Onlar doğma yurdlarına qayıdacaqlar

0
36

Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə qəbul edilmiş Dövlət proqramlarının icrası sayəsində bu kateqoruyadan olan insanların sosial durumu, yaşayış şəraiti gündən-günə yaxşılaşır. Belə ki, indiyədək onlar üçün müasir tələblərə cavab verən 111 qəsəbə və yaşayış kompleksləri inşa edilib. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkədir. Azərbaycanda bu sahəyə göstərilən diqqət nümunəvi xarakter daşıyır, hətta beynəlxalq təşkilatlar da bunu dəfələrlə təsdiqləyiblər. Amma belə fikirlər səsləndirilir ki, bəzi köçkünlər torpaqlar işğaldan azad olunandan sonra özlərinin dogma yurdlarına qayıtmaya bilərlər.

  Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında bu məsələyə tam aydınlıq gətirmişdir: “Belə ki, cənab Prezident həmin tədbirdə qaçqınlara və məcburi köçkünlərə müraciət edərək  bunların onlar üçün müvəqqəti yaşayış yerləri olduğunu vurğulamışdır. Bununla da cənab Prezident torpaqlar işğaldan azad olunandan sonra məcburi köçkünlərin geri qayıtmayacağı ilə bağlı səslənən fikirlərin cəfəngiyat olduğunu bir daha bəyan etmişdir.”

Müsahibimiz, həmçinin qeyd etdi ki, ölkəmiz öz ərazi bütövlüyünü mütləq bərpa edəcəkdir: “2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar ərazimiz işğalçılardan azad edilmədimi? Azad edilmiş və xalqımızın əyilməz ruhunun, iradəsinin təcəssümü sayılan Cocuq Mərcanlıda qısa zaman kəsiyində həyat öz axarına düşmədimi? Yüzlərlə köçkün öz dogma ocağına qayıtmadımı? Cənab Prezidentin də həmin tədbirdə qeyd etdiyi kimi, hətta onlar növbəyə durmuşdular ki, tezliklə öz doğma torpağına qayıtsınlar. İndi orada, sözün həqiqi mənasında, həyat qaynayır. Bütün bunlar faktdır. Bu sözləri işğaldan azad olunan Şıxarx qəsəbəsinə də şamil etmək olar. Yeri gəlmişkən qeyd edək ki, orada da böyük şəhərcik salınıb. Həmin şəhərcikdə 1000-dən çox ailə məskunlaşıb. Bütün bunlar isə o deməkdir ki, digər ərazilərimiz də erməni daşnaklarının işğalından azad edilən kimi həmin məkanlarda şəhərciklər salınacaq, ermənilər tərəfindən dağıdılmıs şəhərlərimiz bərpa olunacaqdır. Şübhəsiz, bir zamanlar yurd-yuvalarından uzaq düşmüş insanlar da yenidən həmin yerlərin sakinləri olacaqlar. Yəni, mən də tam əminliklə deyə bilərəm ki, bütün köçkünlər öz doğma torpaqlarına məmuniyyətlə, özü də xoş ovqatla qayıdacaqlar. Onlar elə bu arzu, yəni yurd həsrəti ilə yaşayırlar. Bu gün onların dilindən tez-tez bu sözləri eşitmək mümkündür: “O gün olsun belə yaşayış kompleksləri Zəngilanda, Kəlbəcərdə, Laçında, bütün Qarabağda tikilsin, qayıdıb gedək yurd-yuvamıza”.

Həmsöhbətimiz daha sonra dedi: “Bir məsələyə də toxunmaq istərdim. Belə ki, bu günlərdə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə keçirdiyi xidməti müşavirədə bildirmişdir ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq. Bəli, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə müasir tələblərə cavab verən elə bir qüdrətli ordu yaradılıb ki, onunla istənilən vəzifəni icra etmək mümkündür. Bütün beynəlxalq təşkilatlar, o cümlədən bütün aparıcı dövlətlər də ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Bu mənada  beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda, iqtisadi üstünlüyümüz torpaqlarımızın azad olunmasında əsas rol oynayacaqdır. Bu mənada əminəm ki, bizim artan iqtisadi potensialımız, hərbi gücümüz və bölgədə artan nüfuzumuz – bütün bu amillər Azərbaycan dövlətinin suverenliyinin tam bərpa olunmasına gətirib çıxaracaqdır.”

Qvami Məhəbbətoğlu,

“İki sahil”