Floramızda olan bir çox növlərin nəsli kəsilmək üzrədir

0
55

Azərbaycan florasında 5000-ə yaxın bitki növünə rast gəlinir ki, bunlardan 460-dan artıq növ təbii halda bitən ağac və kol bitkiləridir. Ümumiyyətlə, Azərbaycanın təbii və mədəni florasında 92 fəsilə 266 cinsə aid 1116 növün olduğu haqda ədəbiyyat məlumatları var. Hazırda təbii florada mövcud növlərin orta hesabla üçündən biri məhv olmaq təhlükəsi ilə üzləşməkdədir.

Bu barədə AMEA-nını müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov məlumat verib. O bildirib ki, bu bitki növləri içərisində onlarca növün təhlükə altında olduğu müəyyən edilib. Aparılan tədqiqatlara görə, hazırda respublikamızda nadir və nəsli kəsilməkdə olan ağac və kol növlərinin sayı 200-ə yaxındır. Bu qədər növ Azərbaycan florasında olan ağac və kol bitkilərinin təxminən 43 faizini təşkil edir. Bu, həyəcan təbilinin çalınması deməkdir. Azərbaycanın təbii florasında olan ağac və kol bitkilərinin növ baxımından təxminən 25 faizə qədəri relikt bitkilərdir. Aparılan təhlillərə görə, 1975-ci ildə Azərbaycanda 24, 1984-cü ildə 28, 1989-cu ildə isə 45 növ nadir və nəsli kəsilməkdə olan oduncaqlı, yəni ağac və kol bitkisinin olduğu müəyyən edilib. Nadir bitki növlərinin sayının getdikcə artması ilə əlaqədar bu problemin səbəblərini aşkar edərək, onun qarşısının alınması dövlət strukturlarının və elmi müəssisələrin qarşısında duran aktual məsələlərdən biridir.

Aparılan müşahidələr göstərir ki, Azərbaycan florasında olan nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitki növlərinin areallarının bir hissəsinin mühafizə strategiyası yoxdur. Ölkəmizdə mühafizə olunacaq bitki növlərinin təyin edilməsi, siyahılarının dəqiq hazırlanması, bu bitkilərin nadir bitki kateqoriyalarına aid edilmə səbəblərinin aşkarlanması müasir dövrün ən vacib məsələlərindən biridir. Bu prosesləri öyrənmək üçün əvvəlcə bitkilərin yayılmasını, populyasiya genişliyini, ekoloji tələbatını, fizioloji tolerantlığını, reproduktiv biologiyasını, toxum quruluşunu və keyfiyyətini, cücərməsini, kök sistemini və sonrakı inkişaf mərhələlərini tədqiq etmək vacibdir. Dünya florasında məlum olan bitki növlərinin, xüsusilə də məhdud bir arealda yayılan endemlərin qorunması ilə əlaqədar son illərdə çox ciddi tədqiqatlar aparılmaqdadır. İlk növbədə, tədqiqatçıların qarşısında duran məqsədlərdən biri nadir bitkilərin beynəlxalq qurumlar tərəfindən qəbul edilən təhlükə kateqoriyalarının hansına aid olduğunu müəyyənləşdirmək, sonra isə görüləcək tədbirləri bu bitkilərə yönəltməkdir.

Alim vurğulayıb ki, floramızda olan bir çox növlərin nəsli kəsilmək üzrədir və belə növlərin təbiətdə qalması və qorunması üçün bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir.

Aparılan tədqiqatlardan məlum olub ki, introduksiya edilən bitki növləri təbiətdə yayılan növlərin 68 faizini, cinslərin 87 faizini və fəsilələrin 95 faizini təşkil edir. Ölkəmizin təbii florasında olan hər hansı bitki növünün mühafizəsinin zəruriliyini bildirməyin və bunu əsaslandırmağın böyük əhəmiyyəti var. Yalnız bitkilərin adını bilmək onu qorumaq demək deyildir. Mühafizə edilərək bitki növlərinin bioekoloji xüsusiyyətlərini öyrəndikdən sonra siyahıların hazırlanması daha düzgün hesab olunur. Nadir və nəsli kəsilməkdə olan bitkilərin siyahısını hazırlayarkən təbiətdə tədqiqatçıların, qoruq və yaşıllıqlarda çalışan insanların bu taksonları dəqiq tanıması vacibdir.

İlk növbədə, respublikamızın nadir və nəsli kəsilməkdə olan ağac və kol növlərinin areallarının azalmasına və nəslinin yoxa çıxmalarına səbəb olan amilləri araşdırmaq vacibdir. Son illərdə ölkəmizdə sənayenin inkişafı, yeni fabrik və zavodların, kənd və qəsəbələrin salınması bəzən kiçik bir arealda yayılan bitkilər üçün təhlükə mənbəyi olur. Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi və oradan qaçqın düşən bir milyon vətəndaşımızın yeni ərazilərdə məskunlaşması və fəaliyyət göstərməsi nadir bitkilərə qarşı bu təhdidi bir qədər də artırıb. Belə ki, son illərdə dənizkənarı bölgələrdə bağ evləri tikintilərinin daha da genişlənməsi Azərbaycanın bir sıra nadir bitkilərinin areallarını kiçildib, hətta nəslinin yoxolma təhlükəsi altına alıb.

İnstitutun direktoru qeyd edib ki, respublikamızın florasında 800-dən çox bitki növü dərman effektinə malikdir. Dünyada hazırlanan dərmanların 50 faizdən çoxu bitki mənşəlidir. Bu tipdə olan bitki növlərinin müxtəlif orqanlarının toplanması, ixrac edilməsi və respublikamızda geniş istifadə olunması da bəzi nadir bitkilərin areallarının getdikcə azalmasına səbəb olur. Belə hadisələr nəticəsində ölkəmizdə olan nadir bitkilərin, əsas etibarilə dərman və aromatik bitkilərin təbii populyasiyalarının azalması mütəxəssislər tərəfindən də qeyd edilməkdədir. Son illərdə geofitlərin, bir çox dərman və aromatik bitkilərin təbiətdən toplanması və satılması aşırı həddə çatmışdır. Odur ki, vətəndaşlar bu sahədə maarifləndirilməli və sonra nadir bitkilərin mühafizə tədbirləri görülməlidir.

Hava və su çirklənməsi ilə yanaşı, torpağın çirklənməsinə də səbəb olan digər faktorlardan biri pestisidlərdən geniş istifadə olunmasıdır.

İnsanların sahəni yabanı otlardan təmizləmək üçün kimyəvi dərmanlardan geniş istifadə etməsi kosmopolit yabanı ot bitkilərini məhv etməklə yanaşı, həmin ərazilərdə yayılan bəzi ağac və kol bitkilərini də sıradan çıxarır. İnsanın belə fəaliyyətinin təsirlərindən ot bitkilərinin arealları azalmaqda davam edir.

Alim ölkəmizdə olan nadir bitki növlərinin azalmasına və ya nəslinin kəsilməsinə səbəb olan amillərdən birinin də yanğınlar olduğunu və yanğınların baş verməməsi üçün vətəndaşlarmızın marifləndirilməsinin vacibliyini vurğulayıb. azərtac