Qeyri-neft sektoru: Əsas prioritet

0
32

Məlum olduğu kimi, ölkəmizin iqtisadiyyatında neft amili mühüm rol oynayır. Bu mənada koronavirus pandemiyasının təsiri nəticəsində dünya bazarında neftin qiymətinin aşağı düşməsi respublikamız üçün heç də arzuolunan deyil. Lakin bu çətinliyə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir. Ekspertlərin fikrincə, bunun səbəbi hər şeydən əvvəl aparılmış islahatların sayəsində iqtisadiyyatımızın şaxələndirilməsi, eyni zamanda, bu cür ekstremal vəziyyətlərə qarşı immunitetinin mövcud olmasıdır.

Artıq neçə ildir ki, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri olan qeyri-neft sektorunun inkişafı qarşıya prioritet vəzifə kimi qoyulub. “Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir” deyən Prezident İlham Əliyev bu yolla ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığını tədricən aradan qaldırmağa nail olmaqdadır. Artıq bu, bir faktdır ki, son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində bu sektor xeyli tərəqqi edib. Bu isə o deməkdir ki, dünyada baş verən mənfi iqtisadi meyillərə baxmayaraq, ölkəmizin iqtisadiyyatı öz inkişafından qalmır. Hətta bu ilin birinci rübündə qeyri-neft-qaz sektorunda sənaye məhsulları istehsalının həcmi 23 faiz artıb.

Prezident İlham Əliyev bu günlərdə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində bildirmişdir ki, bu, mütləq rekord göstəricidir: “Mənim fikrimcə, pandemiya şəraitində bu rəqəm, əlbəttə, bizim apardığımız işə hörmət doğurur”. Dövlət başçısı mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında vurğulamışdır ki, bu pandemiya həyatımıza müdaxilə edərək bizim planlarımızı pozdu: “…bir çox ölkələrin indi iqtisadi vəziyyəti ağırdır və iqtisadiyyat tənəzzülə uğrayıb, – Azərbaycanda dörd ayın yekunları göstərir ki, iqtisadiyyat az da olsa artıb – 0,2 faiz. Əlbəttə ki, bu, şərti artım sayıla bilər. Amma yenə də hələ ki, düşməyib. O ki qaldı, qeyri-neft sektorunun inkişafına, bu sektorun sənaye artımı 16 faizdən çoxdur. Bu, görülmüş işlərin nəticəsidir.”

Yeri gəlmişkən onu da qeyd edək ki, pandemiya dövründə bu cür müəssisələrin fəaliyyətə başlaması ölkəmizin ixrac potensialının artırılmasına xidmət etməklə yanaşı, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır. Bu isə o deməkdir ki, qeyri-neft sektoruna oriyentasiya bizim əsas prioritetimiz olub və yenə belədir: “Dəfələrlə dediyim kimi, biz neft sektorunu yaddan çıxarmalıyıq. Demək olar ki, bu gün neftin bu qiymətləri ilə postneft dövrü, əslində, başlanıb”.

Şübhəsiz, müasir dövrdə qeyri-neft sektorunun inkişafı daha vacibdir. Odur ki, Prezident bu sahənin daha yüksək templə inkişafında israrlıdır. Özü də bu sektorun inkişafı üçün hər cür şərait də var. Qeyri-neft sektorunda kənd təsərrüfatının xüsusi yeri olduğunu vurğulayan dövlət başçısı həmişə qeyd etmişdir ki, bu sahə həm əhatə dairəsinə, həm də burada çalışanların sayına görə digər sahələrdən fərqlənir. Aqrar sektorun inkişafı ölkənin ümumi inkişafı ilə yanaşı, ərzaq təhlükəsizliyi və məşğulluğun təmin edilməsində də mühüm rol oynayır. Ölkəmizdə bu sektorun inkişafına da hər cür dəstək verilir. Belə ki, kənd təsərrüfatının subsidiyalaşdırılması, vergidən azad edilməsi, texnika və gübrələrin güzəştli şərtlərlə satılması, investisiyalar və ixracın təşviqi, eləcə də digər mexanizmlərdən istifadə bu sahənin inkişafında önəmli rol oynayır. Qeyri-neft sektorundakı artımda nəqliyyat-logistika və informasiya-kommunikasiya texnologiyaları sahələrindəki nailiyyətlər də önəmlidir. Bu artımlara gəldikdə isə cari ilin ilk rübündə yük daşımaları 7,2 faiz, informasiya-kommunikasiya texnologiyaları 18 faiz yüksəlib.

Bütün bunlara rəğmən, koronavirus pandemiyasından bizim iqtisadiyyatımız da zərər çəkir. Bu mənada növbəti rüblərdə bu müsbət dinamikanı saxlamaq asan olmayacaq. Çünki bütün ölkələr kimi, Azərbaycan da pandemiyanın ağır şərtlərini bu gün də yaşayır. Bu barədə ölkə başçısı belə demişdir: “İstisna deyil ki, ikinci rübün yekunları o qədər də ürəkaçan olmayacaq. Ancaq bu, ikinci dərəcəli məsələdir. Birinci dərəcəli məsələ vətəndaşların sağlamlığıdır.” Buradan isə belə anlaşılır ki, vaxtında görülən tədbirlər sayəsində ölkəmizin koronavirus böhranından da minimum itki ilə çıxacağı şübhə doğurmur.

Qvami Məhəbbətoğlu, “İki sahil”