“Nəsihətlə cəmiyyəti tərbiyə etmək mümkün deyil”

0
394
Elşən Əzim (Əzimov Elşən Baxşeyiş oğlu) 1975-ci ildə Kəlbəcərdə anadan olub. Gəncə Dövlət Universitetinin Filologiya, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültələrini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Söz odası” qəzetinin təsisçisi və baş redaktorudur. “Könlümə yağan yağış”, “Yuxu danışıram”, “İllərin o tayı” adlı kitabların müəllifidir.

– Sizə görə həyatda ən asan və ən çətin şey nədir?

– “Yəqin ki, bu sualın cavabında pislik asan, yaxşılıq çətindir” deyənlər çox olub. Mən həyatda asan bir şey görmədim. Nə əldə etdimsə, zəhmətlə başa gəldi. Rüşvətlə, tapşırıqla iş aşırmadım. Ən çətini isə seçdiyim həyat yoludur. Kimsəyə əyilmədən, yaltaqlıq bilmədən yaşamaq indiki cəmiyyətdə çox çətindir.

– Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız?

– Mən dağ kəndində doğulmuşam, 18 yaşıma kimi orada yaşamışam. Yəqin ki, kənd məktəbində müəllim işləyərdim. Eyni zamanda hər bir kənd adamı kimi mənim də həyətyanı təsərrüfatım, mal-qaram olardı.

– Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?

– Üzüntülərim çoxdur. Bir insan yaşının ən yaxşı dövründə – 18 yaşında doğma yurd-yuvasından uzaq düşürsə, bundan böyük üzüntü nə ola bilər. Və gəncliyin ilk çağlarını bu ağır illərin burulğanında yaşamaq… Bununla belə, özümün də addımlarımda yanlışlıqlar, səhvlər olub, şanslarımı dəyərləndirməmişəm. Ömür yolu dediyimizin üzüntülərindən yaranan bir şeirim də var:

Əyri yol tutana yol açıq olur,

Taleyin özü də əlaçıq olur.

Yol var yumaq kimi dolaşıq olur,

Getmirəm, ta mənə yol gərək deyil.

Sevindiyim isə ailəm, doğmalarım, onların uğurları, bir də az-çox özümün ədəbi uğurlarımdır.

– Valideyn və müəllimlərdən başqa, özünüzü kimlərə borclu bilirsiniz?

–  Yəqin ki, hər kəsin taleyində xeyirxah və bədxah insanlar olub. Mənə xeyirxahlıq edənlərin hər birinə ayrıca minnətdaram. Ancaq bir dayım vardı, iki ildir dünyasını dəyişib. Həyatda hər şeyi ondan öyrənməyə çalışırdım. Davranışı, insanlara münasibəti, yaxşılığı…

– Uğrunda hər şeydən keçə biləcəyiniz  varlığın adı?

– Ailəm, övladlarım.

– Özünüzü hansı peşədə daha çox ifadə edə bilərdiniz, indiki işinizdən razısınızmı?

– İşimdən razıyam, ixtisasım üzrə müəllim işləyirəm. Eyni zamanda qəzetçiliyi də pis bilmirəm. İkinci təhsilim sırf redaktorluq işidir. Məhz bu sahəyə marağım daha çoxdur.

– Üzr istəmək sizə ağır gəlmir ki?

– Qürurlu adamam, bəzən səhvimi anladıqda belə bunu etiraf edə bilmirəm. Yaşca böyüklərin qarşısında böyük bir səhvim olduqda üzr istədiyim məqamlar olub. Ancaq bunu heç sınıra bilməmişəm, uzun müddət məni ağrıdıb.

– Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”. Siz necə düşünürsünüz?

– Yəqin Sabir bunu gəncliyində yazıb. Əvvəl mən də belə düşünürdüm. İndi çox kövrək olmuşam. Hətta filmlərdəki insanların taleyinə, təsirli yazılara, duyğusal nitqlərə belə kövrəlirəm. Hər kəs kövrələ və ağlaya bilər. Kişi də, qadın da. Lap elə hönkürüb ağladığım da olub. Sabirin bu misrasında söhbət duyğudan, qüssədən ağlamaqdan getmir, kişinin hansısa iş qarşısında aciz qalmasından gedir.

– “Kaş ki filan ölkədə doğulaydım, filan xalqın nümayəndəsi olaydım” dediyiniz olurmu?

– Qətiyyən olmayıb. Belə deyənləri görəndə əsəbiləşirəm.

– Evinizdə inciklik olurmu, olursa, birinci kim barışır?

– İncikliyə səbəb kim olubsa, birinci də o barışıb.

– Özünüzü kimin qarşısında günahkar bilirsiniz və kiminsə günahını bağışlamısınızmı?

– Əgər günahım varsa, demək bu, Allahın qarşısındadır. Elə günahları bağışlamaq da Allahın işidir. Bir sözlə, günah işinə O baxır. Biz insanlar bir-birimizin səhvlərini bağışlaya bilərik.

– Sizcə, azadlıq istədiyini eləməkdir, yoxsa istəmədiyini?

– Məncə, azadlıq insanın şüurunda, təfəkküründə olmalıdır. Bir adam azad düşünməyi bacarırsa, o, həbsdə olsa belə, azad insandır. Hər gün rastlaşdığımız, özünü azad hesab edən, istədiyini edən insanlar var ki, hansısa dar çərçivəli bir düşüncənin, məhdud dünya görüşünün əsiridir, köləsidir. Bəzən adət-ənənə, mentalitet deyə hayqırmağı çox sevirik. Ancaq elə adətlərimiz var ki, öz əhəmiyyətini itirib. Zənnimcə, bütün adətlərə, qaydalara, ehkamlara sözsüz tabe olan adamlar azad adamlar deyillər. Azad adamın hər şeyə xüsusi yanaşması, fərqli yozumu olmalıdır.

– Sevgi nədir: ümid, qorxu, yoxsa xoşbəxtlik?

– Sadaladığınızın hər üçü sevgidə var. Baxır kimin alın yazısında bu sözlərdən hansı yer alıb, ümid, qorxu, yoxsa xoşbəxtlik…

– Ən çox nə zaman utanırsınız?

– Kimisə yersiz ittiham etdiyimi anladıqda. Bir də yanlış bir hərəkətim üzə çıxdıqda.

– Ölüm nədir?

– Ölüm ən böyük həqiqətdir. Həm sondu, həm başlanğıc…

– Çoxlu pulunuz olsaydı, hara xərclərdiniz?

– Qayğılarım o qədər çoxdur ki, bu sualınız fikrimdə bir burulğan yaratdı. “Əvvəl məscidin içi, sonra çölü” deyib babalar. Yəqin ki, birinci ev alardım. Köhnə bir idarə binasında yaşayıram, qəzalı vəziyyətdədir. Məcburi köçkünlər üçün tikilən binalarda isə hələ də bizə növbə çatmayıb. Səyahəti çox sevirəm – görmək istədiyim yerlərə gedərdim Daha çox pulum olsaydı, istedadlı gənclərə və qayğıya möhtac uşaqlara da köməyim dəyərdi.

– “Mən almasam, bir başqası alacaq; mən olmasam başqası olacaq” düşüncəsi nəyi ifadə edir?

– Məncə, daha çox bu fikir hərisliyi, acgözlüyü ifadə edir. Başqa tərəfdən baxsaq, burada bir liderlik iddiası da var.

– Həyatda ən böyük təsəlliniz?

– Həyatda olan bütün doğmalarımın cansağlığı.

– Siz hansı mövzuda sual verilməsini heç arzulamırsınız?

– Ailə məsələləri ilə bağlı sualları sevmirəm.

-Yubiley və ad günlərində özünüzü necə hiss edirsiniz?

– Ad günləri məsələsində çox diqqətsizəm. Heç kimin ad gününü yadda saxlaya bilmirəm. Əvvəllər öz ad günüm də yadımdan çıxırdı. Bir gün sonra deyirdim ki, dünən ad günüm imiş. İndi sosial şəbəkələr dostların da, özümün də ad günümü mənə vaxtında xatırladır. Dəbdəbəli ad günü məclislərini heç xoşlamıram. Böyük şəxsiyyətlərin, dəyərli ziyalıların isə yubileylərini keçirmək lazımdır. Çünki onların dünyaya gəlişi hər kəs üçün xeyirli olub.

– Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?

– M. F. Axundzadə deyirdi: “İran əhli yüz illərdir ki, Sədi ilə Hafizin nəsihətlərini oxuyur, ancaq İranda zülm və istibdad hər gün artır”. Mən də bu fikirlə razıyam. Nəsihətlə cəmiyyəti tərbiyə etmək mümkün deyil. Bir də ki hələ cavanam, özümü nəsihət yazmaq üçün səlahiyyətli hesab etmirəm.

– Sizə görə, insanda ən yaxşı və ən pis xarakter hansıdır?

– Ən yaxşı xarakter doğruluq, dürüstlük, ən pisi isə yalançılıqdır. Məncə, bütün yaxşılıqların başında doğruluq, bütün pisliklərin başında yalan dayanır. Yalan ən böyük oğurluqdur. Mən yalançı adamı oğru hesab edirəm.

– Nə vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran və ya aşiq olmusunuzmu?

– Sənətinə hörmət etdiyim sənətçilər var. Ancaq heç kimin heyranı, fanatı deyiləm. Bu, zəif xarakterli adamların işidir. Yeniyetməlik çağlarımda da kiminsə fanatına çevrilməmişəm.

– Övladlarınız sizi atsalar, onlara nə deyərdiniz?

– Söz vaxtına çəkər, söz məqamında deyilər. Mən də məqamında tutarlı söz deməyi bacarıram. Allah eləməsin, belə bir hal olsa, nə deyəcəyim onda ağlıma gələr, necə deyərlər, bədahətən.

– Ən çox sevdiyiniz və sevmədiyiniz sözlər?

– Çox sevdiyim sözlər “uğur”, “başarı”, sevmədiyim sözlər isə “müvəffəqiyyət” və “nailiyyət” sözləridir. Deyəcəksiniz ki, bu sözlər sinonimdir. Ancaq mən bunu sırf fonetik baxımdan dedim. Eynicinsli qoşasamitləri olan fars, ərəb sözlərindən zəhləm gedir.

 

– Fürsət olsa, ölümqabağı nə vəsiyyət edəcəksiniz?

– Fürsət olsa, bunu ölümqabağı düşünəcəm.

– Ən çox nədən qorxursunuz?

– Riyadan, xəyanətdən.

– Xoşbəxt olmaq üçün nəyiniz çatmır?

– Tam səmimi deyirəm, doğma ata yurdum, doğulduğum kənd. Başqa hər şey yerindədir.

– Sizin kimlərə və nə kimi xeyriniz var?

– Müəllim işləyirəm, uşaqlara dilimizin və ədəbiyyatımızın sirlərini, qaydalarını öyrədirəm.

– Bu dünya bir insan şəklində qarşınızda dursa, ona nə deyərdiniz?

-Dərdinəm, məni çək, dünya,

Sənin dərdin mənə qalıb?

– Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?

– Bəli, hətta vəzifədən də imtina etmişəm.

– Gənclik hansı yaşda bitir?

– Duyğular, hisslər soyuq düşüncələrə, sərt reallığa təslim olduqda gənclik bitir.

-Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?

– Saylı dostlarım var və bu say azalmır. Demək, mən də, dostlarım da bir-birimizə etibarlıyıq. Zənnimcə, dünyaya baxışları eyni, yaxud oxşar olan insanların dostluğu uzunömürlü olur.

Esmira Hidayətova, Fuad Bayramov Mingəçevir

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here