Azərbaycan neftinin qiyməti görülməmiş həddə ucuzlaşdı

0
56

Dünya bazarında Azərbaycanda hasil olunan “Azeri Light” (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün kəskin şəkildə ucuzlaşaraq 15,8 dollara düşüb.
alpaninfo. com yeniavaz.com-a istinadən  xəbər verir ki, “Azeri Light” markalı neft tarixi ərzində heç vaxt bu səviyyəyə düşməyib.
 “Azeri Light” markalı  neftin qiyməti sonuncu dəfə bu ilin aprel ayının 2-də 16,5 dollara düşərək anti-rekorda “imza atıb”. 
Bundan əvvəl isə 19 il əvvəl – 2001-ci ilin dekabr ayında ən aşağı səviyyəyə düşüb. 2001-ci ilin dekabr ayında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin qiyməti 19,15 dollar olub. 
Onu da bildirək ki, “Azeri Light” (CIF) markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel “Azeri Light” markalı neftin qiyməti 149,66 dollar olub.
Qeyd edək ki, Azərbaycanda hasil olunan xam neftin maya dəyəri ilə bağlı sonuncu rəsmi məlumat 2018-ci ilə aiddir. 2 il əvvəl SOCAR-ın açıqladığı hesabatda qeyd olunur ki, şirkətin balansında olan yataqlarda 1 ton neftin maya dəyəri 117 manat 92 qəpikdir. Bu isə o deməkdir ki, 2 il əvvəl SOCAR-ın hasil etdiyi 1 barel neftin maya dəyəri təxminən 11 dollar təşkil edib. 
Lakin ötən gün SOCAR-ın Mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov sosial şəbəkə hesabında Azərbaycan neftinin maya dəyərinin 9 dollar olduğunu açıqlayıb. 
Yayılan məlumatlarda isə bildirilir ki, Azərbaycan neftinin bu səviyyədə ucuzlaşması səbəbindən SOCAR bəzi quyularda neft hasilatını azaltmağa başlayıb. 

Məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən SOCAR-ın Mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov bildirdi ki, hazırda neft hasilatının azaldılması nəzrdə tutulmayıb: “Hasilatın azaldılması barədə “OPEC+” ölkələrinin razılığı var. Nəzərdə tutulub ki, hasilat may ayından etibarən azaldılsın. Bu SOCAR-dan asılı bir məsələ deyil. Dövlətlər öz üzərlərinə öhdəlik götürüblər və şirkətlər də bu öhdəliyi icra etməyə borcludular”. Hasilatın azaldılmasının neftin qiymətinin kəskin ucuzlaşması ilə heç bir əlaqəsi yoxdur deyən İbrahim Əhmədov qeyd etdi ki, hazırda neftin satış qiyməti maya dəyərindən yüksəkdir: “Hətta qiymət bir-neçə ay maya dəyərindən aşağı olsa belə bu müflisləşmə demək deyil. Müflisləşmə qiymətlərin uzun müddət bu səviyyədə qalması zamanı ola bilər”. 
A. Cəfərov