Prezidentə ümumxalq sevgisinin əyani təzahürü

0
49

Dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər xalqımız tərəfindən birmənalı şəkildə təqdir olunur.

Məhz bu səbəbdən dövlət başçısının həmişə olduğu kimi, bu çətin günlərdə də ölkəmiz və xalqımız üçün gördüyü misilsiz işləri, qəbul etdiyi müdrik qərarları vətəndaşlarımız minnətdarlıq hissi ilə qarşılayırlar. Bunu son günlər Prezident İlham Əliyevə ünvanlanan məktublar da sübut edir. Belə məktubların sayı isə minlərlədir. Hər məktubda belə bir məqam xüsusi vurğulanır: “Bütün dünyanın koronavirusla üzləşdiyi bir vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri bizlərə ölkəmizdə daha rahat və arxayın yaşamağa imkan verir. Siz insanlarımızın sağlamlığı üçün ölkədə çox münbit şərait yaradırsınız.”

 Qeyd edək ki, vətəndaşlarımızın dövlətin gördüyü işlərə belə yüksək qiymət verməsi onların həm də dünyada baş verən prosesləri diqqətlə analiz etmələri ilə bağlıdır. Belə ki, onlar televiziya kanalları vasitəsilə görürlər ki, inkişaf etmiş, böyük imkanlara malik ABŞ, İngiltərə, İtaliya, Fransa, İspaniya kimi ölkələr belə bu balanın əlində aciz qalıblar. Görürlər ki, həmin ölkələrdə koronavirus pandemeyası çoxlu sayda insanın həyatına son qoyur. Şübhəsiz, bu da hər şeydən əvvəl həmin ölkələrin rəhbərlərinin bu bəlaya qarşı vaxtında qabaqlayıcı tədbirləri görməmələrindən irəli gəlir. Lakin ölkəmizdə vəziyyət tam başqadır. Daha doğrusu, dövlətimizin vaxtında gördüyü zəruri tədbirlər sayəsində respublikamız koronavirusla mübarizədə daha fəaldır. Hətta Azərbaycan bu gün dünyada koronavirus pandemiyasına qarşı mübarizədə ən ciddi tədbirlər görmüş ölkələrin sırasındadır. Üstəlik, dövlət başçısının həyata keçirdiyi tədbirlər əksər dövlətlər üçün nümunə sayılır. Respublikamizda bu bəladan əziyyət çəkənlərin, eləcə də dünyasını dəyişənlərin sayının azlığı da bunu sübut edir. Bu göstəricilərinə görə Azərbaycan nəinki regionda, hətta dünyada seçilən ölkələrdəndir. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin çevik reaksiyası sayəsində ölkəmiz koronavirus pandemiyasına qarşı mübarizədə dünya ölkələri ilə müqayisədə nəzərəçarpacaq uğurlar qazanıb. Halbuki vaxtında qabaqlayıcı tədbirlər görülməsəydi, cənab Prezidentin də qeyd etdiyi kimi, bu gün Azərbaycanda xəstələrin sayı min yox, bəlkə on min, iyirmi min, bəlkə də daha çox olardı.

Bu yerdə bir məqamı da qeyd etmək yerinə düşərdi. Fikrimizcə, koronavirus pandemiyasının fəsadlarının aradan qaldırılmasında ölkəmizdə aparılmış uğurlu islahatlar da önəmli əhəmiyyət kəsb etdi, xalq da islahatların müsbət nəticələrini bir daha görmüş oldu. Bəli, dövlətin həyata keçirdiyi islahatlar pandemiya dövründə də əhalinin köməyinə gəldi. Bu mənada demək olar ki, islahatlar bir daha uğurlu inkişaf üçün iqtisadiyyatın dayanıqlılığının ən vacib şərt olduğunu göstərdi. Bu, həm də ölkəmizdə həyata keçirilmiş islahatların böhranlı şəraitdə belə özünü doğrultması deməkdir.

Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdə müxtəlif istiqamətlər üzrə geniş islahatlar aparılıb və dövlət başçımızın fikrincə, bu kimi islahatların davam etdirilməsi məsələlərinə yenə də baxılmalıdır: “Həyat yerində durmur, həyat davam edir və mən əminəm ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq, necə ki, 2019-cu ildə islahatların böyük hissəsi icra edilmişdir.”

Bəli, bu çətin günlərdə insanlarımızın sağlamlığı, sosial rifahı daha çox diqqət mərkəzindədir. Nazirlər Kabineti yanında Operativ Qərargahın, eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, “Yeni klinika” tibb müəssisəsinin və Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışları, sosial qayğıya ehtiyacı olan vətəndaşlara maddi yardımların göstərilməsi, bu problemin həlli ilə bağlı keçirilən müşavirələr, verilən tapşırıqlar bir daha dövlət başçısının bu sahədəki siyasətinin davamlı olmasının bariz nümunəsidir. Bütün bunların nəticəsidir ki, vətəndaşlarımız da dövlət başçısının bu qətiyyətli addımlarını təqdir edirlər.

Aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda Prezident İlham Əliyev demişdir: “Son günlər ərzində mənə ünvanlanan minlərlə məktub göstərir ki, Azərbaycan xalqı dövlət tərəfindən görülmüş işlərə çox böyük qiymət verir. Əlbəttə ki, bu, bizi daha da ruhlandırır. Bu, onu göstərir ki, baxmayaraq insanların həyatı çətinləşib, normal həyata müdaxilə edən karantin rejimi bir çoxları üçün problemlər yaradıb, yenə də xalqımızın böyük əksəriyyəti bu vəziyyəti dərk edərək dövlətə öz dəstəyini göstərməkdədir.”

Bəli, vətəndaşların öz rəhbərlərinə minnətdarlıq məktubları həqiqətən də birliyin, həmrəyliyin ifadəsidir. Bu mənada demək olar ki, ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb. Bu prosesdə dövlətimizin başçısının rolu danılmazdır. Tanrı Sizi qorusun, cənab Prezident!

Qvami Məhəbbətoğlu, “İki sahil”