Mingəçevirdə iclaslar videokonfrans şəklində keçirilir

0
469

 

Mingəçevir şəhər İcra Hakimiyyətində koronovirus (COVİD-19) pandemiyası ilə bağlı tətbiq edilmiş xüsusi karantin rejimi dövründə şəhər icra hakimiyyəti başçısı yanında yaradılmış operativ qərargahın işçi qrupunun iclasları videokonfrans şəklində keçirilir.

 Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  idarə-müəssisə, təşkilat rəhbərləri ilə keçirilən videokonfransda bildirib ki,  ölkə ərazisində koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür: “Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar öz töhfəsini verməkdədir. Mingəçevirdə də bu sahədə müvafiq işlər görülür. Belə ki, 20 mart 2020-ci il tarixdən etibarən Mingəçevirdə Koronavirusa Qarşı Mübarizə Qərargahı fəaliyyət göstərir. Qərargahın 24 saat aktiv olan qaynar xətti vasitəsilə şəhər sakinləri onları maraqlandıran suallar və narahat edən məsələlərlə bağlı məlumat ala bilirlər”.

Başçı  qeyd edib ki, COVİD-19 infeksiyasına qarşı mübarizənin ilk günlərindən Mingəçevirdə maarifləndirmə tədbirlərinə start verilib: “Bu gün də bu işlər davam etdirilir”. O, həmçinin idarə, təşkilat rəhbərlərinə öz tövsiyələrini verərək bildirib ki, hamı şəxsi gigiyena, eləcə də tibbi-proflaktik qaydalara ciddi əməl etməlidir: “Yalnız zəruri hallarda evdən çıxmaq, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmaq,dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərmək, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etmək vacibdir”. O, hər bir kəsin tibbi maskadan istifadə etməsinin zəruriliyini də vurğulayıb.

Videokonfransın sonunda İlham İsmayılov qeyd edib ki,  COVİD-19 virusu ilə bağlı ölkədəki sanitar –epidemioloji vəziyyət mütəmadi təhlil edilərək müvafiq qaydalar tətbiq olunur. Bu səbəbdən COVİD-19 virusuna yoluxma dinamikası və xəstəliklə bağlı ölkədəki vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.

 Esmira Hidayətova, Mingəçevir