Ekpert: Əkinlər texnoloji xəritəyə uyğun davam etdirilir

0
35

Hazırkı dövr kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirlərin və yazlıq səpinlərin ən intensiv çağına təsadüf edir. Bəs koronavirus pandemiyasının yayıldığı bir vəziyyətdə bu işlər ölkəmizdə necə təşkil edilib?

Ekspert Nicat Nəsirli mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, kənd təsərrüfatı sahəsində bütün işlər günün tələbləri əsasında qurulub: “2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə Prezident İlham Əliyev demişdir: “Karantin rejimi kənd təsərrüfatı işlərinə mane olmamalıdır. Ona görə müvafiq göstərişlər verilmişdir”. Nəticədə Nazirlər Kabineti tərəfindən qəbul olunmuş təlimata əsasən, kənd təsərrüfatı işlərinin fasiləsiz həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə iş qurulub. Başqa sözlə desək, koronavirusla əlaqədar kənd təsərrüfatı sahəsi də mövcud vəziyyətin qayda və tələblərinə tam uyğunlaşdırılıb. Belə ki, hazırda əkin sahələrində intensiv aqrotexniki tədbirlər aparılır, vegetasiya suvarmaları həyata keçirilir. Artıq pambıqçılıq rayonlarında çiyid səpininə də başlanılıb. Onu da deyim ki, bu il respublikanın 21 rayonu üzrə 100 min hektar sahədə pambıq əkini proqnozlaşdırılır. Digər yazlıq əkinlər – tütün, şəkər çuğunduru, bostan-tərəvəz, kartof əkini üzrə tədbirlər həyata keçirilir. Əminliklə demək olar ki, bu çətin günlərdə bütün bölgələrimizdə nəzərdə tutulmuş əkinlər texnoloji xəritəyə uyğun davam etdirilir. Bütün bunlar isə o deməkdir ki, çətinliklərə rəğmən, yaz tarla işlərinin ahəngi pozulmayıb. Ortaya çıxan çətinliklər isə dövlət tərəfindən operativ həll olunur”.

Müsahibimiz bildirdi ki, müşavirədə aqrar sektorla bağlı iki məsələ qaldırıldı ki, onlardan biri koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyaclarının qarşılanması məqsədilə bu sahədə təminatsız mikrokreditlərin verilməsi ilə əlaqədar idi: “Dövlət başçısı elə həmin gün, yəni aprelin 14-də bununla bağlı Sərəncam imzaladı və bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrıldı. Bilirsiniz ki, xusisilə əkin dövründə fermerlərin mikrokreditlərə tələbatı yaranır. Fermerlər kredit üçün banklara müraciət edəndə banklar tərəfindən əksər hallarda onlardan kredit müqabilində Bakıda mənzil girovu tələb olunurdu. Yeni Sərəncam fermerlərə girov tələbi olmadan mikrokreditlərin verilməsini nəzərdə tutur. İkincisi isə bəzi əkin sahələrinin suvarılmasında yaranan çətinliklərlə bağlı idi. Prezident kənd təsərrüfatının və fermerlərin bu sahədə tələbatını ödəmək üçün yeni proqram tərtibinə ehtiyac olduğunu bildirdi. Üstəlik, aprelin 15-də ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə komissiya yaradılması ilə bağlı Sərəncam da imzaladı. Şübhəsiz, bütün bunlar bir daha göstərir ki, belə çətin durumda da aqrar sahə cənab Prezidentin diqqət və qayğısında olan bir sahədir”.

N.Nəsirli, həmçinin vurğuladı ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, rayonlardan orta və iri tonnajlı maşınlarla paytaxta, digər böyük şəhərlərə və rayonlara kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasına da icazə verilir: “Fermerlər yerli icra hakimiyyəti orqanlarından aldıqları arayış əsasında məhsullarını sərbəst şəkildə paytaxt, böyük şəhərlər və rayonlara gətirib sata bilərlər. Eyni zamanda, məhsullar heç bir maneə olmadan bazarlara çıxarılır, həmçinin xarici ölkələrə ixrac edilir. Bu səbəbdən şəhərlərdəki ərzaq satışı məntəqələrində heç bir qıtlıq yaranmır.”

Ekspertin fikrincə, bu il üçün aqrar sahənin bütün istiqamətləri üzrə istehsal proqnozları ötən ilki kimi nikbindir: “Əkin sahələrində keçirilən monitorinqlərə əsasən demək olar ki, məhsuldarlıq yüksək olacaq. Bu mənada deyərdim ki, aqrar sahədə hər hansı bir probelmin yaşanması üçün tutarlı səbəb yoxdur”.

Qvami Məhəbbətoğlu,“İki sahil”