Dünyaya yardım əlini uzadan ölkə

0
103

Prezident: Bunu mənəvi borc bilərək etmişik

Dünyanın ağır böhranla üz-üzə olduğu bir zamanda Prezident İlham Əliyev bütün ölkələri əməkdaşlığa, həmrəyliyə çağırdı. Son bir neçə ayda Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə reallaşan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri, həmçinin digər tədbirlər bu prosesdə önəmli rol oynadı. Həmin tədbirlərlə Azərbaycan koronavirus pandemiyası, yaranmış iqtisadi böhranla mübarizədə yeni bir həmrəyliyin və əməkdaşlığın əsasını qoydu. Prezidentimizin təşəbbüsləri üzv dövlətlər tərəfindən, eləcə də dünyanın mötəbər qurumları tərəfindən dəstəkləndi və belə ağır məqamda daha sıx əməkdaşlığın zəruriliyi bir daha vurğulandı. Üstəlik, Azərbaycan bu bəlaya qarşı mübarizədə nümunə göstərən ölkə kimi dəyərləndirildi. Prezident İlham Əliyevin qlobal təşəbbüslərinin nailiyyətləri bu gün də beynəlxalq miqyasda təqdir edilməkdədir.

Belə bir çətin dönəmdə Azərbaycan yalnız çağırışlarla və yaxud öz təcrübəsini bölüşməklə kifayətlənmədi. Belə ki, ölkəmiz regional və qlobal miqyasda pandemiyaya qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verməklə yanaşı, bu mübarizədə ehtiyacı olan  bir sıra dövlətlərə yardımlar da etdu.  Prezident İlham Əliyev mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında bildirmişdir ki, bu günə qədər biz 13 ölkəyə yardım göstərmişik və bu haqda ancaq son vaxtlar danışmağa başlamışıq: “Biz təyyarələrlə yardımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib. Biz bilirik, o ölkələrin maliyyə vəziyyəti imkan vermir ki, onlar lazımi tədbirləri görsün. Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi.”

Yeri gəlmişkən qeyd edək ki, respublikamız Macarıstan, Pakistan, Bosniya və Herseqovina, Tacikistan, Qırğızıstan, Moldova və digər ölkələrə maddi və humanitar yardımlar göstərib. Bütün bunları ölkəmizin koronavirusla mübarizəyə beynəlxalq səviyyədə göstərdiyi mühüm dəstək kimi dəyərləndirmək olar.  Bu addım da dünya ölkələri tərəfindən rəğbətlə qarşılanır. Məsələn, mayın 18-də videokonfrans formatında keçirilən görüşdə  Moldova Respublikasının Prezidenti İqor Dodon yardımlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək demişdir: “Bir neçə gün bundan əvvəl, ötən həftə biz xüsusi təyyarə ilə Sizin göndərdiyiniz yardımı qəbul etdik. Bütün xalqımız adından Sizə təşəkkürümü bildirirəm ki, Bakıdan olan qardaşlarımız bu ağır vəziyyətdə bizə kömək etmək qərarına gəliblər. Bilirəm ki, Sizin ölkədə də pandemiya ilə mübarizə aparılır. Onu da bilirik ki, Siz bunun öhdəsindən layiqincə gəlirsiniz.” Bu yerdə cənab İlham Əliyevin bu sözlərini də xatırlatmaq yerinə düşərdi: “…xarici siyasətdə qarşılıqlı dəstək sözdə yox, əməldə olmalıdır, həmrəylik əməldə olmalıdır.” Digər tərəfdən, ölkəmiz yardım edəndə bunu elə formada edir ki, bu, yardımı alan üçün də məqbul olsun. Bütün bunlar, bizim, necə deyərlər, adət-ənənələrimizə də uyğundur. Yeri gəlmişkən qeyd edək ki, dünyada məsuliyyətli ölkə imicini qazanmış respublikamız öz işini  bu istiqamətdə davam etdirməkdə israrlıdır.

Əlavə edək ki, ölkəmiz üç beynəlxalq təşkilata da yardım göstərib. Həmin təşkilatlardan biri Ümumdünya Səhiyyə Təşkilatıdır ki, respublikamız koronavirusla mübarizə sahəsində tədbirlərin həyata keçirilməsi üçün 10 milyon dollar ianə edib. Bu da  koronavirus pandemiyası ilə mübarizədə daha bir nümunəvi yanaşmanın təzahürüdür. Bu mənada qətiyyətlə deyə bilərik ki, bu gün Azərbaycan bütün dünyada qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olma­sına daha çox diqqət yetirir. Şübhəsiz, bütün bu addımlar ölkəmizin beynəlxalq nüfuzunun və reytinqinin yüksəlməsinə də öz töhfəsini verir.

 Qvami Məhəbbətoğlu, “İki sahil”