İnkişaf siyasətinin mərkəzində vətəndaşlara layiqli xidmət dayanır

0
536

Bir zamanlar ictimai xidmətlər demək olar ki, ən korrupsiyalaşmış sahələrdən biri idi.  Belə ki, vətəndaşlarımız onlara qanun çərçivəsində təqdim ediləcək adi bir arayış üçün həftələrlə, bəzən aylarla qapı-qapı gəzirdilər, məmurlardan xahiş edirdilər. Bir çox hallarda onlara lazım olan sənədləri rüşvət müqabilində alırdılar. Üstəlik, ictimai xidmətlər sahəsində korrupsiyadan, rüşvətxorluqdan başqa, kobudluq, laqeydlik də adi hala çevrilmişdi. Amma son illər  insanlar ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qurtula biliblər. Şübhəsiz, bu prosesdə icraedici mexanizmləri özündə təkmilləşdirən, ölkəmizin intellektual məhsulu sayılan və Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzlərinin rolu danılmazdır. Bu isə o deməkdir ki, respublikamızda də rüşvətxorluğa qarşı mübarizə sözdə yox, əməldə aparılmaqdadır.

Prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında bir daha bütün bunlar barədə söz açmışdır. Bildirmişdir ki, korrupsiya ilə, rüşvətxorluqla nəinki mübarizə aparmaq, üstəlik, bu sahədə uğur qazanmaq da mümkündür. Çünki artıq “ASAN xidmət”in timsalında görürük ki, burada bu, mümkündür. Ona görə, bu sistem xarakterli institusional tədbirlərlə biz korrupsiyanın, kölgə iqtisadiyyatının meydanını daraldırıq. Şübhəsiz, bütün bunlar dövlətimizin müstəqilliyinin daha da gücləndirilməsinə, dayanıqlığının möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, bu nailiyyətlər vətəndaşlarımız tərəfindən təqdir olunur: “Deyə bilərəm ki, mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənir və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır. Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır. Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq”. Ona görə də ölkəmizin başçısı korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə qalib gələcəyimizi və bu sahədə də nümunəvi ölkələrdən bir olacağımızı əminliklə vurğulamışdır.

Prezident, həmçinin bildirmişdir ki, ancaq bununla yanaşı, inzibati tədbirlər və cəza tədbirləri görülür və görüləcək. Yeri gəlmişkən qeyd edək ki, ümumiyyətlə, son aylar ölkəmizdə  korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndiyinin şahidliyik. Belə ki, göstərilən etimaddan sui-istifadə edən, əhalinin sosial rifahını yaxşılaşdırmağa hesablanmış, aztəminatlı ailələrin payına göz dikmək kimi mənfi əməllər törədən vəzifəli şəxslər tez bir zamanda ifşa edilir, layiqli cəzalarını alırlar.  6 rayonun icra hakimiyyəti başçılarının və ayrı-ayrı nazirliklərin struktur rəhbərlərinin işdən azad edilərək həbs olunmaları bir daha təsdiq edir ki, Prezident İlham Əliyev tərəfindən korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmaqdadır. Bu yerdə cənab Prezidentin bu sözlərini də xatırlatmaq yerinə düşərdi: “Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalı və bunun kökü kəsilməlidir… Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev rayonlara təyin etdiyi yeni icra hakimiyyəti başçılarını qəbulu zamanı da bu kimi fikirləri də tez-tez səsləndirir. Bu isə o deməkdir ki, ölkəmizdə həyata keçirilən inkişaf siyasətinin mərkəzində şəffaflığın təmin olunması, vətəndaşlara layiqli xidmətin göstərilməsi dayanır. Unutmayaq ki, hər bir dövlətin müstəqilliyinin möhkəmliyi, təkcə onun iqtisadi potensialından deyil, həm də şəffaflıq əmsalından asılıdır.

Qvami Məhəbbətoğu, “İki sahil”