“Allah rizası” dedikdə nə başa düşülür?

0
36

İnsan mahiyyət olaraq sosial varlıqdır. Biz cəmiyyət içində yaşayırıq. Hamımız bir-birimizə möhtacıq. Kiməsə nəsə deyirik, nəsə veririk, əl uzadırıq, yardım edirik; kimdənsə nəsə eşidirik, alırıq, yardım istəyirik, bir şey gözləyirik… Hər zaman təmasdayıq. İnsanlar ünsiyyət qurduqca aralarında münasibət formalaşır. Kiminə hörmət bəsləyirik, kimindən qaçırıq, kiminə xoş görünmək istəyirik, kiminin də haqqımızda nə düşündüyünü eynimizə də almırıq. Münasibətləri qarşı tərəfin davranışına görə qurmaq var, öz əxlaqının tələblərinə görə qurmaq var. Yetkin insan öz əxlaqının tələblərindən qətiyyən dönməz. İnsanın ətraf aləmə münasibətinin təməlində yeganə meyar Allah rizası olmalıdır.
”Allah rizası” dini terminlərdə ən çox işlənən ifadələrdən biridir.
Dini ədəbiyyatda yazılır ki, müsəlmanın bütün əməlləri Allah rizasına uyğun olmalıdır. Demək, Allah rizası bir növ həyatın anlamı, bizim üçün ən ali niyyət olmalıdır. Bir şey verirsənsə, verdiyinin Allah rizasına uyğun olduğuna əmin olaraq verməlisən, əgər Allah rizasına uyğun deyilsə, vermə. Qurani-Kərimdə Allah-Taala bizlərə əmr edir ki, mallarınızı axmaqlara yedirməyin. Bir şey istəyəndə də istəyimizin Allah rizasına uyğun olub-olmadığını bilməliyik, Allah rizasına uyğun deyilsə, istəməməli, almamalıyıq.
Bəzi mənbələr “Allah rizası” ifadəsinin yerinə “Allaha xatir” və ya “Allah xatirinə” yazırlar.
Bəzi mənbələr isə bu ifadəni daha da açaraq “Allah rizasını qazanmaq üçün” şəklində işlədirlər.
Mövzu o qədər həssas, o qədər incədir ki, bir söz deyəndə ifadənin ehtiva elədiyi fikir yükünü mümkün olduğu qədər saxlamağa və ya fikirdən yayınmamağa çalışırsan.
“Riza” sözü “razılıq”la eyni kökdən gəlir, həm də icazə mənasında razılıq yox, məmnunluq, xoşnudluq mənasında razılıq nəzərdə tutulur.
“Allah rizası üçün” deyildiyində də “Allahı məmnun etmək, xoşnud etmək” kimi mənalar ön planda tutulur. Bəndənin Allahı məmnun etməsi isə, heç şübhəsiz, Onun əmrlərini yetirə yetirməklə, yasaqlarından uzaq durmaqla mümkündür.
Səndən çox şey istəyə bilərlər, hər kəs də öz istəyinin önünə “Allah rizası üçün” yapışdıra bilər. Amma sən düşünməlisən, sənin səndən istənən işi yerinə yetirməyin Allahın buyruqlarına uyğundur, ya yox. Əgər uyğun görmürsə, o işi yerinə yetirməyin Allahın əmrlərinə uyğun deyilsə, Allah rizasına uyğun olan seçim ondan imtina etməkdir.
Müsəlmanın bütün əməlləri Allah rizasına uyğun olmalıdır deyildikdə o başa düşülür ki, müsəlman hər addımını Allahın istəyinə, Quranda buyruqlarına uyğun atmalıdır ki, Onu məmnun, xoşnud edə, yəni Onun rizasını qazana bilsin.
Qurani-Kərim bildirir ki, nəfs insanı pis əməllərə, günahlara sövq edər. Ona görə də nəfsin istəklərinə boyun əymək insanı Allah rizasından uzaqlaşdırar.
Bəzən də elə olur ki, “filankəslər nə deyir” düşüncəsini əsas götürürlər. Unutmayaq ki, Allah rizası insanın yetişə biləcəyi ən yüksək məqamdır və o məqama yetişənlərin heç bir dərdi, sıxıntısı olmaz. Çünki əgər Allah səndən razıdırsa, bütün dünya səndən küssün, zərrə qədər zərəri yoxdur; Allah qəbul etsin, bütün dünya rədd etsə də qorxusu yoxdur. İnsanın rızası isə qəbir qapısına qədərdir və Allah istəməzsə, ordan o tərəfə heç bir işə yaramaz.

Əli Çərkəzoğlu