Nikol Paşinyanın faşizm ideologiyasına sevgisi onun xislətindən irəli gəlir

0
37

Tarixi faktlar göstərir ki, Böyük Vətən müharibəsi illərində faşizm tərəfində döyüşən ermənilərin sayı çox olub. Onlardan biri də “Njde” ləqəbli Qaregin Ter-Arutyunyanla birgə nasistlərlə işbirliyi qurmuş Nikol Vartanoviç Paşinyandır. Qeyd edək ki, o, Ermənistanın baş naziri Nikol Paşinyanın babasıdır. Doğrudur, Ermənistan Müdafiə Nazirliyinin saytında belə bir məlumat yer alıb ki, guya, müharibədə Yenakavan kəndindən Nikol Paşinyan ad-soyadlı iki adam iştirak edib. Amma faktlar onların bu açıqlamasını kölgədə qoyub. Belə ki, sübut olunub ki, özünü “demokrat” kimi qələmə verən baş nazir Nikol Paşinyanın babası Böyük Vətən müharibəsi zamanı “SS” sıralarında xidmət etmişdir. Artıq bu fakt dünya gündəminə çevrilib.

Yeni Zaman Partiyasının sədri Musa Ağayev mövzu ilə bağli “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, açığı mən bu xəbəri eşidəndə əsla təəccüblənmədim: “Çünki belə hallar, ümumiyyətlə, erməni xislətinə xas olan bir şeydir. Elə Ermənistanın baş naziri Nikol Paşinyanın faşizmə qulluq etməsi, faşizmə xidmət edənlərin abidələrinin təəssübünü çəkməsi, heykəllərin qarşısına gül dəstələri düzməsi də onun xislətindən irəli gəlir. Bir sözlə, Ermənistandakı mövcud hakimiyyətin faşizm sevgisinin kökündə elə bu amil dayanır. Bu isə bir daha o deməkdir ki, Ermənistanda bu gün Nikol Paşinyanın simasında genetik səviyyədə totalitarizm, qəddarlıq və faşizm ideologiyası təbliğ edilir. Yeri gəlmişkən, onu da qeyd edim ki, Ermənistanın Nikol Paşinyandan əvvəlki rəhbərlərində də faşist xisləti özünü açıq-aydın büruzə verirdi. Onların xalqımıza qarşı törətdikləri vəhşiliklər, soyqırımlar da dediklərimin sübutudur. Amma onu da bildirim ki, erməni faşizmi alman faşizmi ilə müqayisədə daha dəhşətlidir.”

Müsahibimiz daha sonra dedi: “Nikol Paşinyanın hakimiyyətə gəlməsində də dünya miqyasında faşizmə xidmət edənlərin də xidmətləri olub. Odur ki, o, həm də onların xidmətçisidir. Bu mənada Ermənistan faşizmin yeni ocağıdır desəm, yanılmaram.”

M.Ağayevin fikrincə, Nikol Paşinyanın hakimiyyəti onsuz da möhkəm deyil: “Çünki onun həyata keçirdiyi nə daxili, nə də xarici siyasət sadə erməni xalqı tərəfindən qəbul edilmir. Üstəlik, bu fakt onun durumunu daha da pisləşdirəcək. Odur ki, fikrimcə, Nikol Paşinyanın hakimiyyəti çox çəkməyəcək.”

Qvami Məhəbbətoğlu, “İki sahil”