Mingəçevirdə qanvermə aksiyası təşkil edilib

0
293

 Birinci vitse-prezident Mehriban Əliyevanın  qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına  Mingəçevir şəhər İcra Hakimiyyəti də qoşulub.

Keçirilən aksiya çərçivəsində qan verəcək şəxslər əvvəlcə həkim nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib.

Mərkəzi  Qan Bankının Mingəçevir bölməsinin müdiri Vüsalə Səfərəliyeva  saytımıza açıqlama verərək bildirib ki, aksiya zamanı toplanan qan bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanlar, o cümlədən talassemiyalı və hemofiliyalı xəstələr üçün nəzərdə tutulub. Həkim bildirib ki, qan vermək insanların özlərinin də sağlamlığı üçün faydalıdır. Həkim bütün qan verənlərə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, qanvermə aksiyasında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, o cümlədən aparatın bütün işçiləri, eləcə də şəhər bələdiyyəsinin, YAP Mingəçevir şəhər təşkilatının, Heydər Əliyev Mərkəzinin əməkdaşları və Mingəçevir Dövlət Universitetinin müəllim və tələbələri də iştirak ediblər.

Esmira Hidayətova, Mingəçevir