Onlar “Könüllülər ili”nin qəhrəmanlarına çevriliblər

0
34

Hazırda respublikamızda əsas diqqət insanların sağlamlığına və ölkənin gözəgörünməz koronavirus bəlasından mümkün qədər az itkilərlə çıxması üçün aparılan mübarizə tədbirlərinə yönəldilib. İctimaiyyətin nümayəndələri, eləcə də müxtəlif qurumlar da bu mübarizədə bacardıqları köməyi əsirgəmirlər. Bütün bu işlərin əsas qayəsi isə dövlətimiz və vətəndaşlarımız üçün çətin olan dönəmdə onların yanında olmaq, Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına həmrəylik nümayiş etdirərək ölkə rəhbərliyinin etimadını doğrultmaqdır. Bu sırada Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin könüllüləri öz fəallıqları ilə daha çox seçilirlər.

Qeyd edək ki, karantin rejimi tətbiq ediləndən bu Mərkəzin respublikamızın demək olar ki, bütün şəhər və rayonlarında fəaliyyət göstərən  yüzlərlə könüllüsü  aztəminatlı ailələrin, ahılların, yaşı 65-dən yuxarı olan tənha insanların qulluğundadır. Mərkəzin könüllülərinin işi  bunlarla məhdudlaşmır. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılmasında, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanmasında, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər. Ona görə də könüllülük fəaliyyəti insanlarımızda böyük rəğbət doğurub.

“Azərbaycan Mübarizləri” Partiyasının sədri Ağadur Müslümov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, ümumbəşəri, həm də milli-mənəvi dəyərləri daim uca tutan xalqımız əsrlər boyu xeyirxahlıq, qayğıkeşlik və mərhəmət kimi ülvi hisslərlə yaşayıb: “Son bir neçə ayda dünyanı qəflətən və qlobal şəkildə bürüyən, yüz minlərlə insanın həyatına son qoyan, iqtisadi böhranı qaçılmaz edən və bəşər övladının gündəlik həyat tərzini alt-üst edən koronavirus  pandemiyası təəssüf ki, ölkəmizdən də yan keçmədi. Amma ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi qabaqlayıcı tədbirlər sayəsində respublikamızda koronavurus pandemiyasının geniş yayılmasının qarşısı alındı. Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamalarında pandemiyanın ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə atılan addımların yüksək qiymətləndirilməsi buna əyani sübutdur.”

Bu prosesə könüllülərin də öz töhfələrini verdiklərini vurğulayan həmsöhbətimiz bu gün ölkəmizdə könüllülər hərəkatının geniş vüsət aldığını və cəmiyyətimiz tərəfindən könüllülərin hər bir təşəbbüsünün yüksək dəyərləndirildiyini bildirdi: “Yüksək təşəbbüskarlıqları ilə fərqlənən, öz enerji və bacarıqlarını xeyirxahlıq naminə səfərbər edən könüllülər elə ilk günlərdən koronavirus pandemiyası ilə mübarizədə dövlət qurumlarına etibarlı yardımçı oldular. Hətta mən deyərdim ki, bu gün könüllülər COVID-19-a qarşı mübarizənin ön sıralarındadırlar. Yəni, onlar koronavirusla mübarizədə həkimlər, digər mühüm sektorlarda çalışanlarla çiyin-çiyinə durublar. Şübhəsiz, hər zaman olduğu kimi, bu gün də dövlətimiz  öz vətəndaşının yanındadır. Lakin bu cür çətin və ağır vəziyyətdə vətəndaş təəssübkeşliyi nümayiş etdirən könüllülərimizin fədakarlığı dövlətin gücünə güc qatmaqdadır. Yeri gəlmişkən qeyd edim ki, ölkə rəhbərinin sədrliyi ilə keçirilən son onlayn müşavirədə də onların nəcib və xeyirxah əməlləri cənab Prezidentimiz tərəfindən yüksək qiymətləndirilib. Üstəlik, dövlət başçısı onlara öz təşəkkürünü bildirib.”

Müsahibimiz daha sonra dedi: “Mənim fikrimcə, bu, xalq-iqtidar birliyinin, vətəndaş-dövlət münasibətlərinin müasir cəmiyyətimizdə yüksək səviyyədə bərqərar olduğunun göstəricisidir. Könüllülərimiz öz fədakarlıqları ilə dövlətə daim dəstək verdiklərini, xalqın yanında, vətəndaşların xidmətində olduqlarını nümayiş etdirirlər. Bununla da onlar “Könüllülər ili”nin qəhrəmanlarına çevriliblər. Zənnimcə, ölkəmiz koronavirus pandemiyası ilə mübarizədə könüllülərimizin əldə etdiyi təcrübəni də dünya ilə bölüşə bilər.”

Qvami Məhəbbətoğlu, “İki sahil”