Bəxtiyar Xanızadə: “Uğurlarımda Gəncə Dövlət Dram Teatrının payı 50 faiz təşkil edir”

0
632

Fikrimizcə, teatr və kino aktyoru Bəxtiyar Xanızadə xüsusi təqdimata ehtiyac olmayan sənət adamlarındadır. Odur ki, Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, unikal fenomenin – Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və bədii rəhbərindən ətraflı söz açmırıq. Bu yazıda isə onun Gəncə Dövlət Dram Teatrındakı fəaliyyətinə bir qədər aydınlıq gətirməyə çalışacağıq. Beləliklə, müsahibimiz Bəxtiyar Xanızadədir.

-Bəxtiyar müəllim, siz bir müddət (1978-1981) Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərmisiniz. O illərin həmin sənət ocağını necə xatırlayırsınız?

– Bəri başdan deyim ki, orada çalışdığım ilk gündən mən  Gəncə Dövlət Dram Teatrının (o zaman bu mədəniyyət ocağı  Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı adlanırdı) aktyor kollektivinin yüksək yaradıcılıq həvəsinin şahidi oldum. Belə ki, o illərdə bu teatrın kollektivi, demək olar ki, səhər-axşam üzərlərində çalışardı. İnsafən, kollektiv  üçün yaxş şərait də yaradılmışdı. Bu mənada Gəncə Dövlət Dram Teatrı mənim yaddaşıma yüksək səviyyəli yaradıçılıq ocağı kimi həkk olunub.

-Həmin teatra göndərilməyiniz təsadüfi olub, yoxsa…

-Mən M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirəndən sonra Gəncə Dövlət Dram Teatrına təyinatla göndərilmişdim. Yeri gəlmişkən qeyd edim ki, o illərdə belə bir ənənə vardı.

-O illərdə Gəncə Dövlət Dram Teatrında bir aktyor kimi hansı rolları canlandırmısınız?

-Bu sualınıza bir qədər ətraflı cavab vermək istəyirəm. Mən Gəncədə yataqxanada qalırdım. Odur ki, darıxmamaq üçün elə bütün günümü teatrda keçirər, orada  gedən bütün məşqləri, tamaşaları izləyərdim. İnandırım sizi, orada hazırlanan tamaşalardakı bütün rolların sözlərini demək olar ki, əzbərdən bilirdim. Hətta bəzi aktyorların vacib, daha doğrusu, təxirəsalınmaz işləri olanda mən onları əvəz edərdim. O ki qaldı mənə birbaşa həvalə olunan rollara. Əvvəlcədən onu deyim ki,  onların hər birini  can-başla oynayardım. Konkret tamaşalara gəldikdə isə… Mirzə İbrahimovun “Həyat” əsəri əsasında hazırlanmış eyniadlı tamaşada Zeynal rolunda, bir də Hilal Həsənovun hazırladığı  (səhv etmirəmsə adı “İşgüzar adamlar” idi) tamaşada çıxış etmişəm. Amma Akif Bayramovun “Qaytarılmış məhəbbət” əsəri əsasında gənc rejissor Azər Ələkbərovun hazırladığı ikihissəli lirik psixoloju  tamaşada baş rolu – Vaqif Arzulu rolunu canlandırmışam. Özü də səhv etmirəmsə, həmin tamaşa ilk dəfə 28 mart 1981-ci ildə tamaşaçılara təqdim olunub. Hə, onu da deyim ki, bu tamaşanın premyerasında  “Uzaq sahillərdə” filmindən hamının yaxşı tanıdığı Mehdi Hüseynzadə rolunu canlandıran Nodar Şaşıqoğlu da iştirak etmişdir. Üstəlik, “Kommunist” qəzetinin əməkdaşları da.

-Bəlkə, söhbətinizi həmin teatrın aktyorları barədə xatirələrinizlə davam etdirəsiniz?

-Öncə “Dəli Kür” və digər filmlərdə unudulmaz rollar yaradan Ələddin Abbasovdan söz açmaq istərdim. O, mənim yaddaşıma gənclərə qarşı olan çox həssas münasibəti ilə həkk olunub. O həm də  yaddaşımda xarakterik səs tembri, ifadəli sifət  cizgiləri, cazibəli səhnə görkəmi ilə qalıb. Bu xoş sözləri Məhəmməd Bürcəliyevlə Sədayə Mustafayevanın da ünvanlarına deyə bilərəm.

 Fitri istedada malik aktyor Faiq Qasımovun ifa etdiyi rollara baxmaqdan xüsusi ləzzət alardım. Yeri gəlmişkən, o, “Dəli Domrul”da  Əzrayılı rolunu elə məharələ oynayırdı ki… Mənə elə gəlirdi ki, Faiq Qasımov teatrı dəlicəsinə sevən bir aktyor idi. Gözəl aktrisa Şərqiyə Abbasova da tamaşaçıların sevimlilərindən idi. Demək olar ki, teatrın bütün tamaşalarında rol alan bu xanım Sofoklun “Antiqona”sında Antiqona rolunu elə təqdim edirdi ki, cazibəsindən saatlarla çıxmaq olmurdu. Zülfüqar Baratzadə … Xarakterlər aktyoru idi. O da  təbii oyun estetikası ilə özünə geniş tamaşaçı rəğbəti qazanmışdı. Mən onda Jan Qaben məharəti görürdüm. Bu mənda onun hər roluna heyran qalırdım. Salamullah ismayılov vardı. Onunla dostluq da edərdim. Çox istedadlı aktyor idi. Səhv etmirəmsə, o,  Tofiq İsmayılovun “Bizim küçənin oğlanları” filminə də çəkilib. Özü də Tofiq rolunda… Ancaq titrdə o, Salam İsmayılov kimi təqdim olunub. Vaqif Şərifov kimi bir heyrətamiz rejissor da vardı bu teatrda.

-Səhv etmirəmsə, o illərdə Gəncədə bir poeziya teatrı da vardı. Bəs ora yolunuz düşürdümü?

– Yaxşı yadıma saldınız. Bəri başdan deyim ki, o, “Zərrabi” Nizami Poeziya Teatrı adlanırdı. Özü də açıq havada fəaliyyət göstərən bu teatr Gəncə Dövlət Dram Teatrının nəzdində idi. Səhv etmirəmsə, Nizami Poeziya Teatrı o illərdə Kirovabad Şəhər Partiya Komitəsinin 1-ci katibi vəzifəsində çalışan Həsən Həsənovun istəyi ilə təşkil edilmişdi. Həsən Həsənov, ümumiyyətlə, teatrla çox maraqlanardı və onu hər tamaşada görmək mümkün idi. Onu da deyim ki, “Zərrabi” Nizami Poeziya Teatrında bir qayda olaraq,  Nizami Gəncəvinin əsərləri səhnələşdirilərdi. Teatrın repertuar zənginliyinin təmin olunmasında rejissor Hilal Həsənovun xidmətləri danılmaz idi. Nizam rolunu da əsasən, Gəncə Dövlət Dram Teatrının aktyoru Alim Məmmədov canlandırardı. Mən orada Nizamınin “Xeyir və Şər” əsəri əsasında hazırlanmış tamaşada Şər rolunda çıxış etmişəm.

Hə, bir də səhv etmirəmsə, o illərdə Gəncə Dövlət Dram Teatrının baş rejissoru “Kölgələr sürünür”,  “Koroğlu”, “Əmək və qızılgül”, “Əhməd haradadır” filmlərində ikinci rejissor kimi fəaliyyət göstərmiş Əməkdar incəsənət xadimi Yusif Bağırov olub…

– Yusif müllimlə də birgə işimiz olub. Belə ki, o, “III Ricard”ı səhnələşdirəndə mənə Riçardın qardaşı Henrix obrazını həvalə etmişdi.  Amma həmin tamaşa nədənsə nümayiş olunmadı. Heç səbəbini də bilmədim. Amma onu deyə bilərəm ki, Yusif müəllim çox ciddi rejissor idi. Aktyor oyununu da yaxşı bilirdi. Elə bu səbəbdən də o, aktyorlarla çox gözəl münasibət qururdu.

-Bəxtiyar müəllim, bəs o zamanın Gəncə tamaşaçıları barədə nələr deyə bilərsiniz?

– O illərdə Gəncə Dövlət Teatrının kifayət qədər tamaşaçısı vardı. Mənim nəzərimdə onların hər biri, sözün həqiqi mənasında, teatr xiridarı idi. Özü də hər bir aktyorun öz pərəstişkarları olardı. Tamaşa başa çatandan sonra pərəstişkarları aktyorlarla söhbətləşər, üstəlik,  onları müxtəlif məclislərə dəvət edərdilər. Mən ilk günlərdə Ələddin Abbasovun pərəstişkarlari ilə birgə olardım. Yəni  Ələddin Abbasovu hara dəvət etsəydilər, o məni də özü ilə aparardı. Amma “Qaytarılmış məhəbbət” tamasında baş rolu ifa etdikdən sonra mənim də öz pərəstişkarlarım oldu. Özü də həmin pərəstişkarlarım milis (polis) işçiləri idilər. Bu da səbəbsiz deyildi. Çünki həmin tamaşada mənim oynadığım rol pasport stolun rəisi milis mayoru Vaqif Arzulu idi.

Aktyor kimi ilk addımlarınızı Gəncə Dövlət Dram Teatrında atmısınız. Bir aktyor kimi püxtələşməyinizdə Gəncə Dövlət Dram Teatrının rolunu necə dəyərləndirərsiniz? Yaxud sənət uğurlarınızda bu teatrın əgər belə demək mümkünsə, Gəncə payı nə qədərdir?

-Bu günə kimi həm rejissor, həm aktyor kimi nəsə əldə edə bilmişəmsə, buna görə Gəncə Dövlət Dram Teatrına da borcluyam. O ki, qaldı konkret pay məsələsinə. Deyə bilərəm ki, mənim uğurlarımda Gəncə Dövlət Dram Teatrının payı 50 faiz təşkil edir. Qalan 50 faiz isə Azərbaycanın görkəmli teatr rejissoru, Əməkdar incəsənət xadimi, YUĞ Teatrının banisi Vaqif İbrahimoğlunun payına düşür. Niyə görə? Çünki məhz Gəncə Dövlət Dram Teatrında başa düşdüm ki, teatr nədir. Doğrudur, təhsil aldığım illərdə Akademik Milli Dram Teatrının səhnəsində “Vaqif”, “İnsan” tamaşalarında kütləvi səhnələrdə iştirak etmişdim. Yəni teatrın nə olduğunu bilirdim. Amma mən Gəncədə çalışanda həqiqətən də teatr dünyası ilə nəfəs aldım. Orada həm aktyor oyununun, həm də rejissor işinin sirlərinə daha yaxşı bələd  oldum. Necə deyərlər, orada çalışdığım qısa zaman kəsiyində, əgər belə demək mümkünsə, bir məktəb keçdim. Elə oradan qayıdandan sonra da həmin məktəbdən bəhrələndim.

-“Hər gün evdən çıxanda, həyat yoldaşıma “mən işə gedirəm” demirəm, “kefə gedirəm” deyirəm”. Bu sözlər sizə məxsusdur. Jurnalistlərdən biri də bu sözlərinizə belə bir şərh vermişdi. Bəlkə də, zamanında Bəxtiyar Xanızadə kefə deyil, işə getsəydi, bu gün Azərbaycanda Pantomima Teatrı olmazdı. Belə demək olarmı ki, elə “kefə getməyiniz” Gəncədən başlayım?

 – Məntiqlə belə demək olar. Bir də… mən teatrdan, tamaşalardan ləzzət almışam. Onu da deyim ki, bəziləri bu sözümə gülüb deyirlər ki, tamaşa məgər yeməkdir ki, ondan ləzzət alasan? Mən də onlara deyirəm ki, siz ancaq yeməkdən ləzzət alırsınız? Bu mənada, iş mənim üçün həm də bir ləzzətdir.

-Bir aktyor kimi yetişməyinizdə teatr və kinoda öz imzasını qoymuş tanınmış aktyor Hamlet Xanızadənin rolunu necə dəyərləndirərdiniz?

– Hamlet Xanızadə mənim əmioğlum idi. Allah rəhmət eləsin. Bu suala bir qədər fərqli cavab verməyə çalışacağam. Hərdən deyirlər ki, filankəslər  sonradan fəaliyyət göstərəcək nəsil yetişdirmədilər. Əvvəla, mənim zənnimcə, aktyor yetişdirmək mümkün deyil. Yəni yetişən özü yetişir,  öyrənmək istəyən özü öyrənir. Əgər insan acdırsa, özü tapıb yeyir. Ac deyilsə, güclə boğazına soxmaqla deyil ki.. İndi gəlirəm verdiyiniz suala. Mən Hamlet Xanızadəni mütəmadi izləyərdim. Onun baxışlarını, hər bir hərəkətini yaddaşıma həkk etməyə çalışardım. Ümumiyyətlə, mən ondan həm də bir məktəb kimi bəhrələnmişəm. Çətinliyə düşəndə də o saat Hamleti yada salıram və deyirəm: Hamlet belə edərdi.

Mən onun dolğunluğundan həzz alardım. Məsələn, mən tələbə olanda görkəmli rejisssor Tofiq Kazımovun quruluş verdiyi  “Bəşəri komediya və ya Don Juan”da Xalq artisti Rafael Dadaşov Don Juan obrazında çıxış edirdi. Hamlet Xanızadə isə səhv etmirəmsə, Don Pedronu ifa edirdi. Bilirsiniz də boy baxımından Rafael Hamletdən çox hündür idi. Bu mənada Hamlet Xanızadə onun yanında balaca görünürdü. Amma səhnəyə çıxanda Hamlet Xanızadə sanki böyüyürdü, yəni ondan daha hündür görünürdü. Mən bu barədə çox düşündüm. Axı bu, necə olar bilər? Sonradan anladım ki, aktyorun dünyası, düşüncəsi obrazın içində tam olanda o, səhnədə çox böyük, həm də qüdrətli görünür.

Qvami Məhəbbətoğlu