“Cəngi” janrı yalnız Azərbaycan türkünə məxsusdur

0
40

Döyüş və qəhrəmanlıq ruhunda yazılmış kütləvi rəqslərimizdən biri də “Cəngi” adlanır. İlk “Cəngi”ləri zurnaçalanlar eramızdan əvvəlki dövrlərdə bəstələmiş, bu rəqs sonralar müxtəlif tərkibli ansambllarda da ifa olunmuşdur. Klassik “Cəngi” rəqsini sənətşünas Rauf Bəhmənli də “Azərbaycan xalq rəqsləri” adlı kitabında notlaşdırıb (B.: “Adiloğlu”, 2002, s. 100-101). Ölçüsü 2/4 olan “Cəngi”, əsasən, çahargah məqamında qurulur. Bəzən bəstəkarlar bu rəqsin ritmindən bəhrələnməklə fərqli məqamlarda da (şur, rast, bayatı-şiraz) müxtəlif cəngilər yazmışlar. Lakin çahargah məqamında bu rəqs daha təsirli alınır. “Çahargah” muğamı dinləyicidə cəngavərlik, mübarizlik, mərdlik ruhu yaradır. Bəlkə də, bu səbəbdən zorxana oyunlarında idmançılar, xüsusən güləşçilər “Cəngi” sədaları altında yarışmağı xoşlayırlar və yaxud ağır daşlar qaldıran pəhləvanlara, eləcə də kəndirbazlara sanki bu musiqi əlavə stimul, güc-qüvvət verir. Özündə bu xarakteri təsirli əks etdirən “Cəngi” ifa edən sənətkarlarımızdan biri də şirvanlı ustad zurna ifaçısı Ağasəf Seyidov olmuşdur (Azərbaycan radiosunun fondu, “Cəngi” rəqsi. İfa: zurnaçalan Ağasəf Seyidov, kartoteka №10455-s, xronometraj 2.30, 05.03.1991).
“Cəngi” rəqsinin ilk səhnə quruluşunu xoreoqraf, Xalq artisti Əlibaba Abdullayev (1915–1980) hazırlamışdır. Rəqsin icrasında tələb olunan əsas xarakterik hərəkətlər bunlardır: qılınc-qalxan oynatmaq, at çapmaq, nizə atmaq, güləşmək və s.
Azərbaycanın bir çox tanınmış bəstəkarları fərqli cəngilər bəstələmişlər. Üzeyir bəy Hacıbəyli (1885–1948) “Koroğlu” operasında III pərdədə “Cəngi” adlı rəqsini təqdim etmişdir (Hacıbəyli Ü.Ə. “Koroğlu” operası. III c. 5 pərdəli opera. Partitura III pərdə. B.: “Şərq-Qərb”, 2010, s. 175–178; Hacıbəyli Ü.Ə. Koroğlu. Klavir. B.: “Şərq-Qərb”, 2008, s. 257–262). O, 1941-ci ildə xalq çalğı alətləri üçün “Cəngi” adlı instrumental əsər də bəstələmişdir. Sonralar Soltan Hacıbəyov, Qara Qarayev (“Yeddi gözəl” baletində), Aqşin Əlizadə (rast məqamında) və başqa bəstəkarlar da “Cəngi” adlı simfonik-xoreoqrafik əsərlər yazmışlar. Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyli Fikrət Əmirovla birgə, Səid Rüstəmov, Midhət Əhmədov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Adil Gəray, Cavanşir Quliyev “Cəngi” adlı instrumental pyeslər yazmışlar.
Virtuoz qarmonçu Teyyub Dəmirov da özünəməxsus “Cəngi” rəqsi bəstələmiş, həmin rəqsi Rafiq Rüstəmov nota almışdır (Rənglər və rəqslər. Melodiyaları Teyyub Dəmirovundur. Fortepiano üçün işləyəni Rafiq Rüstəmov. B.: Azərbaycan Dövlət Musiqi Nəşriyyatı, 1961, s. 9 (№2); Dəmirov T.H. Milli rəqslər və dəramədlər. B.: “Adiloğlu”, 2009, s. 26). T.Dəmirovun “Cəngi”si rast məqamında, allegretto tempində, ölçüsü isə bütün cəngilər üçün xarakterik olan 2/4-dir. Maraqlıdır ki, Teyyub Dəmirovun “Cəngi” rəqsini fortepano üçün klavir şəklində işləyib çapa hazırlamışlar. Sonralar bu rəqs rəng kimi ifa olunmuş, muğam ifaçılarının repertuarına daxil edilmişdir.
Cəngi sözü farsca “cəng”, yəni vurmaq, döyüş mənalarını bildirir. Əslində, cəngi sözünün əsasında arxaik türk sözlərindən biri olan “zəngi” kəlməsi durur. Böyük türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğluya (Cəlilov) görə, Azərbaycan ərazisində olan bəzi toponimlər və hidronimlərindəki “zəngi” sözü qədim döyüşkən oğuz (türk) tayfası – “sangi”nin adından törəmişdir (Ağasıoğlu F. Azərbaycan türklərinin İslamaqədər tarixi. Doqquz Bitik, III Bitik: Azərbaycanda qurulan qədim dövlətlər. B.: “Ağrıdağ”, 2014, s. 241). Ölkəmizin bir sıra yaşayış məskənlərinin toponim və hidronimlərində “zəng” sözünə rast gəlirik: Zəngi çayı (Qərbi Azərbaycan, İrəvan), Zəngələ kəndi, Zəngəran kəndi (Yardımlı rayonu), Zəngqala (Gədəbəy rayonu, Böyük Qaramurad dağ kəndi), Zəngilan rayonu, Zəngişali kəndi (Ağdam rayonu), Zəngənə kəndi (Sabirabad rayonu), Zəngibasar, Zəngəzur (Qərbi Azərbaycanda mahal) və s. Firudin müəllim bildirir ki, İran Azərbaycanındakı Zəncan şəhərinin də adı “zəngi boyu ilə bağlıdır, çünki yerli əhali bu adı Zəngan şəklində tələffüz edir (Ağasıoğlu F. Yenə orada, s. 240). Maku şəhəri yaxınlığında Zəngimar çayı, Təbrizlə Əhar arasında Zəngibar və s. azər-türklərin yaşadığı hidronim və toponimlərdə də zəngi-sangi sözləri ilə rastlaşırıq (Ağasıoğlu F. Yenə orada, s. 243). Etibarlı mənbələrə əsaslanan F.Ağasıoğlunun fikrincə, bu adlar ilk yarandığı dövrlərdə “zəngi” deyil, “sangi” şəklində işlədilib. Fars dilinə keçən “sangi” sözü də dilimizə sonradan “cəngi” şəklində qayıtmışdır.
Həqiqətən, farslar vurmaq sözünə “bezən” deyirlər ki, burada da sözün kökü “zən”dir. Maraqlıdır ki, fars musiqisində “Cəngi” adlı rəqslər yoxdur. Bu baxımdan düşünürük ki, rəqsin, eləcə də ritmin qədim adı “Cəngi” deyil, “Sangi” olmuş, sonrakı mərhələlərdə “Zəngi”yə, nəhayət, “Cəngi”yə çevrilmişdir. Azərbaycanda Şamaxı ərazisində (indiki Qobustan) Cəngi adlı toponim vardır. Görünür, bu da vaxtilə Zəngi adlanıb.
1932-cu ildə (I və II nəşrlərdə) ədəbiyyatşünas və folklorşünas Hümmət Əlizadənin (1907–1941) təqdim etdiyi “O xal nə xaldır” xalq mahnısının ilkin nümunələrində Zəngi çayının adına rast gəlirik (Aşıqlar. II c. Toplayanı Hümmət Əlizadə. B.: Azərnəşr Bədii ədəbiyyat şöbəsi, 1938, s. 358):
İrəvanda Zəngi çayı,
Hüsnün mat eyləyir ayı,
Mən yazıq yetimin payı,
Ay qız, o nə xaldır,
Sən ora düzdürmüsən?
Ay naz, o xal nə xaldır,
Sən üzə düzdürmüsən?
Təəssüf ki, sonralar xanəndələr bu gözəl bəndi oxumamışlar. Musiqişünaslıq üzrə elmlər doktoru, tanınmış ustad sənətkar Aşıq Çingiz Mehdioğlunun söylədiyinə görə, “O xal nə xaldır”ın melodiyası ən qədim aşıq mahnılarından biri olan “Gəraylı gülü” qaydasındadır və bu havaya çox uyğundur.
XIV əsrdə yaşayıb-yaratmış klassik Azərbaycan şairi Qazi Bürhanəddin Sivasi (1345–1398) də “Divan”ında “Cəngi” rəqsini vəsf etmişdir (Sivasi Q.B. Divan. B.: “Öndər”, 2005, s. 258):
Sübhdəmdür al ələ çəngi, bəgüm,
Gedərəlüm arada “Cəngi”, bəgüm.
İran Azərbaycanında fəaliyyət göstərmiş böyük şair Mirzə Mehdi Şükuhi (1829–1896) də şeirlərində “Cəngi” rəqsindən söz açmışdır (XIX əsr Azərbaycan şeiri antologiyası. B.: “Şərq-Qərb”, 2005, s. 203):
Saqi dolandırsın cami-gülrəngi,
Düzülsün məclisə lalə, mərdəngi,
Oxusun xanəndə, oynasın “Cəngi”,
Xəyalımdan setar keçər, saz keçər .
Göründüyü kimi, Mirzə Mehdi Şükuhi “Cəngi” rəqsi ilə yanaşı, xanəndə sənətini, tənburun bir növü olan setarı və aşıqlarımızın sevə-sevə istifadə etdikləri saz alətini də vəsf etmişdir. Xatırladaq ki, IX əsrdə yaşamış xalq qəhrəmanı Babək də dövrünün məşhur setarçalanı olmuşdur. O, bir əlində setar, bir əlində qılınc düşmən üzərinə yerimişdir. Bu barədə X əsrdə yaşamış məşhur ərəb tarixçisi, biblioqrafı İbn ən-Nədim Əbu-l-Fərəc Məhəmməd ibn İshaq ən-Nədim əl-Vərraq əl-Bağdadi (?-995) “Əl-Fihrist” (“Göstərici”) adlı əsərində məlumat vermişdir.
Ümumiyyətlə, biz musiqi mədəniyyətimizi qədim dövrlərdə izlədikdə, nəinki Babəki, eləcə də ulu Dədə Qorqudun qolça qopuz, Şah İsmayıl Xətainin və xalq qəhrəmanı Koroğlunun saz kimi çalğı alətlərindən döyüşqabağı hərbçiləri ruhlandırıcı alət kimi də istifadə etdiklərinin şahidi oluruq. Şübhə yoxdur ki, bu alətlərdə də zurna alətində olduğu kimi, qəhrəmanlıq rəqsimiz olan “Cəngi”lər və yaxud “Cəngi” ruhlu havalar da ifa olunmuşdur.
Möhtərəm oxucu! Beləliklə, “Cəngi” ilə bağlı apardığımız bu kiçik araşdırmada rəqsin Azərbaycan türkünə məxsusluğu, adının etimoloji açıqlanması, onun morfoloji xüsusiyyətləri, istifadə yerləri, ədəbi və s. qaynaqlarda vəsf olunduğunu diqətinizə çatdırmağa çalışdıq. Buna nə qədər nail olduqsa, dəyərini siz bilərsiz.

Abbasqulu NƏCƏFZADƏ
Sənətşünaslıq elmləri doktoru, professor