə biabırçılıq olmaz. Biz niyə vaxtımızı sərf edib onu bu qədər gözləməliyik?  Axı bizim də işimiz var. Ağanı çağır, gəlsin, camaata zülm etməsin”. Yəni şahidi olduğum bu əhvalatı söyləməklə demək istəyirəm ki, Daşdəmir müəllim haqsızlığı qəbul etməyən, yerində öz fikrini bildirən mərd bir insan idi”.

“Gələn Daşdəmir müəllimdir”

Neman Qədirbəylinin söylədiklərindən: “Mən Daşdəmir Hacıyevi görməmişəm. Amma eşitdiklərimə əsasən deyə bilərəm ki, o, yaxşı pedaqoq olmaqla yanaşı, cinayətkarların qorxulu röyasına çevrilən bir milis işçisi olub. Hətta deyilənlərə görə, prinsipiallığına görə, onu aradan da götürmək istəyiblər. Amma o, öz peşəkarlığı sayəsində onlardan qurtula bilib”.

Səltənət xanımın qızı Venera xanımın yadında qalanlar: Daşdəmir müəllim atamın bibisinin (Əlixanova İsbahi Paşa qızının) yoldaşı olub. O kişi mənim yaddaşıma səliqəli geyimi, ciddi görkəmi ilə həkk olunub. O, özünə heç vaxt mağazadan kostyum, ayaqqabı almazdı. Ayaqqabını da, kostyumu da tanıdığı ustalara tikdirərdi.  Özü də zövqlə geyinməyi çox sevərdi. Hə, bir də… onun ayaqqabısının qıjıltısı indi də qularqlarımdan getməyib.  Hətta ayaqqabısının  səsindən bilərdik ki, gələn Daşdəmir müəllimdir.

Son

Hacı Nəzakət xanımın xatirələrindən: “Hərdən Daşdəmir dayımla bağlı ötən günlərim yadıma düşür. Yadıma düşür ki, o, dostluqdan söz düşəndə deyərdi:

Dost bir ata olar, bir də ki ana,

Yalnız onlar qıyar dostluqda cana.

Amma dəqiq deyə bilmərəm. Bu misraları özü yazmışdı, yoxsa hansısa şairdən deyirdi.

Yadıma düşür ki, o, samovar çayını çox sevərdi. Nərd oyununda tayı-bərabəri yox idi. Yadıma düşür ki, o nə vaxt bizə gəlsəydi, anam ona toyuq çığırtması hazırlayardı. Çünki o, kənd toyuğundan hazırlanan bu yeməyi çox iştahla yeyərdi. Hə, indi hərdən mənə elə gəlir ki, Daşdəmir dayım gecənin bir aləmində yenə bizə gələcək, qardaşım Malik və mən əlimizə fənər alıb hindən toyuq tutmağa yollancağıq… Nə yazıq ki, bu, bir xəyaldır, dayı. Amma mənə elə gəlir ki, dayı, bu söylədiklərimlə sənin həyat yoluna qismən də olsa işıq tuta bildim. Elə bununla təsəlli tapıram,  dayı!”.

Qvami Məhəbbətoğlu (Rəsulov)

Haçı Nəzakət xanıma bağışladığı fotonun arxa hissəsi
Döyüş yoldaşı ilə
Oğlu Ramiz
Döyüş çantası
Döyüşlərdə istifadə etdiyi kompas
Rəhimə müəllimə və Daşdəmir Hacıyev