İdxal azalacaq, ölkəyə valyuta axını artacaq

0
71

Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət sayəsində son illər qeyri-neft sektorunda da böyük uğurlar qazanılıb. Cari ilin ilk üç ayında respublikamızda qeyri-neft sənayesi sahəsində 23 faiz artım olub ki, bunun böyük hissəsi yeni yaradılmış sənaye müəssisələrinin hesabınadır. Bu müəssisələr daxili tələbatı ödəməklə yanaşı, xarici bazarlara da məhsul ixrac edirlər. Bu da ölkəyə xarici valyuta qazandırır. Digər tərəfdən, yerli istehsalın artımı idxaldan asılılığımızı azaldır. Belə müəssisələr həm də vətəndaşlarımızın işlə təminatında əhəmiyyətli rol oynayırlar.

Prezident İlham Əliyev “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı ciddi tapşırıqlar vermişdir. Hazırda dünyanı cənginə almış koronavirus pandemiyasının fəsadlarına baxmayaraq, bu istiqamətdə işlər nəzərdə tutulmuş plan üzrə həyata keçirilir. Məsələn, hazırda Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin tikintisi davam etdirilir. Dövlət başçısı aprelin 24-də Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında demişdir ki, onlardan biri əyirici boya fabriki, digəri isə müxtəlif çeşiddə şüşə lövhələr istehsal edəcək zavoddur.

Son məlumata görə, bu müəssisələrdə – “AzerFloat” QSC-nin şüşə istehsalı zavodunda və “Azərxalça” ASC-nin yunəyrici-boyaq fabrikində tamamlama işləri prosesi aparılır. Hər iki müəssisənin bu il istifadəyə verilməsi nəzərdə tutulub.

Məlum olduğu kimi, ölkəmiz hazırda əyrici boyaq, eləcə də şüşə lövhələri xaricdən alır. Bu müəssisələr işə salınandan sonra artıq həmin məhsullara görə idxaldan asılılıq da aradan götürüləcək. Bu mənada onların hər ikisi önəmli müəssisələrdir.

Qeyd edək ki, “Azərxalça” ASC-nin yunəyrici-boyaq fabrikinin xammalla təmin edilməsi məqsədilə respublikamızın 5 bölgəsində regionun yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Həmin məntəqələr Naxçıvanda, Sabirabadda, Bərdədə, Şabranda və Qobustanda yerləşir. Regional məntəqələrin hər biri ildə 1500 ton yun qəbul etmək imkanına malikdir. Bu isə o deməkdir ki, öz yunumuzdan ip istehsal olunacaq, öz təbii boyalarımızla boyanıb yerli istehsalat sahələrində Azərbaycan xalçaları toxunacaq.

Şüşə istehsalına gəldikdə isə bu məhsul üçün də xammal ehtiyatlarımız var. Belə ki, şüşə istehsalında əsas xammal kimi kvars qumu, dolomit materiallarından istifadə olunur ki, ölkəmizdə onların da yataqları mövcuddur.

Məlumat üçün bildirək ki, bu günə qədər Sumqayıt Kimya Sənaye Parkında 22 sahibkarlıq subyektinə rezident statusu verilib. Hazırda 14 rezident istər daxili, istərsə də xarici bazarlar üçün məhsul istehsal edir. Aprelin 6-da isə burada “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub. Yeri gəlmişkən, dövlətimizin başçısı bu müəssisənin olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq demişdir: “Mən son illər ərzində yüzlərlə, bəlkə də mindən çox sənaye müəssisəsinin açılışında iştirak etmişəm, ancaq bu istehsalat sahəsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu gün Azərbaycanda istehsal olunan tibbi maskalar və dezinfeksiya vasitələri insanlarımızı qoruyacaq”. Bundan başqa, bu müəssisənin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafının göstəricisi olmaqla yanaşı, eyni zamanda, idxaldan asılılığı azaltmaq, daxili tələbatı ödəmək məqsədilə yerli istehsalı genişləndirmək istiqamətində son illərdə həyata keçirilən işlərin ardıcıl xarakter aldığını nümayiş etdirir.

Qvami Məhəbbətoğlu, “İki sahil”