Regionların inkişafı pandemiya dövründə də prioritetdir

0
481

Son illərdə regional inkişafla bağlı icra olunan Dövlət proqramları çərçivəsində bölgələrdə yüzlərlə ictimai-iaşə obyektləri, zavod və fabriklər, aqroparklar, muzeylər, parklar, məktəblər, idman kompleksləri tikilərək istifadəyə verilib. Üstəlik, bölgələrin qaz və su təchizatı da yaxşılaşdırılıb. Bu gün ölkəmizdə elə bir rayon, elə bir kənd yoxdur ki, orada son illər bir-birindən gözəl, rahat yollar çəkilməsin.

Bir sözlə, hazırda bölgələrimiz inkişaf və tərəqqi yolundadır. Şübhəsiz, görülən işlərin əsas məqsədi qeyri-neft sektorunun və regionların tarazlı inkişafını təmin etmək, həmçinin əhalinin sosial rifahını daha da yaxşılaşdırmaqdırdır. Bütün bunlara da nail olunur. Belə ki, regionlarda yaradılan sosial-iqtisadi infrastrukturlar minlərlə iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına, sosial rifahın yüksəlməsinə səbəb olub.

Dünyada qlobal pandemiyanın hökm sürdüyü bir dönəmdə də bölgələrdə heç bir sosial layihə təxirə salınmayıb. Bu isə o deməkdir ki, Prezident İlham Əliyev dünyanı cənginə almış koronavirus pandemiyasının fəsadlarına baxmayaraq paytaxtla yanaşı, regionların inkişafına da xüsusi diqqət yetirir. Dövlət başçısının iyun ayının əvvəlində Qarabağ bölgəsinə – Tərtər və Ağcabədi rayonlarına səfəri məhz belə bir çətin dönəmdə də bölgələrin inkişafının diqqət mərkəzində qaldığını göstərdi. Bunu həm də regionlara göstərilən diqqətin daha bir nümunəsi kimi dəyərləndirmək olar. Onu da vurğulayaq ki, Prezident Qarabağa səfəri çərçivəsində bir sıra mühüm obyektlərin, o cümlədən Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Zərdab rayonlarında qeydiyyatda olan 815 mindən çox vətəndaşa xidmət göstərəcək Ağcabədi regional “ASAN Həyat” kompleksinin açılışlarını edib. Şübhəsiz, Bakıda, Gəncədə, Sumqayıtda fəaliyyət göstərən belə komplekslərin kənd rayonlarında da açılması mühüm hadisədir.

Məlum olduğu kimi, bölgə əhalisinin əsas məşğulluğu kənd təsərrüfatı ilə bağlıdır. Aqrar sektor həm də ölkənin ərzaq təhlükəsizliyinin təminatıdır. Bu baxımdan kənd təsərrüfatının diqqət mərkəzində olması vacibdir. Məhz buna görə də Prezident İlham Əliyev rayonlarda kənd təsərrüfatı sahəsində görülən işlərlə tanış olur. Məsələn, dövlət başçısı Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı müəssisəsinin açılışına, eləcə də Hindarx qəsəbəsində fermer Nizami Hüseynovun əkin sahəsində taxıl biçininə başlanması mərasiminə də qatılıb. Bütün bunlar o deməkdir ki, Prezident İlham Əliyev pandemiya ilə mübarizə dövründə də regionların sosial-iqtisadi inkişafını diqqətdə saxlayır və hər bir layihənin icrası ilə şəxsən maraqlanır. Rayonlardan qayıtdıqdan sonra isə mövcud problemlərin aradan qaldırılması istiqamətində fərman və sərəncamlar imzalayaraq Prezidentin Ehtiyat Fondundan vəsait ayırır.

Təkcə bu ayda Prezident İlham Əliyev Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması, Zərdab rayonunun Ucar-Zərdab-Ağcabədi (32 kilometr)-Gəlmə-Əlibəyli-Allahqulubağı, Salyan rayonunun Yuxarı Noxudlu-Aşağı Noxudlu-Xurşud-Aşağı Kürkəndi, Şabran rayonunun Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (4 km)-Şahnəzərli, Qobustan rayonunun Bakı-Şamaxı-Yevlax (88 km)-Ərəbqədim-Göydərə, Ağcabədi rayonunun Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə (109 km)-Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yollarının tikintisi, Ağcabədi rayonunun Sarıcalı kəndində, eləcə də Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binalarının inşa edilməsi, Tərtər rayonunda əkin sahələrinin suvarma suyunun təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsi, Ağstafa rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı sərəncamlar imzalayıb. Bu da bir daha göstərir ki, nəzərdə tutulan heç bir sosial infrastruktur layihəsi ixtisar edilməməklə yanaşı, günün tələbi ilə yenilərinin də icrasına qərar verilir. Şübhəsiz, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçiriləcək bu layihələr də vaxtında və uğurla reallaşdırılacaq. Bütün bunlar pandemiya dönəmində belə regionların sosial-iqtisadi inkişafının dövlətimizin qarşıya qoyduğu prioritetlərdən biri olaraq qalmasından bir daha xəbər verir.

Qvami Məhəbbətoğlu,

“İki sahil”