Molla İslam və onun qızı ilə ailə quran rəncbərin hekayəti

0
276

Yəqin, “Nəbi oba”dakı yeni məhəlləni hər biriniz tanıyırsınız. Bir zamanlar həmin ərazi Molla İslama məxsus olub. Hətta ora bir zamanlar “İslamın bağı” və yaxud “İslamın talası”  adlanardı. Deyilənlərə görə, Molla İslam bu ərazini öz rəncbərləri ilə əkib-becərib. Həmin rəncbərlərdən biri də  də Maarif müəllimin atası Hacı kişi (Əmkişiyev Hacı Ramazan oğlu ) olub. Lakin o, müti rəncbərlərdən olmayıb. Belə ki, Hacı bir çox xüsusiyyətlərinə görə digərlərindən fərqlənib. Hətta sonradan Molla İslamın qızlarından birinə – Sürəyyə xanıma eşq elan edib və onunla ailə qurub. Şübhəsiz, bu izdivacda  Molla İslamın  humanistliyi, xeyir-dua verməsi də önəmli rol oynayıb.

Yeri gəlmişkən, qeyd edək ki, Hacı Əbdürrəhim oğlu Molla İslamın (1875-1944) beş qardaşı olub: Bağış (rəhmətlik Daşdəmir Hacıyevin atası), İbadulla (rəhmətlik Şahbaba mūəllimin atası), Cabar (rəhmətlik Firdovsigilin ana babası), Əmrəmzə kimi tanınan Əmirhəmzə (rəhmətlik Çeşminin atası) və cavan yaşlarında dalaşarkən xəncərlə qətlə yetirilmiş Məhəmməd. Bu nəslin nümayəndəsi Həcc ziyarətində olduğuna görə, onların həyətləri “Hacı parağı” kimi tanınıb. Bədəncə pəhləvan cüssəli, bizim ləhcəmizlə desək, iri-mirilikləri ilə əlaqədar ora “Ayı parağı” da deyiblər.

Molla İslamın 2 oğlu (Nəsir və Həsən), 4 qızı (Nəcabət – Ramazan kişinin anası, Səriyyə – Zahidəgilin anası, Sonayə – Seyidbabagilin anası və Sürəyyə) olub. Yeri gəlmişkən qeyd edək ki, sonradan Molla İslamın evində Həsən kişinin kiçik oğlu  İkram, Cabarın evində rəhmətlik Firdovsinin ailəsi yaşayıb.

Məhbubə Həsən qızı Piriyevanın xatirələrindən: “Kəndimizin axundu kimi tanınan babam Molla İslam 1918-ci ildə Quba qəzasında alpanlıların dəstəsində erməni daşnakalarına qarşı vuruşub. Onu da bildirim ki, ermənilərin kəndimizdə törətdikləri vəhşiliklər onun da evindən yan keçməyib. Belə ki, daşnaklar Molla İslamın evini yandırılıb. Hətta ötən əsrin 80-ci illərinə qədər evin yanğına məruz qalmış pərdiləri qalmaqda idi. Hə, bir də eşitdiklərimə əsasən onu da deyim ki, Molla İslam azan verərkən onun səsi çox uzaqlardan da eşidilərmiş”.

Haşiyə

Mən yuxarıda adları çəkilən köhnə  kişilərdən bir neçəsi ilə həmsöhbət olmuşam. Onlardan bir Əbrəmzə kişi idi. O, bizim evin yaxınlığındakı bağın qaravolu idi. Bilmirəm, bu səbəbdənmi, yoxsa hansısa səbəbdənsə o bağa “Babayın bağı” deyərdilər. Əbrəmzə kişini sadəcə belə təqdim edə bilərəm: o,  Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılan “Qaraca qız” filmindəki Piri babaya (səhv etmirəmsə, bu rola Cabbar Əliyev çəkilib) çox oxşayırdı. Əbrəmzə kişi  həmişə komanın qabağında oturanda Piri babanın çox qəmgin halda Qaraca qızın  məzarı başında əyləşməsi səhnəsi yadıma düşərdi. Qaraca qızın həyatdan erkən getməsi Piri babaya çox ağır gəlirdi və o, bunu daxmasının bülbülünün uçmasına bənzədirdi. Mənə elə gəlirdi ki, Əbrəmzə kişi də  nəyinsə xiffətini çəkir. Amma onun hansı səadət quşunu uçurduğunu deyə bilmərəm.

Molla İslamın inadkarlığı

Molla İslamın (Maarif müəllimin ana babası) çox qəşəng yorğa  bir atı varmış. Molla İslam həmin ata öz mehrini elə salıbmış ki, hətta onsuz olanda özünü pis hiss edərmiş. At da sahibinə elə öyrəşmiş ki, başqa birisi ona minəndə, nə illah eləsə də, yerindən bir addım belə tərpənməzmiş. Onu yerindən yalnız Molla İslamın komandası, yaxud da bir sığalı tərpədə bilərmiş.  Kəndimizin tanınmış bəylərindən olan Bəybala bəyin bu ata ğözü düşürmüş. Amma Molla İslam atı satmaq fikrində olmadığını bildirir, hətta papağın kişilik, atın qeyrət ifadə etdiyini ona xatırladır. Bu da Bəybala bəyin xoşuna gəlmir. Daha doğrusu, Molla İslamın bu inadkarlığını həzm edə bilmir. Odur ki, onu qorxutmağa başlayır. Bu hədəsinin də bir nəticə vermədiyini görən Bəybala bəy əgər belə demək mümkünsə, lap cin atını minir. Bu dəfə o, Molla İslama deyir ki, əgər atı satmasa, oğlu Nəsiri əsgərliyə göndərmək üçün  bütün imkanlarından istifadə edəcək. Buna rəğmən, Molla İslam yenə daşı ətəyindən tökmür. Yəni köhnə kişilərdən olan Molla İslam oğlunun əsgər getməsinə razı olur, ancaq atı satmır.

Buna görə oğlu Nəsir atasından möhkəm inciyir. Hətta orduya gedərkən deyir ki, mən bir daha bu kəndə qayıtmayacağam. Və qayıtmır da… Heç hansı orduda xidmət etməsi barədə də kənddəki qohum-əqrəbasını məlumatlandırmır. Deyilənlərə görə, o, Birinci Dünya müharibəsinin iştirakçısı olub. (Yeri gəlmişkən, bu, nəql etdiyim epizod Sadıq müəllimin həyat yoldaşı Mülayim xanımın yaddaşına  istinadən qələmə alınıb).

Maarif müəllimin xatirələrindən:  “Həmkəndlim Zubayıl Salmanov mənə demişdi ki, hərbi hospitalda (O, 1957-ci ildə Leninqradda (Sankt-Peterburqda) hərbi xidmətdə olub, hərbi hissə: 92427 – Q.M) polkovnik rütbəsində bir zabit onu müayinə edərkən Molla İslamın nəsli ilə  maraqlanıbmış. Həmin zabitin çox dəqiqliklə nəslimizin nümayəndələrini bir-bir soruşmasından Zubayıl kişi şübhələnib və ondan  kimlərdən olduğunu soruşub. Amma həmin adam ona  heç bir söz deməyib. Zubayıl kişi həmin zabitin dayıma, yəni Nəsirə oxşadığını demişdi. Zubayıl kişidən  başqa, digər şəxslər də Nəsiri görüblər. Hətta Mülayim xala eşitdkilərinə əsasən, Nəsirin Xaçmaza gəlməsindən də söz açardı.

Yeri gəlmişkən, dayım oğlu Əhmədağa Hacıyev (Allah rəhmət eləsin) onu çox axtarıb, amma axtarışları bir nəticə verməyib.  Kim bilir, bəlkə də başqa ad və soyadla fəaliyyət göstərib. Molla İslamın Həsən adlı oğlu, daha doğrusu, kiçik dayım isə İkinci Dünya müharibəsindən bir qolunu itirmiş halda qayıdıb”.

Tarixi hadisələrin şahidi olan kişi

İndi də gələk Hacı kişiyə… Hacı kişinin atası Ramazan kişi 7 övlad (Hacı, Mövlud, Əbil (o, erkən yaşlarında rəhmətə gedib) Minbər, Süsən, Gülzaman, Peykər) böyüdüb. Ailənin böyük övladı olan Hacı 1907-ci ildə dünyaya gəlib.

Maarif müəllimin xatirələrindən: “Atam bir neçə tarixi hadisənin şahidi olub. Məsələn, atam kəndimizə basqın etmiş erməni terrorçularından söz düşəndə deyərdi: “Kəndimizin camaatı, o cümlədən atam təşviş içində idi. Kimi meşələrə pənah aparırdı, kimi də qonşu kəndlərə… Bir sözlə, kənd boşalmışdı. Bir neçə ailə qalmışdı ki, onlardan biri də bizim ailə idi. Məsləhətləşmələrdən sonra bizim ailə də iki araba ilə kəndi tərk etməli oldu. Anam arabalara və uşaqlara (onda Əbilin 2, Minbərin 4 yaşı var idi) nəzarət edirdi. Atamla mən isə mal-qaramızın dalınca irəliləyirdik. 3 gündən sonra Qusarın dağ kəndinə – Cibirə birthər gəlib çatdıq və burada cadır qurduq. Anam orada bərk xəstələndi. Xeyirxah insanlar anama, eləcə də kiçik qardaşlarıma evlərində yer verdilər. Bizdən başqa, Həmidəgilın ailəsi də (mərhum Qəribov Cəlal müəllimin anası) Cibirdə alaçıq qurmuşdular. Atam bizi burada qoyub kəndə qayıtmaq istəyəndə ermənilərin kəndimizdən qovulması xəbərini aldı. O gün ailəmizin sevincinin  həddi-hüdudu olmadı. Elə həmin gün də hamımız kəndimizə qayıtdıq. Ancaq dərd, qorxu, soyuq öz işını görmüşdü. Bu olaydan bir qədər keçmiş anam, sonra da kiçik qardaşım vəfat etdi”. Onu da deyim ki, atam Ramazan kişi bunları danışarkən gözləri yaşla dolardı.

Hə, atam şahidi olduğu bir hadisədən də danışardı. Bu, türk əsgərləri ilə bağlı idi: “Məhəllə uşaqları ilə küçədə oynayırdıq. Bacım Süsən Daşlıqdan (indiki avtobus dayanacağından) içməli su gətirirdi. Bu vaxt nizamla düzülmüş türk əsgərləri yuxarı tərəfdən gəlirdilər. Nədənsə hamı qaçıb gizləndi. Mən isə bacım Süsənə tərəf cumdum. Əsgərlərdən biri bacımdan su istədi. Bacım su dolu qabı ona uzadanda bir zabit həmin əsgərə suyu içməyə imkan vermədi. Zabitin niyə belə hərəkət etməsini heç cür anlaya bilmədim. Sonradan öyrəndim ki, sən demə, bu, ordunun nizam-intizama qaydalarından biri imiş”.

Süsən barədə bir neçə kəlmə

Bu sətirlərin müəllifi kimi qeyd etmək istəyirəm ki, Süsən xanım bir müddət məktəbimizdə xadimə kimi fəaliyyət göstərib. Biz ona Süsən kimi deyil, “Ussan” kimi müraciət edərdik. O, mənim yaddaşımda, əgər belə demək mümkünsə, təmizlik xiridarı kimi qalıb. Ussan xala öz təmizkarlığı ilə müəllimlərin, şagirdlərin, eləcə də valideynlərin sevimlisinə çevrilmişdi. O, həmçinin çox mehriban bir xanım idi.

Sovetlərə rəğbət və…

Hə, bir də Hacı kişi atasına istinadən deyərmiş ki, kəndimizdə Sovet hakimiyyətinin qurulmasını çox gec hiss ediblər. Belə ki, yalnız kolxozlar qurulanda, daha doğrusu, mal-qara müsadirə olunanda yeni hökumətin qurulmasından xəbər tutublar. Ancaq həmişə deyərdi ki, Sovet hakimiyyəti yoxsulların, kasıbların hakimiyyətidir. Ramazan kişi xüsusilə o illərdə təhsilə verilən önəmdən çox danışarmış. 

Amma onların xoş günləri çox çəkməyib. İkinci Dünya müharibəsinin ilk günlərində, daha doğrusu, 1939-cu ilin sentyabr ayında Ramazan kişinin yeni ailə qurmuş 27 yaşlı ortancıl oğlu Mövlud ordu sıralarına çağrılıb. Lakin o, 1942-ci ilin aprel ayında itkin düşüb. 1941-ci ildə isə Minbər və Haçı ön cəbhəyə yollanıblar.  Minbər 1945-ci ildə ordu sıralarından tərxis olunub. Daha sonra o, Dərbənd şəhərinə köcüb. Orada ailə qurub, orada yaşayıb, elə orada da dünyasını dəyişib. Hazırda onun 2 oğlu, 3 qızı Dərbənddə yaşayır. Haçı kişi isə…Bu barədə bir qədər ətraflı söz açmaq istərdim.

Hacı kişinin döyüş yolu Mozdokdan başlayıb. Özü də piyada qoşunlarında sıravi əsgər kimi… Onun ən gərgin günləri isə Stalinqrad uğrunda gedən döyüşlərdə olub. Təxminən milyon yarım insanın həlak olduğu  və ya yaralandığı bu döyüşlərdən Hacı kişi sağ-salamat çıxa bilib. Necə deyərlər, onu Allah qoruyub. Amma Polşada gedən döyüşlərdə Haçı kişinin də tərkibində vuruşduğu rotadan cəmi 4 nəfər sağ qalıb ki, onlar da əsir götürülüblər. Və sonradan Hacı kişi bir alman əsiri ilə dəyişdirilib. Amma buna görə kişinin başı çox bəlalar çəkib. Belə ki, o, sənədləri tam yoxlanana kimi Rostov vilayətinin Saxtı şəhərinə göndərilib.  1946-cı ilin aprel ayına qədər orada kömür mədənlərində işləyib. Sonra bəraət alaraq dogma kəndinə – Alpana qayıdıb. Qeyd edək ki, o, bir neçə medala da layiq görülüb.

Üzü Bakıya

Hacı kişi müharibədən qayıtdıqdan sonra kolxozda, daha sonra sovxozda arabaçı, maldar kimi çalışıb. 1965-ci Ildə Bakıya köçərək Bakı Aqreqat İstehsalat Birliyində (BAİB) qəlibçi kimi işə düzəlib (1992-ci ildə Nazirlər Kabinetinin Qərarı ilə BAİB-in adı dəyişdirilərək, “İqlim” Bakı Aviasiya İstehsalat Birliyi (“İqlim” BAİB) olub. 2006-cı ildən “İqlim” Elmi-İstehsal Müəssisəsi kimi Azərbaycan  Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir).

Maarif müəllimin xatirələrindən: Bakıda da atam  haqsızlığa məruz qalıb. Belə ki, atam Nərimanov rayonunda oğlunun evinə qeydiyyata düşmək istəyib. Amma mənzil işlərinə baxan yüksəkvəzifəli bir erməni onu qeydiyyata almaq istəməyib. Hətta atama deyib ki, çıx get kəndinizə… Atam da onun əməlli-başlı dərsini verib. Belə ki, bir zamanlar kəndimizin ermənilərdən çəkdiyi zülmləri gözləri qarşısında canlandıran atam deyib ki, ay köpəkoğlu, əvvəla, bu yer də bizimkidir, odur ki, elə sənin rədd olub öz xarabana getməyin  daha yaxşıdır, həm də məsləhətdir. Onlar arasındakı bu məsələ böyüyüb. Atamı saxlayıblar. Lakin dindirmələr zamanı atamın haqlı olduğu üzə çıxıb.

…Öz işgüzarlığı ilə seçilən Hacı kişi elə həmin müəssisədə işləyə-işləyə mənzil alıb. 1975-ci ildə alman faşizmi üzərində Qələbənin 30 illiyi münasibəti ilə Volqaqradda keçirilən tədbirlərin iştirakçısı olub. Və burada müharibə illərinin acı günlərini xatırlayıb.

4 övlad (2 oğul, 2 qız) sahibi olan Hacı kişi 1982-ci il ildə 75 yaşında dunyasını dəyişib.

Qvami Məhəbbətoğlu (Rəsulov)

P.S. Bu yazının ərsəyə gəlməsində göstərdiyi yardıma görə Hacı kişinin oğlu Maarif müəllimə, eləcə də Həsən kişinin oğlu İkrama və Məhbubə xanımın oğlu Səyyab Piriyevə təşəkkürümi bildirirəm.