Videoproyeksiyalar: Həmrəylik və tərəfdaşlıq əlaqələrinin əksləri

0
45

Hazırda dünyanın demək olar ki, əsas müzakirə mövzusu koronavirus pandemiyasıdır. Bir neçə aydır ki, bütün bəşəriyyət gözəgörünməz bu kiçik virusla mübarizəyə atılıb.

Bəli, sərhəd tanımayan koronavirus pandemiyası dünyanın bütün ölkələrinə yayılıb və çox ciddi fəlakətlərə səbəb olub. Azərbaycanda bu infeksiya ilə bağlı qabaqlayıcı tədbirlər vaxtında görülüb. Məhz bunun nəticəsidir ki, ölkəmizdə vəziyyət ciddi nəzarət altındadır. Hətta belə bir vəziyyətdə ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə başqa ölkələrə də öz köməyini əsirgəmir. Məsələn, aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ölkəmizin bu bəla ilə mübarizədə başqalarına yardım etdiyini də xüsusi vurğulayaraq demişdir: Həqiqətən, Azərbaycan 5 milyon dollar ianə verib. Türkiyə də sağ olsun. Əlbəttə, çox sağ olun. Avropalı qonşularınıza kömək edir, onlara əsas materiallar göndərirsiniz. Hamınıza təşəkkür etmək istərdim”. Pandemiyadan əziyyət çəkən ölkələrin Avropa İttifaqından, Avropa Şurasından dəstək istədiyi bir dönəmdə bu addımın fikrimizcə, geniş şərhinə ehtiyac yoxdur. Yalnız onu qeyd edək ki, bu addım Azərbaycanın iqtisadi qüdrətinin növbəti bariz təcəssümüdür.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan, həmçinin koronavirus pandemiyasına məruz qalmış ölkələrə mənəvi dəstək də göstərir. Bu prosesdə Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi layihə  daha çox diqqət çəkir. Layihə çərçivəsində hər gün koronavirus pandemiyasından (COVID-19) zərər çəkən dövlətlərin bayraqları həmin ölkələrin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən sayılan Heydər Əliyev Mərkəzinin binası üzərinə videoproyeksiya olunur. Bununla da Heydər Əliyev Mərkəzi koronavirus pandemiyasının geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. İndiyədək koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya, ABŞ, Gürcüstanın, eləcə də Avropa İttifaqının və Ümumdünya Səhiyyə Təşkilatının bayraqları Heydər Əliyev Mərkəzin binasının üzərində nümayiş olunub.

Yeri gəlmişkən, qeyd edək ki, Heydər Əliyev Mərkəzinin bu addımı dünyada həmrəyliyə xidmət edən bir missiya kimi dəyərləndirilməkdədir.  Məsələn, Çin KİV-ləri bu aksiyanın Azərbaycanın pandemiyadan əziyyət çəkən Çin xalqına hörmət və ehtiramının ifadəsi, Çin ilə həmrəyliyinin göstəricisi olduğunu vurğulayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyi Heydər Əliyev Mərkəzinin binasının üzərində Ümumdünya Səhiyyə Təşkilatının bayrağının təsvir olunmasına görə dərin minnətdarlığını bildirib. 

Fransanın ölkəmizdəki səfiri Zakari Qrosun bu münasibətlə  Prezident İlham Əliyevə göndərdiyi məktubda deyilir: “Cənab Azərbaycan Respublikasının Prezidenti! Bəşəriyyət koronavirusun yaratdığı ağır problem ilə üz-üzədir. Pandemiya Fransanı da, Azərbaycanı da sınağa çəkib. Bu çətin zamanda, Heydər Əliyev Mərkəzinin möhtəşəm binasının aprelin 5-də axşam Fransa bayrağının rənglərində işıqlandırılması ölkəmizdə dəyərli həmrəylik jesti olaraq yüksək qiymətləndirildi. Bu dostluğun belə müstəsna ifadəsinə görə Fransa Prezidenti Emmanuel Makronun və bütün fransızların adından Sizə öz minnətdarlığımı bildirirəm. Cənab Prezident, Sizə dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

 Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas isə bu qurumun rəsmi “Facebook” səhifəsində Azərbaycana təşəkkür edərək bildirib ki,  “Heydər Əliyev Mərkəzinin binası üzərində əks olunan Avropa İttifaqının bayrağı, bu  qurumla Azərbaycan arasındakı həmrəylik və tərəfdaşlıq əlaqələrinin əksidir. Birlikdə daha güclüyük! Sağ ol, Azərbaycan!”

Bu məqamda dövlət başçımızın bu sözlərini xatırlamaq yerinə düşərdi: “Bizim həmrəyliyimiz və birliyimiz nümunəvi xarakter daşıyır. Bu, onu göstərir ki, biz yalnız xoş günlərdə deyil, çətin günlərdə də bir-birimizin yanındayıq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”