AFFA çempionatı yekunlaşdırdı: “Qarabağ” çempion elan edildi

0
2514

Azərbaycan futbolunda 2019/20 mövsümünün taleyinə aydınlıq gəlib. Bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib. Bu addım qurumun videokonfrans formatında təşkil olunan iclasında aparılan müzakirələrdən sonra atılıb. Koronavirus pandemiyası üzündən yaranan vəziyyəti, ölkədəki karantin rejimini və avqustun 3-dək avrokubokdakı təmsilçilərin müəyyənləşməli olduğunu nəzərə alan AFFA Premyer Liqa və Azərbaycan kubokunda mövsümü yarımçıq başa çatdırmağa qərar verib. Çempionatda 20 turdan sonra yaranan turnir cədvəli yekun kimi qəbul olunub. Son 8 turu oynanılmayan Premyer Liqada “Qarabağ” çempion elan edilib. “Neftçi” gümüş, “Keşlə” bürünc medalçı hesab olunub. Sonuncu iki komanda Avropa Liqasında, ağdamlılar isə Çempionlar Liqasında oynamaq hüququ qazanıb. Azərbaycan kuboku isə yarımçıq qalıb. Yarımfinal və final oyunları qalan turnir qalibsiz başa çatıb. Bu səbəbdən də Premyer Liqada 4-cü yerin sahibi də Avropa Liqasına vəsiqə əldə edib. “Sumqayıt” qitənin ikinci dərəcəli klub turnirində oynayacaq. Sonuncu yeri tutan “Qəbələ”nin Premyer Liqada qalacaq. Qərara əsasən 2019/2020-ci il mövsümündə iştirak edən heç bir komanda Azərbaycan Premyer Liqasını tərk etməyəcək.