Atasını həbsxanadan çıxarmağa nail olmuş ibtidai sinif müəllimim

0
47

Dünyada nəcib peşələrin sayı çoxdur. Amma aqillərin dediklərinə görə, onların arasında ən müqəddəs, şərəfli peşə müəllimlikdir. Bu da səbəbsiz deyil. Çünki digər peşə sahibləri məhz müəlimlərinin, xüsusən də ilk müəllimləri sayəsində bu və ya digər sənətin sirlərinə yiyələnirlər. Amma mənə elə gəlir ki, hər kəs özünün ibtidai sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrin mərkəzində ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən ilk müəllimi dayanır.

 Bu gün mən onlardan birindən, daha doğrusu, ilk müəllimim olmuş Mövlud müəllimdən söz açmaq istəyirəm. Özü də mübaliğəsiz (təsvir edilən hadisənin, şeyin, vəziyyətin təsirini artırmaq üçün onları qəsdən şişirtməkdən ibarət ədəbi üsul) və təmtəraqsız… Çünki onun belə nəsnələrə əsla ehtiyacı yoxdur. Onu da qeyd edim ki,  ümumiyyətlə, orta məktəbdə mənə dərs demiş bütün müəllimlərimə özümü borclu sayıram. Amma Mövlud müəllimə borcum isə onlarla müqayisədə daha çoxdur.

Uşaq psixologiyasına dərindən bələd olan orta boylu, gülümsər çöhrəli ibtidai sinif müəllimim Mövlud müəllim geniş bilik dairəsinə malik bir şəxs idi. Bu mənada o, ibtidai sinifdə yalnız özünəməxsus təlim metodları ilə hərfləri, rəqəmləri öyrətmirdi, eyni zamanda şagirdlərdə bir çox elmlərin də bünövrəsini qoyurdu. Nə gizlədim, elə mən bir zamanlar Mövlud müəllim kimi ibtidai sinif müəllmi olmaq fikrinə düşmüşdüm. Amma onun kimi ola bilməyəcəyimdən ehtiyatlanaraq, sonradan bu arzumdan vaz keçdim.

Haşiyə

 4-cü sinifdə oxuyurdum. Bir dəfə Mövlud müəllimdən soruşdum:

-Müəllim, niyə məktəbdə əlimizə aldığımız ilk kitab “Əlifba” adlanır? Axı biz birinci olaraq “a” və “n” hərflərini öyrənirik…

Mövlud müəllim:

-Elədir, – dedi. Az sonra dilləndi. – Əslində “Ana dili”olmalıdır. İnşallah, nə vaxtsa, bu yanlışlıq aradan götürülər.

Burada bir məqama da toxunmaq istəyirəm. Belə ki, o zaman bizim sinfimiz əvvəlcə yuxarı məktəbin qarşısındakı yardımçı binada yerləşirdi. Daha sonra isə bir zamanlar poçt kimi istifadə edilən binadakı otaqlardan birində təhsilimizi davam etdirdik. Hər dəfə həmin ərazilərdən yolum düşənda Mövlud müəllim gözlərim qarşısında canlanır.

Qruplar isə bir qayda olaraq, kəndin mərkəzindəki klubun böyründəki bir otaqda təşkil olunardı.

Ata və anası haqqında

Mövlud Hacıyev 1913-cü ildə Hacı Abdülrəhim kişinin ailəsində dünyaya göz açıb. Bəri başdan qeyd edək ki, Hacı Abdülrəhim dövrünün dindar, imanlı şəxslərindən biri  kimi tanınıb. Çox güman ki, oğluna Mövlud adının verməsi də məhz bu amillə bağlıdır. Daha doğrusu, deyilənlərə görə, Mövlud müəllim peyğəmbərimizin döğum günündə dünyaya gəldiyinə görə ona atası belə bir ad veribmiş.

Hacı Abdülrəhimin kəndimizdə torpaq sahələri də olub. Əldə etdiyimiz məlumata əsasən qeyd edək  ki, onun torpaq sahələrindən biri “Rəfillər” məhəlləsi tərəfdə (“Hacırəhimin yerləri”), digər torpaq sahəsi isə kəndimizdən Uzunmeşə istiqamətinə gedən yolun kənarında olub. Həmin əraziyə “Hacının bağları deyərdilər. Bu ərazidə yolçular üçün normal şərait də təşkil olunubmuş. Hətta deyilənlər görə, Alpandan Uzunmeşəyə və digər kəndlərə gedənlər, Uzunmeşədən Alpana, həmçinin Quba şəhərinə gələnlər orada dincələrlərmiş.

Haşiyə

Mövlud müəllimin oğlu Turan müəllimin dediklərindən: “Hacının bağları” deyilən ərazidə babamın su dəyirmanı da olub. Onun digər bir su dəyirmanı isə kəndimizin içində, daha doğrusu, Şərəfəddin müəllimgilin evinin yanındakı pirin yaxınlığında fəaliyyət göstərib.

…Hər gün dualarında Həcc ziyatərinin ona da qismət olmasını Allahdan arzu edən Abdülrəhim kişi az sonra bu niyyətini gerçəkləşdirib və müqəddəs ziyarətdən sonra ailə qurub. (Deyilənlərə görə, Hacı Abdülrəhimin atası da Həcc ziyarətində olubmuş). Elə bu səbəbdən də Mövlud müəllimə “Hacıoğlu” deyə müraciət ediblər. Onların Hacıyev soyadı daşıması da elə bu ziyarətlərlə bağlıdır. Yeri gəlmişkən qeyd edək ki, Mövlud müəllimin digər qardaşlarının soyadı Rəşidovdur. Amma sovet dönəminin təhdidlərinə baxmayaraq, Mövlud müəllim Hacıyev soyadını yaşatmağa nail olub.

Haşiyə

Bir dəfə Mövlud müəllim mənim əlimdə A.Şaiqin “Tülkü həccə gedir” kitabını gördü. Mən də fürsətdən istifadə edib ona  bu əsərlə bağlı sual verdim. Amma baxışlarından, cavablarından hiss etdim ki, bu əsərdə həccin hallandırılması heç də onun ürəyincə deyil. Bu barədə atama şikayətlənəndə o dedi: “Familiyası Hacıyev, atası Həcc ziyarətində olan bu şəxsin belə münasibəti başa düşüləndir. Unutma  ki, sənin müəlliminin  müqəddəs yerlərə baxışı da müqəddəsdir ”.

…Mövlud müəllimin anası Aysənəm xanım təhsil almasa da, sinədəftər olub. O, çoxlu sayda atalar sözləri, rəvayətlər, şeirlər də söyləyərmiş. Hətta deyilənlərə görə, mövzu ətrafında şeirlər söyləməyə daha çox üstünlük verərmiş. Bu ailənin 5 övlad (3 oğul – Hacıbaba, Mirabbas, Mövlud və 2 qız – Camal və Gülsənəm) dünyaya gəlib. Oğlanlarından biri, yəni Hacıbaba İkinci Dünya müharibəsi illərində ordu sıralarına çağrılıb və cəbhədə həlak olub. Mövlud müəllim isə xəstəliyi ilə əlaqədar ordu sıralarına cəlb olunmayıb. Mirabbas kişi isə kəndimizdə müəllim kimi fəaliyyət göstərib.

 1918-ci ildə erməni terrorçularının Alpana basqını zamanı  Hacı Abdülrəhimin də evini yandırılıb. Sovet dövründə təmir edilmiş həmin ev (hazırda Mirabbas müəllimin oğlu Zinyəddin bəyin yaşadığıa ev) isə müsadirə edilərək kəndimizin kasıb ailələrinə verilib. Yeri gəlmişkən, Hacı Abdülrəhim imkanlı şəxs olduğuna görə o illərdə təzyiqlərə məruz qalıb və qolçomaq kimi həbs olunub. Hətta o, Bayıl türməsinə də salınıb. Az sonra isə Mövlud müəllimin fəallığı nəticəsində həbsxanadn  xilas olub.

Lakin sonradan atasına görə  Mövlud müəllimin də başının üstünü qara buludlar alıb. Hətta Mövlud müəllim haqqında yazılmış donoslar əsasında Dövlət Təhlükəsizlik Komitəsi onu sovet hökumətini bəyənməməkdə ittiham etmək istəyib. Lakin Mövlud müəllimi öz məntiqi fikirləri ilə təhlükəni özündən sovurşdura bilib.

Haşiyə

Mövlud müəllimin oğlu Turan müəllimin dediklərindən: “Azərbaycan peşəkar vokal sənətinin banisi, SSRİ Stalin Mükafatı laureatı Bülbül (onun əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədovdur) Azərbaycan SSR Ali Sovetinə deputat seçkiləri ilə əlaqədar kəndimizə gəlib. O zamanın yazılmamış qanunlarına əsasən, kəndimizin camaatı onu qarşılamağa çıxıb. Onların arasında mənim atam da olub. Atam onda izdihamın arasından birtəhər çıxaraq Bülbülə yaxınlaşıb, onun ecazkar səsindən, ifa etdiyi mahnılardan söz açmaqla yanaşı, günahsız həbs edilmiş atası barədə də ona məlumat verib. Elə Bülbülün və digər şəxlərin köməyi ilə də atasının həbsdən azad olunmasına nail olub.

 Fərqlənən şagird…

İlk təhsilini kəndimizdə alan kiçik Mövlud  istedad və bacarığına görə sinif yoldaşlarından fərqlənib. 7-ci sinifi bitirdikdən sonra Qusarın Hil kəndində 6 aylıq pedaqoju kursu başa vurub və müəllim kimi fəaliyyətə başlayıb. Onun ilk iş yeri isə Dəvəçi (indiki Şabran) rayonunun Əmirxanlı kəndi, daha sonra Aygünlü kəndi olub. (Həmin kəndlərdə Mövlud müəllim Mövlan adı ilə tanınıb). O illərdə Mövlud müəllim fəaliyyət göstərdiyi kəndlərdə qadınların savadlanmasına da səylər göstərib. Amma onun bu kimi addımları etirazla qarşılanıb. Odur ki, Mövlud müəllimi hətta ölümlə hədələyənlər də olub.

Haşiyə

Mövlud müəllimin oğlu Abdulrəhimin xatirələrindən: Atam bir dəfə belə bir söhbət etmişdi: “Dəvəçidə, Əmirxanlı kəndində bir qaçaq izlənilirmiş. Təəssüf ki, adını unutmuşam. Hökumət nümayəndələri həmin qaçağın yerini öyrənib onu həbs etmək istəyirmişlər. Atam kirayənişin qaldığı evin sahibinin köməyi ilə həmin qaçaqla görüşür və bununla da onun aradan çıxmasına vəsilə olur. Bu hadisədən 2-3 il sonra bir gecə atamı axundun evinə dəvət edirlər. Atam içəri girəndə görür ki, orada çoxlu adam var, onlardan biri də atamın aradan çıxardığı qaçaqdır. Qaçaq da atamı  görən kimi ayağa qalxıb və deyib ki, mənim həyatda qalmağımın əsas səbəbkarı bu komsomolçu müəllimdir”.

…Təxminən 20 yaşında Məsmə adlı xanımla (o, Həmdulla müəllimin atası Xəmməd kişinin bacısı olub) ailə quran Mövlud müəllim öz həyat yoldaşının da əgər belə demək mümkünsə, ibtidai sinif müəllimi olub. Belə ki, ailə qurduqdan sonra Mövlud müəllim öz həyat yoldaşına oxumaq və yazmağı da öyrədib.

1951-ci ildə Quba Pedaqoju Müəllimlər İnstitutunu bitirən Mövlud müəllim öz işinə daha çox bağlanıb. Və ömrünün sonuna kimi ibtidai sinif müəllimi kimi fəaliyyət göstərib. 60 il müəllimlik edən Mövlud müəllim  1992-ci ildə dünyasını dəyişib.

Qeyd edək ki, Mövlud müəllimin  6 övladı (4 oğul, 2 qız) olub. Mövlud müəllimin 1939-cu il təvəllüdlü oğlu Balaşirin Azərbaycan Sığorta Agentliyində, Azərbaycan Statistika Komitəsində və Azərbaycan Meyvə-Tərəvəz Birliyində mühasib vəzifəsində çalışıb. O, 68 yaşında dünyasını dəyişib. İkinci oğlu Vaqif (1943) müxtəlif sahələrdə işləyib. Hazırda təqaüddədir. Kiçik oğlu Turan kəndimizin məktəbində biologiya müəllimi, daha sonra bələdiyyə sədri kimi fəaliyyət göstərib.  Hazırda təqaüddədir. Quba şəhər Tibb Texnikumunu bitərən qızı İzzət xanım (1937) uzun müdddət Alpan kənd xəstəxanasında tibb bacısı kimi çalışıb. İkinci qızı Firəngiz xanım (1948) isə evdar qadındır.

İbrahimin adı Abdulrəhim imiş

Mövlud müəllimin üçüncü oğlu Abdulrəhim (1946) haqqında isə bir qədər ətraflı söz açmaq istəyirəm. Bəri başdan qeyd edim ki, o, kəndimizdə İbrahim adı ilə tanınır. Ona babası Abdulrəhim kişinin adı verilib. Lakin nənəsi hörmət əlaməti olaraq Abdulrəhim adının hər yerdə hallanmaması üçün onu “İbrahim” deyə çağırıb. Odur ki, elə bu adla da hamı ona müraciət edib. Yalnız kənd orta məktəbini bitirəndə, yəni kamal attestat veriləndə ondan doğum şəhadətnaməsi tələb olunub. Məhz onda biliblər ki, onun əsl adı Abdulrəhim imiş.

Qeyd edək ki, uzun müddət Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyi aparatında çalışan Abdulrəhim Haçıyevin əməyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. Belə ki, o, 1980-ci ildə “Əməkdə fərqlənməyə görə” medalına,  2008-ci ildə “Tərəqqi” medalına, 2012-ci ildə “Əməkdar mühəndis” fəxri adına, 2017-ci ildə isə Prezidentin fərdi  təqaüdünə layiq görülüb.

Haşiyə

 Mövlud müəllimin oğlu Turan müəllimin dediklərindən: “Atam, həmçinin şeir, mahnı həvəskarı olub. Elə bu xüsusiyyəti də tanınmış bəstəkar, Xalq artisti Səid Rüstəmovun gözündən yayınmayıb. Belə ki, o, kəndimizə deputatlığa namizəd kimi gələrkən Alpan kəndə seçki dairəsinin katibi  vəzifəsində (Mövlud müəllim uzun müddət Azərbaycan SSR Ali Sovetinə və yerli sovetlərə keçirilən seçkilərdə bu vəzifədə fəaliyyət göstərib) çalışan atamla yaxından tanış olub. Sonradan isə bu tanışlıq dostluğa çevrilib. Hətta Səid Rüstəmovun yolu hər dəfə rayona düşəndə bizim evimizdə qalardı. Bir dəfə atam və mən Səid müəllimlə Bakıda qarşılaşdıq. O, hal-əhval soruşandan sonra məni göstərərək atama dedi: Bu uşağı bir musiqi məktəbinə qoysana… Qoy tar çalmağı öyrənsin”. Qeyd edim ki, Səid Rüstəmov həm də  tarla bağlı bir neçə kitabın müəllifidir. Hə, bir dəfə də atam Bakının “Torqovı” deyilən ərazisində tanınmış aktyor,  Xalq artisit Mikayıl Mirzə ilə  qarşılaşır. Ona bir şeir deyir. Həmin şeir Mikayılı ovsunlayır. O da başlayır, elə küçənin ortasında şeirlər deməyə… Rəhmətlik atam bu epizodu elə maraqla nəql edərdi ki…”

Mövlud müəllimin oğlu Abdulrəhimin xatirələrindən: “Atam ümumiyyətlə qonaqpərvər insan olub.  Tanınmış sənət adamları -Şövkət Ələkbərova, Gülağa Məmmədov, Əbülfət Əliyev kəndimizdə konsert verməyə gələndə atamın dəvəti ilə bizə təşrif buyurublar. Atam onların şərəfinə süfrələr açıb. Hə, sizə bir maraqlı məlumat da verim. Atam nəql edərdi ki, onun Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən və ictimai, ədəbi-mədəni fikir tariximizin tanınmış simalarından biri olan Mikayıl Rəfili ilə müəyyən münasibəti olub. Belə ki, Mikayıl Rəfili “Midiya dövləti” əsəri üzərində işləyərkən kəndimizdəki Qələcuq deyilən ərazisi ilə də maraqlanıb və orada müəyyən tədqiqatlar aparıb. Bu işdə Mövlud müəllim ona yaxından kömək edib.  Ümumiyyətlə, atam kəndimizin tarixi ilə bağlı digər maraqlı məlumatlara da malik idi.

Haşiyə

Bu yerdə Mövlud müəllimlə bağlı daha bir xatirəmi də bölüşmək istərdim. Mövlud müəllim “zapiska” yazıb onu Məsmə xanıma çatdırmağı hərdən mənə tapşırardı.  Nədənsə növbəti dəfə bu tapşırığı alanda maraq mənə güc gəldi və bir xəlvətə çəkilib həmin “zapiska”da yazılanları oxumağa çalışdım. Amma onu açan kimi bağlamalı oldum. Çünki orada mənim başa düşmədiyim əlifba ilə nələrsə yazılmışdı.

…Mövlud müəllimin arxivi ilə maraqlanarkən orada onun öz xətti ilə yazdığı  iki vərəq diqqətimi cəlb etdi. Həmin vərəqlərin birində ərəb, digərində isə ərəb qrafikası əsasında tərtib edilmiş Azərbaycan əlifbası ilə yazılmış məlumatlar həkk olunub. Bütün bunlar isə o deməkdir ki, Mövlud müəllim həm də ərəbcə yazıb oxumağı bacaran bir müəllim olub. Oğlu Turanın sözlərinə görə, o hətta bir müddət kənddə mollalıq da edib.

Son

Tanınmış rus ədibi Maksim Qorkinin belə bir kəlamı var:Məndə olan bütün müsbət cəhətlərə görə kitaba borcluyam“. Mən isə bu kəlama belə bir dəyişiklik etmək istərdim: “Məndə olan bütün müsbət cəhətlərə görə ibtidai sinif müəllimimə – Mövlud müəllimə borcluyam”.

Qvami Məhəbbətoğlu (Rəsulov)

P.S. Yazının ərsəyə gəlməsində göstərdikləri mənəvi yardıma görə Mövlud müəllimin oğanları Abdulrəhim müəllim və Turan müəllimə  təşəkkür edirəm.