Qarabağ qazisinin arzusu…

0
54

“Tam əminliklə deyə bilərik ki, bu gün Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri yüksək dövlət qayğısı ilə əhatə olunublar. Belə ki, əlillərin və veteranların müalicəsi məqsədilə reabilitasiya mərkəzləri açılır və lazım gələndə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Üstəlik, şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Rəsmi məlumatlara görə, son illər şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 7 min 500-dən çox mənzil və fərdi ev, 7 minə yaxın minik avtomobili verilib. Yeri gəlmişkən qeyd edim ki, mən özüm həm mənzillə təmin olunmuşam, həm də avtomobillə.”

Bu fikirləri “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri, birinci qrup Qarabağ qazisi Firudin Məmmədov “İki sahil” qəzetinə açıqlamasında söylədi.

Bildirdi ki, bu kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində göstəricilər ildən-ilə artır: “Məsələn, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 626 mənzil təqdim edilibsə, 2019-cu ildə həmin kateqoriyadan olan vətəndaşlara 934 mənzil verilib. Bu il isə koronavirus pandemiyasının fəsadlarına baxmayaraq, 1500 mənzilin onların sərəncamına verilməsi nəzərdə tutulub. Bu mənada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslər dövlət qayğısını hər an hiss etməkdədirlər. Bu isə dövlətimizin hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşmasının, bu baxımdan çox mühüm layihələr həyata keçirməsinin bariz nümunələridir. Hətta çıxışlarının birində dövlətimizin başçısı bildirmişdir ki, müharibədə vuruşmuş və əlil olmuş vətəndaşlar üçün şəraitin yaradılması bizim mənəvi borcumuzdur.”

Müsahibimiz, həmçinin vurğuladı ki, bu gün Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrini uğurla yerinə yetirməyə qadirdir: “Onu da deyim ki, yaralanmağıma baxmayaraq, işğal altında olan torpaqlarımızın azad edilməsi və bayrağımızın həmin ərazilərdə dalğalanması üçün əlimdən gələni etməyə hazıram. Bu məsələdə bütün qazilərimiz də mənimlə həmfikirdirlər”.

Qeyd edək ki, Firudin Məmmədovun rəhbərlik etdiyi “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin 2 mindən çox üzvü var. 25 ilə yaxın Qarabağ əlillərini təmsil edən ictimai birliklərdə rəhbər vəzifələrdə çalışan müsahibimizin dediyinə görə, bir il bundan əvvəl “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin yaranması zamanın tələbindən doğan bir zərurət idi. Cəmiyyətin məqsədi Qarabağ müharibəsi əlillərinin, veteranlarının və onların ailələrinin qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, onların müasir həyat şəraitinə uyğunlaşdırılmasına, sosial-iqtisadi və mənəvi probremlərinin daha səmərəli həll olunmasına köməklik göstərməkdir. Müsahibimiz, həmçinin qeyd etdi ki, koronavirus pandemiyası ilə bağlı ölkə başçısının çağırışına ilk səs verənlərdən biri onun rəhbərlik etdiyi qurum olub. Belə ki, İctimai Birlik üzvlər arasında maddi imkanları məhdud olan, aztəminatlı ailələrinin siyahsını əvvəlcədən müəyyən edərək onların qayğı ilə əhatə olunacağını bildirib və bu istiqamətdə dərhal tədbirlər görməyə başlayıb.

Məlumat üçün bildirək ki, Firudin Məmmədov 30 aprel 1970-ci ildə Ağdamın Seyidli kəndində anadan olub. O, 1991-ci ilin noyabr ayında Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Şirin Mirzəyevin təşkil etdiyi birinci könüllü ərazi özünü müdafiə batalyonuna qoşulub. Minaatan batareyada heyət üzvü kimi xidmətə başlayıb və batareya komandirinin müavini vəzifəsinə qədər yüksəlib. Qarabağ uğrunda gedən bir sıra döyüşlərdə iştirak edib. 28 mart 1993-cü ildə Ağdərə uğrunda döyüşlərdə baş və göz nahiyəsindən yaralanıb.

F.Məmmədov söhbətimizin sonunda öz arzusunu da dilə gətirdi: “Bu gün 50 yaşım tamam olur. Arzum budur ki, növbəti doğum günümü doğma Ağdamımda keçirim.”

Qvami Məhəbbətoğlu, “İki sahil”