“Şərəfli bir ömür qoyub o kənddə…”

0
46

                                            

      Vahid Tumaslı… Kimdir bu insan… Onu tanıyırdımmı?… Aramızda bir yaxınlıq olubdumu?.. Çox təəssüflər olsun ki, əlbəttə yox…Bəs onu hardan tanıyıram? Ürəklə deyə bilərəm ki, mən bu insanı hər şeydən öncə, yazıçı-publisist dostum  Nazir Çərkəzoğlunun tərtib etdiyi “Vahid Tumaslı dünyası” və eyni zamanda, qələmə aldığı “Gözləyəsi kimim var?!” publisistik kitabından tanımışam və sevmişəm. Kim olub Vahid Tumaslı? Savadlı müəllim, gözəl pedaqoq, istedadlı ziyalı, səmimi insan və  üstəgəl qəlbi Vətən eşqilə çırpınan böyük dünyagörüşə malik söz adamı olan bir şair… Füsunkar təbiəti olan Cəbrayıl rayonunun Dağtumas kəndinin ilahi gözəllikləri qoynunda doğulan Vahid Tumaslının (1955-2007) müəllimliyi, pedaqoqluğu haqqında tam, doğru-dürüst bir fikir söyləməkdə çətinlik çəksəm də, digər keyfiyyətləri haqqında çəkinmədən söz deyə bilərəm. Çünki hər hansı bir şairi yaxından tanımaq üçün onun iç dünyasına baş vurmaq, şeirlərini oxumaq məncə yetərlidir, kifayətdir.

      Mən də bir yazar, bir söz vurğunu, bir şeir pərəstişkarı  kimi, onun şeirlərini sevə-sevə oxuduqca könül dünyasına səyahət etdikcə, qəlbinin dərinliklərinin dərinliyinə endikcə Vahid Tumaslını bir az da artıq, daha da dərindən tanıdım.Təkcə tanıdımmı?.. Xeyr,  həm də sevdim bir söz xiridarı, qələm adamı kimi…

                                                 Sərt qayalar dayanıbdı üz-üzə,

                                                 Şəlalələr zirvələrdən asılıb.

                                                 Göy üzündə gürşad tutub buludlar,

                                                 Qorxusundan sular daşa qısılıb.

                                                 Göy gurlayır, yoxsa yerə  əl çalır,

                                                 Qulağımda uğuldayan cəngidi.

                                                 Sellər çıxıb dərələrdə savaşa,

                                                 Düzə çatdı, nəfəsim də təngidi.

      Vahid Tumaslı doğulduğu Cəbrayıl rayonunun və beşiyində uyuduğu Dağtumas kəndinin təbiətinə – dağlarına, dərələrinə, bulaqlarına, çaylarına vurğun kəsilən bir insan olub və şeirlərində də bir şair kimi, öz hissələrini və duyğularını sevə-sevə vəsf edir.

                                                 Zümzüməli bulaqların

                                                 Nəğməsilə boy atmışam.

                                                 Səhər-səhər qartalları

                                                 Zirvələrdən oyatmışam.

                                                 Düzlərindən yovşan ətri,

                                                 Dağlarından güc almışam.

                                                 Bu torpağın qüdrətiylə

                                                 Boy atmışam, ucalmışam.

     Şair qardaşımın qoynunda doğulduğu, böyüdüyü təbiəti, bu təbiətin gözəlliklərini böyük bir sevgi ilə əks etdirməsi, bu təbiətdən ilham alması necə də doğaldır. Axı Vahid Tumaslı uşaqlıq və gənclik illərində o dağları, dərələri gəzə-gəzə, o buz bulaqların sularını bir ana südü kimi əmə – əmə paklaşmış durulaşmış və bu paklığın, bu duruluğun boyasını da şeirlərində verə bilmişdir.

                                                Göz oxşayan bir gözəlsən,

                                                Dünyaya əzəl, sən əzəlsən?..

                                                Gözəllikdə gözə gəlsən,

                                                Üzərriyin saxlar səni,

                                                Dağlar səni, dağlar səni.

       Ətəyində quzu otardığı, sürü qovaladığı Tumas dağına olan ülvi sevgisini, pərəstişini Vahid müəllim şeirlərində dönə-dönə verir və bu dağın poetik obrazını gözlərimiz önündə ustalıqla yarada bilir.

                                              Yanağından damla-damla süzüldüm,

                                              Ətəyində selə döndüm dağların.

       Bu şairin şeir dünyasına bir qəvvas kimi baş vurduqca onun dilinin həzinliyi, şirinliyi gözlərimizin önündə əlvan boyalarla öz əksini tapır.

                                              Sevgilim baxışın gülsün gül kimi,

                                              Gələndə nə cehiz, nə paltar gətir.

                                              Müjdəylə qayıdan qaranquş kimi,

                                              Bənövşə qoxulu ilk bahar gətir.

                                              Yenə çiçək açıb alça, iydə, nar,

                                              Yenə qatar-qatar gəlir durnalar.

                                              Düzə nəğmə qoşar dalğalı sular,

                                              Lalələr dönübdür közə, hardasan?..

     Vahid Tumaslının hansı şeirinə nəzər yetirsən, incələşən arada yeni bir ab- hava, yeni nəfəs duyursan və bununla da könlünü yerindən oynada, ruhunu doyura bilirsən.

                                              Hər ötənə şeir yazan, a şair,

                                              Ala gözə, al yanağa, telə yaz.

                                              Danışanda bal süzülən dodağa,

                                              Hər kəlməyə şəkər qatan dilə yaz.

                                              Sinə dəniz, Vahid naşı, üz görüm,

                                              Üzü qoysa, üzün üstə, üz görüm.

                                              Belə işvə, belə qəmzə, naz görüm,

                                              Canım alan beli incəbelə yaz.

     Bu yazar qardaşım “Qoymadılar” şeirində isə tamamilə ayrı bir mövzuya müraciət edir, yaradıcılıq yolunun daşlı-kəsəkli dövründə onun qarşısına çəpər çəkmək istəyənlərə qarşı üsyan edir.

                                              Ömrümün yaz vaxtı, kefin saz vaxtı,

                                              O nazlı ceyranın hələ qız vaxtı,

                                              Bu əyri dünyanın, qardaş, düz vaxtı,

                                              Məni qoymadılar şair olmağa.

                                              Oğlağa, quzuya yolladı dədəm,

                                              Arxamca əlini yellədi dədəm,

                                              Dalımca selbə də tulladı dədəm,

                                              Məni qoymadılar şair olmağa.

     Allah səni qəni-qəni rəhmət eyləsin, ay ustad! Bu hər bir yazarın yaşadığı ağrı -acıdı…Bunu hansı yaşda oluruqsa-olaq, yenə də yaşamaqdayıq. Müstəqillik dövründə, qonarar olmadığı bir dövrdə isə bu ağrıları şair və yazıçılarımız daha çox yaşamaqdadır.

    Şair olmağa qoymadıqları şair isə baxın, görün, sözə necə qiymət verir.

                                            Şair var, kitabı ölüm üstədi,

                                            Şair var, misrası dən-dən göyərir.

                                            Şair var, qələmi, sözü xəstədi,

                                            Şair var, kədəri dünyanı əyir.

     Vahid Tumaslı hələ tələbəlik illərindən, yaradıcılığının ilkin çağlarından başlamış son nəfəsinə qədər şeirləri ilə könülləri fəth edə, ovsunlaya bilmişdir ki, bu da onun poeziyaya verdiyi dəyərin yüksəkliyindən soraq verir.

                                           Heyf keçən ömrümüzdən,

                                           Yalan imiş, yalan imiş.

                                           Sevgimizdən həsrət bizə

                                           Qalan imiş, qalan imiş…

     Şair şeirlərində dünyanın ağrılarını, acılarını hər rəngi, çaları ilə birgə dilə gətirməklə, qələmə almaqla bərabər, həyat haqqında, dünya haqqında fəlsəfi fikirlərini, düşüncələrini əks etdirməyi unutmur.

                                         Kiminə axşamdı, kiminə səhər,

                                         Kiminə şəkərdi, kiminə zəhər.

                                         Kiminə palandı, kiminə yəhər,

                                         Neçə min ildir ki, dünya yol gedir.

                                         Əvvəli bilinmir, sonu bilinmir,

                                         Yöndəmi bilinmir, yönü bilinmir.

                                         Uzunu bilinmir, eni bilinmir,

                                         Neçə min ildir ki, dünya yol gedir.

                                          İsməti, abırı, həyası – belə…

                                          Urvası, xəmiri, mayası – belə…

                                          Ona inananın anası – belə….

                                          Neçə min ildir ki, dünya yol gedir.

      V.Tumaslının yaradıcılığını iki dövrə bölmək olar: 90- cı ilə qədərki dövr və 90-cı ildən sonrakı dövr. Əgər onun yaradıcılığının birinci dövründə ruhən Mikayıl Müşfiqə, Nüsrət Kəsəmənliyə yaxınlıq duyulursa,  yaradacılığının ikinci dövründə isə ustad xalq şairimiz Xəlil Rza Ulutürkün üsyankar nəfəsi, hayqırtısı duyulur. Şair qələmini süngüyə çevirərək əksər yazarlarımız kimi qarı düşmənə qarşı mübarizəyə başlayır.

                                         Kürsülərə sinə gərib bağıranlar,

                                         Bu milləti həmrəyliyə çağıranlar.

                                        Çağır gəlsin igidləri dəstə-dəstə,

                                        Qılınc çəkib, hücum edək düşmən üstə.

                                        Azadlıq, ya da ölüm – son nəfəsdi,

                                        Məhlə-məhlə, tayfa-tayfa

                                        parçalandıq daha bəsdi…

     O, bir vəndaş – şair kimi milli ruha köklənir. Keçmiş sovetlər birliyinin Azərbaycanın başına gətirdiyi acınacaqlı oyunlara qarşı xalqı səfərbər olmağa səsləyir. Bir şair, bir ziyalı, bir vətandaş kimi xalqın nicatını Xalq hərəkatında görür. Qədim Azərbaycan torpaqlarından-Göyçədən, Dərələyəzdən, Vedibasardan,  Zəngəzurdan,  İrəvandan Vətən övladlarının erməni vandalları tərəfindən qovulması, Qarabağın başına gətirilən oyunlar,  Xocalı faciəsi şairin qəlbində dərin yara buraxır.

                                       Şəhid qanı al bayrağım,

                                       Sinəm üstə çarpaz dağım.

                                       Yaralıdı Qarabağım,

                                       Ağlama, anam, ağlama!

      Xocalı qətliyamından sonra qısa bir zaman ərzində Şuşanın və Laçının erməni qəsbkarları tərəfindən işğalı şairin qəlbindəki yaraları daha da dərinləşdirir, fəryadını göylərə yüksəldir.

                                      Şuşa tək alınan qalası qaldı,

                                      Girov məzarlarda balası qaldı.

                                      Deməyə yarımçıq laylası qaldı,

                                      Anamı təsəlli ovutmur daha.

       Kəlbəcər rayonunun da çox keçmədən ermənilər tərəfindən işğalı onun dərdlərinin üstünə bir dərd də qoyur. Qaysaq bağlamayan yaralarının göynərtilərini bir az da dərinləşdirir.

                                     Talanıbdı Kəlbəcəri, Göyçəsi,

                                     Kəsilibdi çoban səsi, ney səsi.

                                     Boynu bükük bənövşəsi, laləsi,

                                     Quruyub gözünün yaşı dağların.

      Qələbənin astanasında – Xankəndinin doqquz kilometrliyində dayanan qoşunlarımızın uğurları şairi nə qədər sevindirirdisə, ruhunu göylərdə uçururdusa, daxildəki hakimiyyət çəkişmələrinin nəticəsində bir neçə ayda altı rayonun – sakini olduğu Cəbrayıl rayonunun da yağıya verilməsi və doğma yurd – yuvalarından didərgin düşmələri şairin həyatını, iç dünyasını tamamilə alt-üst etmiş oldu. Bu faciələr – bir milyon insanın doğulduqları dədə -baba torpaqlarından qaçqın və didərgin düşməsi təbii ki, bütün yaradıcı adamlar kimi onun da yaradıcılığına təsirsiz ötüşmədi.

                                     Koroğluyduq, Babək idik – ər idik,

                                     Mehdi idik, Həzi idik – nər idik.

                                     Zaman keçdi zərrə-zərrə əridik,

                                    Allah, mənə bundan sonra ölüm ver.

     Torpaq tökümləri, yurd itkiləri, həyatındakı ağrı – acılar Vahid Tumaslı poeziyasında həsrət, nisgil notlarını qabardır, önə çəkir. Didərgin bir şairin – qəlbi Vətən sevgisi ilə yoğrulmuş bir ziyalının yaradıcılığında bu elə belə də olmalı idi.

                                    Ruzisin torpaqdan qazanan, babam,

                                    Yaşayır nisgilli, qəmli bir ömür.

                                    Yada baş əyməyən Babəkin oğlu

                                    İndi yadellidən sədəqə umur.

      Həyatının bu ağrılı – acılı kəsimində şair yaradıcılığında ən mühüm yol oynayan “Gözləyəsi kimim var” şeirini yazır. Bu şeir ədəbi aləmdə böyük əks – səda doğurur.

                                        Gedənim gedibdi gələnim yoxdu,

                                        Ağlayanım yoxdu, gülənim yoxdu.

                                        Dərdimi, qəmimi bölənim yoxdu,

                                        Bir də bu qapıya gəlmə, Sağsağan.

                                        Daha nənəm yoxdu sənə söz deyə,

                                        Daha dədəm yoxdu mənə söz deyə.

                                        Sən Allah, sözünü get de özgəyə,

                                        Bir də bu qapıya gəlmə, Sağsağan.

                                        Elim yox, elimdən xəbər verəsən,

                                        Kəndim yox, ölümdən xəbər verəsən.

                                        Əlimdən, Vəlimdən xəbər verəsən,

                                        Bir də bu qapıya gəlmə, Sağsağan.

                                        …Ağıllı başlarda baş da dəyişib,

                                        Quru da dəyişib, yaş da dəyişib.

                                        İnsan da dəyişib, quş da dəyişib,

                                        Bir də bu qapıya gəlmə, Sağsağan.

                                        …Oğlu itkin düşən, ölən, qalan var,

                                        Boğaza yığıbdı məni yalanlar.

                                        Yazıqsan, bəlkə də, körpə balan var,

                                        Bir də bu qapıya gəlmə, Sağsağan.

       Səkkiz bənddən ibarət olan bu şeirin cəmi beş bəndini burada verəsi oldum. Qardaşı Vaqifin təxmininə görə bu şeir Vahid Tumaslının ömrünün son dövrlərində yazılıb, hətta belə deyirlər ki, bu şeir şairin, bəlkə də, ən sonuncu şeirlərindəndir.O qaçqın – köçkün həyatının, Cəbrayıl işğal olunduqdan sonrakı didərginlik dünyasının ağrısını – acısını, ahını – naləsini, qəhrini – qəhərini, dərd dolu bəhərini iztirablarını bu şeirində daha dolğun şəkildə poetik bir dillə ifadə edib. Məhz ona görə də bu şeir ”xalqın didərgin kəsiminin elegiyasına” – ağısına çevrildi. Bu səbəbdən də Vaqif  Mehdi, Lələ Tuğlu, Malik Əhmədoğlu (AYB-nin üzvü), Yaqub Çıraq – Əli Tumasi, Əjdər Yunus Rza (AYB-nin üzvü), Məmməd Əli, Aydın Məhərrəmov, Xürrəm Qafarlı (AYB-nin üzvü) kimi şair qardaşlarımız bu şeirə nəzirələr yazıblar. Adlarını qeyd etdiyim bu şairlərin bu mövzuya müraciət etmələrindən belə qənaətə gəlirik ki, V.Tumaslı demək onların da yarasının qaysağını qoparıb.

                                          Elə zənn etmə ki, yolun azıbdır,

                                          Yazan taleyini belə yazıbdır.

                                          Sən Allah, xətrinə dəymə yazıqdır,

                                          Bir də qapınıza gəlsə Sağsağan

                                          …Onun nə günahı – verər hər xəbər,

                                          Gah şirin, gah acı, xeyir – şər xəbər…

                                          Bir gün Vaqifdən də gətirər xəbər-

                                          Bir də qapınıza gəlsə Sağsağan.

                                                                                Vaqif Mehdi.

                                          Qədər – qismət vaxtdan gələr,

                                          Duyan olmaz yoxdan gələr.

                                          Gələn bəla haqdan gələr,

                                          Sağsağanın nə günahı

                                                                  Aydın Məhərrəmov

                                         Sağsağan qapından gedəndən bəri,

                                         Qarğalar bəd xəbər gətirir, qardaş!

                                         Mən necə yalvarım, qaytarım geri,

                                         Hər günüm bir oğul itirir, qardaş!

                                         Qarğalar bəd xəbər gətirir, qardaş!

                                                                              Əjdər Yunus Rza.

      “Gözləyəsi kimim var” şeiri əvəzsiz bir poetik nümunə olduğu üçün bu şeirə yazılan nəzirələr də həzin və kövrək duyğuların çox çalarlı rənglərinin əlvan palitrasını xatırladır. Çox təəssüf ki, nəzirələrin yalnız bir neçəsindən nümunə gətirə bildim. Məncə bu şeir haqqında ən dolğun fikri isə, yazıçı – publisist dostum Nazir Çərkəzoğlu deyib: “Gəlin etiraf edək ki, əxlaqi – estetik, ideya – məzmun, forma – sənətkarlıq baxımından “Gözləyəsi kimim var” şeiri Azərbaycan ədəbi mühitində bir  yenilik, bir ədəbi hadisə oldu”.

     Dostlarının zarafatla “əyalət  şairi” adlandırdıqları Vahid Tumaslı sağlığında heç bir kitabı işıq üzü görməsə də, sözün həqiqi mənasında şair idi, özü də təpədən dırnağa…

                                        Mənim dərdlərimə təsəlli vermə,

                                        Nə sığal götürər, nə də ki, tumar.

                                        Gözümdə göllənən kədərim – qəmim,

                                        Bu kərpic evimə yağış tək damar.

     Dostu şair Mirzə Mirimli bir qış günü ərklə ona belə bir sual verir: “Ədə, hanı sənin başının papağı?” O isə içdən gələn belə bir cavab verir:  “Mənim papağım orda (yəni Cəbrayılda), Dağtumasda qalıb”…

                                      Şərəfli bir ömür qoyub o yurdda,

                                      Şərəfsiz bir ömür götürüb gəldim.

                                      Elə özüm boyda, özüm biçimdə,

                                      O kənddə bir qəbir itirib gəldim.

      Şair Hidayət Səfərlinin dili ilə desək, “Sən sözün Məcnunu, söz sənə Leyli” olan Vahid Tumaslı günlərin bir günü ” Vətənsiz bu ömür heçdi” deyib, bunca əzablara dözməyərək “Eli yandıra-yandıra”.

                                        Dünya namərd dünyasıdı ,

                                        Sür atını ,atam oğlu-

   deyə-deyə qəflətən atını sürüb gedir, ordan-burdan, onun-bunun ağzında, yaddaşında ilişib qalan şeirlərini bizə miras buraxaraq…

     V.Tumaslının hansısa bir şeiri, bir bəndi, bir misrası poeziya sevərlərin qəlbində yaşayırsa, demək ki, Vahid ölməmişdir, Vahid də yaşayır…

                                                                                         Ələsgər Talıboğlu

                                                                                        Şair-publisist ,AYB-nin üzvü,              

                                                                                        Məmməd Araz  mükafatı laureatı.

                                                                                        7-10 aprel 2020-ci il.