Azərbaycan-Avropa Yenidənqurma və İnkişaf Bankı əlaqələrində yeni era başlayır

0
878

Ölkəmizin Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığı yüksək səviyyədədir. Bunu faktlar və rəqəmlər də sübut edir. İndiyədək bu beynəlxalq maliyyə qurumu respublikamıza 3,3 milyard dollardan çox investisiya yatırıb. Bu da 170-dən çox layihənin təminatında önəmli rol oynayıb. Özü də bu sərmayənin yarısı özəl sektorun, qeyri-neft iqtisadiyyatının payına düşüb. Nəticədə bu il də respublikamızın qeyri-neft sektorunda yüksək nailiyyətlər əldə olunub. Ölkə başçısının bildirdiyi kimi, dünyanı cənginə almış koronavirus pandemiyasının fəsadlarına baxmayaraq, ilin ilk rübünə nəzərə salsaq, artım 1 faizdir, qeyri-neft sektorunda artım 3 faiz təşkil edir, qeyri-enerji sahəsində artım isə 23 faizdir.

Aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Suma Çakrabarti arasında keçirilən videokonfransda da bu kimi məqamlar diqqət mərkəzində olmuşdur. Videokonfransda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti dünyanı cənginə almış koronavirus pandemiyasına qarşı mübarizədə ölkəmizin atdığı addımları təqdir edərək demişdir: “Cənab Prezident, bizim fikrimizcə, Siz və hökumətiniz bu böhranın öhdəsindən əla gəlirsiniz. Qısa zamanda bir sıra təsirli tədbirlər həyata keçirilib ki, bununla bağlı Sizi təbrik edirəm”. O, çətinliklərə baxmayaraq, böhranın öhdəsinindən layiqincə gəlindiyindən, üstəlik, iqtisadi sahədə əldə olunan uğurlardan da söz açmışdır: “Hesab edirəm ki, ötən bir neçə ay Azərbaycanın gözəl hekayəsi sayıla bilər. Sizin ölkə dünyada ilin ilk rübündə iqtisadi artıma nail olmuş azsaylı ölkələrdəndir, bəlkə də yeganə ölkəsiniz”. Üstəlik, Bankın prezidenti vurğulamışdır ki, bu, çox gözəl bir hekayədir və gün gələcək Azərbaycanla müqayisə aparılacaq.

Mərkəzi Bankla 50 milyon dollar məbləğində “Swap” razılaşmasının başa çatdırılmasına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Bankın prezidenti qeyd etmişdir ki, bu, bizə özəl sektor müştərilərimizin yerli valyutada maliyyələşdirilməsi üçün vacibdir: “Buraya korporativ müştərilərimiz, orta və kiçik sahibkarlıq subyektləri və maliyyə institutları daxildir. Biz yaxın həftələrdə 5 müxtəlif tranzaksiya üzrə 20 milyon avroluq ödənişlər edəcəyik”.

O, həmçinin bildirmişdir ki, işlərimiz bununla məhdudlaşmayacaq. Belə ki, yenidən Azərbaycana böyük sərmayə yatırılacaq ki, bu da iqtisadiyyatın daha da canlandırılmasına öz töhfəsini verəcək: “Biz münbit şərait olduqda bu il Azərbaycana 250 milyon dollardan artıq sərmayə yatırmağı planlaşdırırıq.”

 Qeyd edək ki, bu layihələr xüsusilə dövlət sektorunu əhatə edir və buraya enerji, infrastruktur və İKT sahələri daxildir. Buraya bəzi dövlət müəssisələrinin kommersiyalaşması da daxildir. Bankın prezidenti əvvəllər müzakirə olunmuş 150 milyon dollarlıq yaşıl zərfi işə salmağı, eləcə də elektrik enerjisi şəbəkəsinin təkmilləşdirilməsinə təxminən 100-200 milyon avro məbləğini sərmayə kimi yatırmağı da təklif etmişdir. Onun fikrincə, bu, böhran zamanı cavab tədbirləri və bərpa baxımından çox əhəmiyyətlidir.

Bankın prezidenti “Aztelekom” şirkəti ilə bağlı təkliflərinin olduğunu dilə gətirmişdir ki, bu da rayonlarda genişzolaqlı internet imkanlarının genişləndirilməsinə xidmət edəcəkdir. Suvarmaya gəldikdə, isə Bankın prezidenti bildirmişdir: “…bir neçə il öncə Siz mənə bildirdiniz ki, kənd təsərrüfatı sektorunda bu sahəyə xüsusi önəm verilir. Biz istərdik bu baxımdan pilot layihəni həyata keçirək, bu sektorda müəyyən yeni texnologiyaları tətbiq edək”. O, Azərbaycanın yeni İnkişaf Korporasiyasının yaradılması istiqamətində çalışdıqlarını da sözlərinə əlavə etmişdir.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu il yanvar ayında keçirilən Davos Forumu çərçivəsində Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə, martın 3-də isə sözügedən Bankın birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən gələcək planları da müzakirə etmişdir: “Həmin görüşlərdə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda mövcud əlverişli investisiya mühitindən yararlanaraq fəaliyyətini daha da genişləndirmək üçün böyük imkanların olduğu vurğulanmış, eləcə də vergi və gömrük sahələrində aparılan uğurlu islahatlar, inzibatçılığın asanlaşması, “ASAN xidmət”in uğurlu fəaliyyəti xüsusi qeyd edilmişdir. Yeri gəlmişkən onu da qeyd edim ki, martın 3-də keçirilən görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ölkəmiz üçün 1,1 milyard dollar dəyərində investisiya portfelinin olduğunu da söyləmişdi. Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Suma Çakrabarti arasında keçirilən videokonfransı bu kimi tədbirlərin məntiqi davamı kimi qiymətləndirmək olar. Aparılan müzakirər bir daha sübut etdi ki, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələrin yeni erasına start verilir. Şübhəsiz, bunu həm də belə ağır dönəmdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü, kompleks və köklü iqtisadi islahatlara verilən beynəlxalq dəyər kimi də xarakterizə etmək olar.”

Qvami Məhəbbətoğlu, “İki sahil”