Bizim borcumuz Prezidenti korrupsiyya qarşı mübarizədə dəstəkləməkdir

0
39

Partiya sədri: Onların əməllərinə  dövlətçiliyə və xalqa xəyanətdən başqa ad vermək mümkün deyil

Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov: “Cənab Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır.

Bu məmurlar dünyanı bürüyən COVID-19 pandemiyasından Azərbaycanın minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər ediblər. Onların bu əməllərinə  dövlətçiliyə və xalqa xəyanətdən başqa ad vermək mümkün deyil. Halbuki dövlət başçısı onları vəzifəyə təyin edərkən tapşırmışdı ki, get, təmiz işlə, rüşvət alma, vətəndaşlara kobudluq göstərmə, təkəbbürlü olma, insanlara dayaq ol, arxa ol, kəndləri gəz, bütün vətəndaşlarla ünsiyyətdə ol! Amma onlar nə etdilər? Hətta vətəndaşlarımızın çörək pullarına belə göz dikdilər. Şübhəsiz, onlar bu əməllərinə görə öz layiqli cəzalarını alacaqlar. Mən şəxsən əminəm ki, cənab Prezident dövlət strukturlarında mənəvi təmizliyi, şəffaflığı təmin etməkdə qətiyyətlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, heç kim qanundan üstün deyil və əgər kimsə fikirləşirsə ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları kömək edəcəklər, səhv edir.

Bizim  borcumuz Prezidenti korrupsiyya qarşı mübarizədə dəstəkləməkdir

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov: Təəssüf ki, bu gün  cənab Prezident İlham Əliyevin xəbərdarlıqlarından nəticə çıxarmayan, onlara göstərilmiş etimaddan öz maraqları üçün sui-istifadə edən məmurlara hələ də rast gəlinir. Onlardan biri də İmişli Rayon İcra Hakimiyyətinin sabiq  başçısı Vilyam Hacıyevdir ki, o da artıq həbs olunub. Bəli, bu həbs bir daha göstərdi ki, cənab Prezident  İlham Əliyev  korrupsiyaya qarşı mübarizədə israrlıdır.

Onu da qeyd etmək istəyirəm ki, həbs olunanların arasında dövlət tərəfindən müxtəlif təltiflərə layiq görülənlər də var. Bu   isə o deməkdir ki, bu məsələdə cənab Prezident İlham Əliyev hər kəsə qarşı amansız mübarizə aparır. Şübhəsiz, bu kimi işlərdə müqavimət göstərənlər də olacaq. Bu məsələdə bizim yeganə borcumuz  cənab Prezidentin yanında olmaq və korrupsiyya qarşı mübarizədə ona hər cür dəstək göstərməkdir.

Fikrimi isə cənab Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən dediyi bu sözlərlə tamamlamaq istərdim:  “Digər vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir. Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin”.

Qvami Məhəbbətoğlu, “İki sahil”