Fitrə nədir, fidyə nədir?

0
150

Göz yumub-açınca Ramazanın son günlərinə gəldik. Ramazan – Allahın ayıdır və Ay Sahibi buyurur ki, Onu düşünərək bu ayda oruc tutanların mükafatını Özü verəcək.
Ramazan orucuna yeni bir dad qatan başqa bir ibadət də bu aya məxsus olan fitrə sədəqəsidir. Bu sədəqə Ramazanın son günlərində imkansız müsəlmanlara verilir ki, bayram ovqatı onların evində də yaşansın. Fitrə sədəqəsinin ən aşağı miqdarı bir müsəlmanı bir doyura biləcək qədərdir, yuxarısı isə istədiyin və imkanının yetdiyi qədər. Doğrudur, şəriət kitablarında fitrə sədəqəsindən danışılanda bir neçə kilo buğdanın və ya arpanın və ya xurmanın dəyərindən bəhs edilir. Xəsis də özünə sərf elədiyi üçün orada yazılan buğda miqdarını əsas alaraq məsələni 1-2 manatla bitirmək istəyirlər. Amma burada əsas olan bir insanın gündəlik qida rasyonunu təmin etməkdir və ən doğru olan da öz vicdanı ilə hesablaşmaqdır. Adam var, gündəlik yeməyi yüz manat tutur, iki manat fitrə vermək istəyir. Demirik ki, yüz manat versin, amma verdiyi məbləğ QMİ-nin açıqladığı rəqəmdən az olmasın. Onu da vurğulayaq ki, QMİ-nin açıqladığı rəqəm minimum göstəricidir, sən ondan qat-qat artığını da verə bilərsən. Himayəndə neçə nəfər varsa, hamısının fitrəsi verilməlidir. Yeri gəlmişkən deyək ki, fitrəni imkanlılar verər, imkansızın belə bir borcu yoxdur. İmkansız fitrə alar və evində bayram süfrəsi açıb o xoş ovqatı evdəkilərə yaşatmağa çalışar. Firtəni ona görə Ramazanın son günlərində verirlər ki, onu alan evində bir hazırlıq görə bilsin. Ona görə də fitrə verəndə elə zaman seçmək lazımdır ki, onu alan bazara gedib alış-veriş edə bilsin, yəni gec qalmasın.
Fidyə isə oruc tuta bilmədiyin bir gün üçün verilən sədəqədir. Fitrənin miqdarı nə qədərdirsə, fidyənin miqdarı da o qədərdir. Bu da bir növ öz səmimiyyətini, sədaqətini, Allaha bağlı olduğunu göstərmək üçündür. 
 Sadiqlərin ən Sadiqi, ən Böyüyü Allah-Taala Həzrətləridir. O, bizim könlümüzü də bilir, niyyətimizi də və bizə dəyəri də elə niyyətimizə görə verir. Niyyət də duadır axı.
Yetər ki, biz sadiq ola bilək və bütün həyatımızı sədəqə-sədəqə Onun Sonsuz Mərhəmətinə təqdim edək.
Əli Çərkəzoğlu