Məşğulluq: İndiki şəraitdə xüsusi önəm daşıyan sahə

0
34

“Sosial sahə bizim üçün həmişə prioritet olubdur, indiki şəraitdə ikiqat prioritet olmalıdır. Çünki son illərdə məşğulluq, sosial təminat istiqamətlərində böyük addımlar atılıb, ancaq indiki şəraitdə bu, xüsusi önəm daşıyır”. Bu sözləri Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirikən müşavirədə demişdir. Artıq dövlət başçısının tapşırıqlarının icrası istiqamətində müvafiq addımlar atılır. Belə ki, özünüməşğulluq proqramının genişləndirilməsi və proqrama cəlb olunanlara aktivlərin verilməsi prosesi davam edir. Banklar tərəfindən də aktivlər təqdim olunur. Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu il 12 min ailənin özünüməşğulluq proqramında iştirakı təmin olunacaq. Artıq bu məqsədlə İşsizlikdən Sığorta Fondundan 70 milyon manat da ayrılıb. Bununla da insanlar özləri üçün müstəqil gəlir mənbələri yaradacaq və ailələrini saxlaya biləcəklər.

Xatırladaq ki, özünüməşğulluq vətəndaşlar üçün çox əlverişli qazanc formasıdır. Yəni   dövlətin köməkliyi ilə  insanlar müəyyən iş qura bilirlər. Bir sözlə, özünüməşğulluq maddi çətinliyi olan ailələrin özlərinə yaxşı dolanışıq şəraiti yaratmağa imkan verir. Elə məqsəd də əhalinin bu proqramdan ciddi şəkildə bəhrələnməsidir. Şübhəsiz, koronavirusun yayıldığı bir dönəmdə əhalinin məşğulluq məsələsinin prioritetlərdən biri kimi irəli çəkilməsi, ön planda olması təqdirəlayiqdir. Yeri gəlmişkən, qeyd edək ki, bu il üçün 11 min ailə hədəf kimi müəyyən edilmişdi. Lakin yaranmış vəziyyətə uyğun olaraq bu say artırılıb. Fikrimizcə, bu faktın özü cənab Prezidentin bu məsələyə necə önəm verməsinin bariz nümunəsidir.

Üstəlik, ölkəmiz bu sahədə zəngin təcrübəsi olan beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. Belə ki, Dünya Bankı ilə aparılan müzakirələr artıq başa çatıb. Bu layihə çərçivəsində hər il 5 min ailənin özünəməşğulluğu təmin ediləcək. BMT-nin İnkişaf Proqramı isə 500 nəfər əlilliyi olan şəxsin biznesə çıxışına imkan yaradacaq. Paralel olaraq, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi  “Sosial bağlar” layihəsi çərçivəsində hər il 250 ailə üçün təqribən bir hektar ərazidə bağ salınır. Şübhəsiz, bütün bunlar da olduqca sevindiricidir. Bu gün özünüməşğulluq proqramı iştirakçısının məşğulluqdan başlayaraq, gələcəkdə kiçik, orta sahibkara çevrilə biləcəyi də istisna olunmur.

Xatırladaq ki, icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi 2017-ci ildə 1500 ailəni əhatə etmişdisə, 2018-ci ildə bu göstərici 7 min, 2019-cu ildə 10 min olub. Artıq onlar mal və materiallar formasında öz aktivlərini alaraq ailə təsərrüfatlarını yaradıblar. Bir məlumatı da qeyd edək ki, dünya praktikasında özünüməşğulluq proqramının uğur əmsalı təqribən, 50 faiz ətrafındadır, Azərbaycana gəldikdə, bu, daha çoxdur. Bu isə hər şeydən əvvəl, insanların işlə təmin olunmasına göstərilən dövlət qayğısının və şəxsən Prezident İlham Əliyevin həssas münasibətinin nəticəsidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”