Prezident Sərəncamları: Xüsusi diqqət və qayğının təzahürü

0
103

Xəbər verildiyi kimi, aprelin 24-də Prezident İlham Əliyev “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında”, mayın 1-də isə “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında Sərəncamlar imzalayıb.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, yardımla bağlı Sərəncam  ümumilikdə 7600 nəfərə şamil olunacaq. Onlardan 264-ü İkinci Dünya müharibəsinin iştirakçısı, qalanı İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş və sənəddə nəzərdə tutulan digər müvafiq şəxslərdir. Sənədə əsasən, İkinci Dünya müharibəsinin iştirakçılarına 1500 manat, o birilərinə isə 750 manat birdəfəlik  maddi yardım göstəriləcək.

 İkinci Dünya müharibəsi iştirakçısı, 99 yaşlı Mingəçevir şəhər sakini Baba Əliyev mövzu ilə bağlı açıqlmasında Sərəncamları bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının növbəti təzahürü kimi dəyərləndirdi: “İkinci Dünya müharibəsi iştirakçılarına və digər şəxslərə hər il Qələbə günü ərəfəsində verilən birdəfəlik maddi yardımın məbləği də mütəmadi artırılır. Bu istiqamətdə növbəti artım kimi, ötən ilki illə müqayisədə hazırda həmin şəxslər üçün nəzərdə tutulan birdəfəlik yardımın məbləği də 50 faiz artırılıb. “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında Sərəncama gəldiksə isə bu da önəmlidir. Həmin medalı da fəxrlə sinəmdə gəzdirəcəyəm”.

Bütün bunlara görə cənab Prezidentə təşəkkürünü bildirən müsahibmiz daha sonra  vurğuladı ki, bütün dünyanı vahiməyə salan koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısını almaq məqsədi ilə genişmiqyaslı tədbirlər həyata keçirən, vətəndaşlarımızın sağlamlığının qorunması, eləcə də onların sosial rifahının yaxşılaşdırılması istiqamətində, mən deyərdim ki, tarixi addımlar atan dövlət başçımızın belə bir vəziyyətdə bizi nəzərdən qaçırmaması həqiqətən də çox təqdirə layiqdir: “Yeri gəlmişkən onu da bildirim ki, dövlət başçısının həmişə olduğu kimi, bu çətin günlərdə də ölkəmiz və xalqımız üçün göstərdiyi fədakarlığı mən də  minnətdarlıq hissi ilə qarşılayıram”.

B. Əliyev, həmçinin bildirdi ki, hazırda səhhəti də yaxşıdır: “Heç bir problemim yoxdur. Sağ olsun, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov. Başçı demək olar ki, hər ay mənə öz evimdə baş çəkir. Üstəlik, mənə deyib ki, Baba kişi, sənin 100 illiyini də şəhər səviyyəsində qeyd edəcəyik. Şübhəsiz, həm Prezidenitin qayğısı, həm də başçımızın bu kimi addımları məni çox sevindirir”. Müsahibimiz hazırda erməni terrorçularının işğalında olan torpaqlarımızın da tezliklə azad olunacağını əminliklə söylədi: “İnanıram  ki, gün gələcək, xalqımız həmin qələbəni də qeyd edəcək”.

Müharibə veteranı bir acı həqiqəti də bizimlə bölüşdü: “Faşizm üzərində qələbənin yaşı artdıqca bu qələbədə payı olan Mingəçevirin İkinci Dünya müharibəsinin iştirakçılarının   da sıraları seyrəlir. Mingəçevirdə 800 Vətən Müharibəsi iştirakçısı var idi. Bu gün onlardan cəmi iki nəfər sağdır”.

Qeyd edək ki, 1921-ci ildə Ağdaş rayonunda anadan olan və 21 yaşında cəbhəyə yollanan Baba Əliyev Qafqazdan Yuqoslaviyayadək döyüş yolu keçən və qələbəni Belqradda qeyd edən müharibə veteranıdır.

Qvami Məhəbbətoğlu