Mədəniyyət Nazirliyində belə halların olması utancvericidir

0
477

“Məlumdur ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə islahatlar həyata keçirilir. Şübhəsiz, bu islahatlar vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasına, eləcə də ölkəmizin inkişafına hesablanıb. Amma bəzi məmurlar öz çirkin əməlləri ilə bu islahatlara kölgə salmağa çalışırlar.”

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib.

Bildirib ki, dövlət başçısı ölkə daxilində keçirilən tədbirlərdə həmişə vurğulayır ki, dövlət qulluqçuları xalqın xidmətçiləri olmalı, vətəndaşların problemləri ilə maraqlanmalıdırlar: “Amma bəzi sabiq icra hakimiyyəti başçıları bu tövsiyədən nəticə çıxarmadılar. Bununla da dövlətə, xalqa xəyanət yolunu tutdular. Nəticədə 5 nəfər icra hakimiyyətinin sabiq başçıları, eləcə də onların buyruqlarını yerinə yetirənlər, həmçinin bir sıra şəhər-qəsəbə icra nümayəndələri həbs olundular. Halbuki elə bu yaxınlarda Prezident İlham Əliyev yeni  Baş prokuroru videoformatda qəbul edərkən bir daha  bildirdi ki, bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Şübhəsiz, koronavirus təhlükəsinə qarşı səfərbər olduğumuz bir vaxtda belələri, daha doğrusu, hətta aztəminatlı ailələrin yardımlarına göz dikənlər  bu bəd əməlləri ilə  xalq-iqtidar birliyini pozmağa və yerlərdə narazılıqlar yaratmağa səy göstərirdilər.

Müsahibimiz daha sonra deyib: “Özü də belə araşdırmalar təkcə icra hakimiyyətlərində aparılmır. Belə ki, bu günlərdə Dövlət Təhlükəsizlik Xidməti  tərəfindən Mədəniyyət Nazirliyində keçirilən xüsusi əməliyyat bu qurumdakı nöqsanları üzə çıxardı. Nəticədə nazir müavini Rafiq Bayramov və nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçildi.  Bu isə onu göstərdi ki, sən demə, Mədəniyyət nazirinin müavini və həmin nazirliyin tabeliyində olan ciddi bir idarənin rəhbəri qanunsuz hərəkətlərlə məşğul olurmuş. Bir sözlə, rüşvət və korrupsiya burada adi hala çevrilibmiş. Sözün düzü, dövlətin siyasətini, daha doğrusu, mədəniyyət sahəsindəki siyasətimizi müəyyənləşdirən bir orqanda belə faktların olması olduqca utancvericidir. Elə bu səbəbdən həmin olay da hiddətlə qarşılandı. Mən elə bu aspektdən çıxış edərək bildirmək istəyirəm ki, bu olaya hüquqi-siyasi qiymət verilməlidir. Fikrimcə, bu məsələdə nazir Əbülfəs Qarayev də cavabdehlik daşıyır. Axı onun bu işlərdən xəbərsiz olması heç də inandırıcı görünmür”.

Müsahibimizin fikrincə, mədəniyyətimizlə bu şəkildə davranmaq yolverilməzdir: “Onların bu əməlləri mənim aləmimdə mədəniyyətimizə əl uzatmaqdır. Unutmayaq ki, mədəniyyət bizim dünənimiz, bugünümüz, eləcə də sabahımızdır. Amma mədəniyyətimizin keşiyində durmalı olan məmurlar xəyanət yolunu seçməklə öz iyrənc əməlləri ilə mədəni sərvətlərimizə böyük zərbə vurublar. Onların belə hərəkətləri isə bağışlanılmazdır. Belələrinə qarşı qanunun ən sərt formada tətbiqi vacibdir. Çünki bu, çox ciddi məsələdir.”

Qvami Məhəbbətoğlu, “İki sahil”