Bəşəriyyət tarixinin “koronavirus” mərhələsini yaşayır

0
40

Bir neçə aydır ki, bəşəriyyət tarixinin “koronavirus” mərhələsini yaşayır. Sərhədlər tanımayan COVID-19 dünyanın 212 ölkəsində həyatın bütün sahələrini iflic vəziyyətinə salıb, insanları sağ qalmaq naminə evlərində oturmağa məhkum edib. Pandemiyaya dair statistik məlumatlarla tanışlıq göstərir ki, virusun yayılması, yoluxanların sayı, epidemioloji vəziyyətin gərginlik həddi dövlətlərin inkişaf səviyyəsindən, iqtisadi qüdrətindən, siyasi nüfuzundan, səhiyyə sisteminin mükəmməllik dərəcəsindən və s. asılı deyil: pandemiyanın nəticələrinin ağırlığına görə ABŞ, Qərbi Avropa ölkələri, Böyük Britaniya birinci yerlərdədir. Aydındır ki, virusla mübarizədə səhiyyənin, tibbi xidmətlərin yüksək səviyyəsi ilə yanaşı, iki amilin rolu da əhəmiyyətli, bəlkə də həlledicidir. Bunlardan birincisi ölkədə infeksiya ilə bağlı yaranmış vəziyyətin dövlət tərəfindən nə dərəcədə effektiv idarə edilməsi, ikincisi isə insan faktoru, insanların vətəndaşlıq məsuliyyətidir.

Bu barədə azərtac-a AMEA-nın akademik A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Həşimova məlumat verib. O deyib: “Bir vətəndaş kimi qürur duyuram ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri bu günlərdə Azərbaycanın koronavirusla mübarizə təcrübəsini digər dövlətlərə nümunə kimi göstərib və ölkə rəhbərliyinin bu sahədəki fəaliyyətini, beynəlxalq qurumlarla əməkdaşlıq səylərini yüksək qiymətləndirıb”.

Professor Ulduz Həşimova qeyd edib ki, pandemiyanın ilk günlərindən bütün dövlət strukturlarının infeksiya ilə mübarizəyə səfərbər olunması, müvafiq beynəlxalq təşkilatların tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər görülməsi, xüsusi karantin rejiminin tətbiqi, çox qısa bir zamanda müvafiq infrastrukturun yaradılması və virusa yoluxanların müalicəsi üçün lazımi tədbirlərin həyata keçirilməsi nəticəsində ölkəmizdə digər dövlətlərlə müqayisədə itki az oldu. Buna nail olmaqda xüsusi karantin rejimi şəraitində dövlət strukturlarının tibbi, sosial və digər sahələrdə həyata keçirdiyi tədbirlərə əhali tərəfindən verilən dəstək xüsusilə vurğulanmalıdır. Məhz insanlarımızın nümayiş etdirdiyi intizam və qoyulan tələblərə ciddi riayət edilməsi nəticəsində bugün ölkədə yoluxmanın sayında müəyyən stabillik əldə edilib və virusun yayılma tempinin aşağı düşməsi tendensiyası göz qabağındadır. Bunu nəzərə alaraq, son günlər hökumət tərəfindən karantin rejiminin mövcud vəziyyətə uyğun olaraq tədricən yumşadılması tədbirləri həyata keçirilir. Bu, əlbəttə, hər birimizi sevindirir, çünki epidemioloji vəziyyətin yaxşılaşdığından xəbər verir. Lakin COVID-19-un yayılma xüsusiyyətləri bu xəstəliklə mübarizədə vahid strategiya və taktika hazırlanmasını çətinləşdirir. Virus və onun yaratdığı xəstəlik alimlər tərəfindən tam tədqiq olunmayıb, ona qarşı effektiv vaksin və dərmanlar tapılmayıb. Buna görə də bir çox tövsiyələr, tədbirlər situativ xarakter daşıyır və günbəgün toplanan məlumatlar bazası genişləndikcə onların da mahiyyətində dəyişiklik edilə bilər. Aydındır ki, hazırkı mərhələdə müvafiq sosial davranış, şəxsi gigiyena qaydalarına riayət etmək COVID-19 təhlükəsindən qorunmanın yeganə yoludur. Ona görə təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət və intizamlı davranış hər kəs üçün mütləqdir, özümüzü və ətrafımızdakıları qorumağın əsas şərtləridir.

“Xüsusi karantin rejiminin yumşaldılması bu rejimin ləğv olunması kimi başa düşülməməlidir. Mütəxəssislər hələ yaxşı tanımadığımız virusun ikinci, hətta üçüncü dalğası riskinin yüksək olduğunu dəfələrlə vurğulayıblar. Buna yol verməmək, özümüzün və əzizlərimizin sağlamlığını təhlükə altına qoymamaq üçün mən bütün vətəndaşlarmızı daha da intizamlı olmağa, tələb olunan sosial davranış və şəxsi gigiyena qaydalarına etməyə çağırıram. Biz yalnız birlikdə bu mübarizədən qalib çıxa bilərik”, – deyə U.Həşimova vurğulayıb.