Əməkdar həkim: Tədbirlər davam etdirilməlidir

0
53

Nazirlər Kabinetinin qərarına əsasən, aprelin 27-dən etibarən xüsusi karantin rejiminin məhdudiyyətlərinin bir qismi yumşaldılıb. Amma bu, heç də o demək deyildir ki, təhlükə bizdən tamamilə uzaqlaşıb. Ona görə də koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən qaydalara riayət olunması olduqca vacibdir.

Quba Rayon Mərkəzi Xəstəxanasının kardiologiya şöbəsinin müdiri, “Tərəqqi” medallı, Əməkdar həkim Cabir Məmmədov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, xüsusi karantin rejiminin məhdudiyyətlərinin bir qisminin yumşaldılması kimsədə arxayınlıq yaratmamalıdır: “Mən deyərdim ki, ölkəmizdə koronavirus pandemiyasının ilk dövründə həyata keçirilən bəzi tədbirlər davam etdirilməlidir. Əks halda, arxayınçılıq bu bəlanın növbəti dalğasına vəsilə ola bilər. Unutmayaq ki, COVID-19 uzunmüddətli bir prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması vacibdir. Vətəndaşlarımız Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarına sadiq qalmaqda davam etməlidirlər. Onu da qeyd edim ki, məhz tətbiq edilən qaydalara ciddi riayət olunmaqla digər ölkələrlə müqayisədə respublikamızda bu pandemiyanın geniş fəsadların yaratmasına imkan verilmədi. Yəni, qabaqlayıcı tədbirlər Azərbaycanda koronavirus infeksiyası probleminin bir sıra ölkələrdəki kimi təhlükəli hal almasının qarşısını aldı. Bu məqamda Prezident İlham Əliyevin bu sözlərini də xatırlatmaq yerinə düşərdi: “Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi”. Halbuki bu gün dünyanın ən inkişaf etmiş ölkələrində pandemiya əsl fəlakət yaradıb, yoluxanların, ölənlərin sayı artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, indiyədək dünyada 3325361 nəfər yeni növ koronavirusa yoluxub, 234460 nəfər isə bu ölümsaçan virusun qurbanına çevrilib. Yəni görülən tədbirlər nəticəsində bu gün respublikamız koronavirusa yoluxanların sayının ən az olduğu ölkələr sırasındadır. Bu mənada yenə də hər şey vətəndaşlarımızdan asılıdır. Yəni onların şəxsi gigiyena qaydalarına əməl etmələri, kütləvi tədbirlərdən uzaq olmaları gündəmdən düşməməlidir”.

Koronavirus pandemiyasına qarşı ölkəmizdə görülən işlərdən geniş söz açan müsahibimiz vurğuladı ki, bu prosesdə Prezident İlham Əliyevin rolu danılmazdır: “Belə çətin günlərdə dövlətimizin başçısı vətəndaşlarımızın sağlamlığını prioritet vəzifə elan etməklə yanaşı, onların sosial rifahının yüksəldilməsi istiqamətində də çox uğurlu addımlar atdı. Belə ki, məhz cənab Prezidentin göstərişləri, sərəncamları əsasında vətəndaşlarımızın iş yerləri saxlanıldı, işçilərin ixtisar edilməsinə imkan verilmədi, 600 min nəfərdən çox aztəminatlı insanlara maddi dəstək göstərildi, sosial yardım aksiyaları geniş vüsət aldı, üstəlik, vergi güzəştləri tətbiq olundu və s. Ümumilikdə isə sosial-iqtisadi sahədə dayanıqlılığı təmin etmək üçün 3, 5 milyard manat vəsait ayrıldı. Bununla da dövlətimizin başçısı hər zaman vətəndaşının yanında olduğunu bir daha nümayiş etdirdi.

Yeri gəlmişkən, koronavirus pandemiyasına qarşı mübarizədə ölkəmiz bu gün dünya miqyasında uğur qazanan ölkələr sırasındadır. Hətta mən deyərdim ki, liderlər cərgəsindədir. Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlər beynəlxalq qurumlar, eləcə də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilib və bu qurumun rəhbəri dövlətimizin başçısına təşəkkürünü bildirib. Bu da bir daha onu göstərir ki, cənab Prezident İlham Əliyev koronavirus pandemiyası dövründə dünyanın diqqət mərkəzində olan çox uğurlu tarixi bir modellə çıxış edib.”

Müsahibimiz söhbətinin sonunda bu sözləri dedi: “Koronavirus pandemiyası ilə mübarizədə vətədaşlarımızın sağlamlığının keşiyində dayanan həkimlərimizin də əməyi böyükdür. Belə ki, gözəgörünməz düşmən hesab edilən koronavirusla mübarizədə, əgər belə demək mümkündürsə, onlar ön cəbhədədirlər. Onlar belə çətin günlərdə üzərilərinə düşən işlərin öhdəsindən bacarıqla gəlirlər. Fikrimi cənab Prezidentin bu sözləri ilə tamamlamaq istərdim: “Əlbəttə, mən həkimlərin fəaliyyətini bir daha qeyd etmək istəyirəm. Bildiyiniz kimi, artıq bir neçə şüar da əhali arasında çox təqdir edilir: “Biz birlikdə güclüyük!” və “Azərbaycan həkimlərinə eşq olsun!”

Qvami Məhəbbətoğlu, “İki sahil”