Xalq Prezidentin koronavirusla mübarizədə atdığı addımları təqdir edir

0
42

Koronavirusla mübarizə məsələlərində ilk gündən Prezident İlham Əliyevin qətiyyətli mövqeyi göz önündədir. Məhz dövlət başçısının uğurlu siyasəti nəticəsində ölkəmizdə pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Vətəndaşlarımızın sağlamlığının və təhlükəsizliyinin qorunması istiqamətində həyata keçirilən tədbirlər xalq tərəfindən də birmənalı şəkildə təqdir olunur. Dövlət başçısının ünvanına göndərilən məktublar da bunu sübut edir. Həmin məktublar bir daha təsdiqləyir ki, xalq dövlətinə və onun başçısına güvənir və inanır. Xalq inanır ki, məhz həyata keçirilən tədbirlər nəticəsində tezliklə bu bəladan xilas olacaq.

Mingəçevir şəhərindən Paşayev Bəhmən Rəsul oğlu yazır ki, Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımların, yürütdüyü siyasətin təməlində həqiqətən də Azərbaycan vətəndaşı və onun rifahı dayanır: “Cənab Prezident, əminik ki, “Biz birlikdə güclüyük!” çağırışınızla bu virusa tez bir zamanda qalib gələcək, bu bəladan az itki ilə qurtulacağıq. Bütün mingəçevirlilər Sizə güvənir, Sizinlə qürur duyur, şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar diləyirlər.”

Gəncə şəhərindən Məhərrəmov Mətləb İbrahim oğlu və başqaları məktublarında qeyd edirlər ki, xəstəliyə yoluxanlarla sağalanların sayının təqribən eyni olması ümidlərimizi və inamımızı daha da artırır: “Sizin vaxtında gördüyünüz tədbirlərin real nəticələr verəcəyini əvvəlcədən gözləyirdik. İnanırıq ki, bu sahədə vəziyyət get-gedə daha da yaxşılaşacaq və xalqımızın canı bu bəladan birdəfəlik qurtaracaq.”

Salyan rayonu, Marışlı və Seyidsadıqlı kənd sakinlərinin (Qabil Bağırov, Dadaş Qafarov, Teymur Rzayev, Ceyhun Musayev və başqaları)  məktubunda isə deyilir:  “Koronovirus epidemiyası Azərbaycan sərhədlərini keçən kimi Sizin gördüyünüz qabaqlayıcı tədbirlər, xəstəliyin daha geniş ərazini əhatə etməməsi üçün verdiyiniz tapşırıqlar bu problemi nəzarətdə saxlamağa imkan verdi. Bu tədbirlər Sizin üçün xalqın sağlamlığının hər şeydən üstün olduğunu göstərir. Bununla da Siz bir daha hər bir azərbaycanlının Prezidenti olduğunuzu təsdiq etdiniz.”

Ağdamın Xındırıstan kəndinin sakinləri – Baxşəliyev Nurlan Cavanşir oğlu, Qasımov Məzahir Tahir oğlu, Hümbətov Aqil Məsi oğlu yazırlar: “Pandemiyanın qarşısının alınması istiqamətində görülən işlərə, həmçinin bizə “Evdə qal” şəraitində yaşadığımız halda yardım göstərdiyinizə görə Sizə təşəkkür edirik. Sizinlə fəxr edirik, cənab Prezident!”

Neftçala rayonunun Xolqaraqaşlı kəndinin sakinlərinin (Məcidov İlham Həsən oğlu, Quliyev Eyvaz Nəcəf oğlu) məktubunda vurğulanır: “Dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşansa da, Azərbaycanda qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarət altında saxlanılır. İnşallah, Allahın köməyi, Sizin gərgin əməyiniz sayəsində ölkəmiz bu bəladan minimum itkilərlə çıxacaq”. Onların məktubu bu sözlərlə tamamlanır: ”Azərbaycan xalqı üçün gördüyünüz bütün işlər alqışlanır, yüksək qiymətləndirilir. Bu şərəfli və məsuliyyətli vəzifənizdə Sizə və Mehriban xanıma uğurlar arzulayırıq”.

Bakı şəhəri Nəsimi rayonunun sakini Qaragözov Sübhan Müsavər oğlu yazır: “Bu vəziyyətdə dövlətimizin, Prezidentimizin öz xalqının və vətəndaşlarının yanında olması, onların bütün mümkün problemlərinin həllinə çalışması doğrudan da təqdirəlayiqdir, sevindirici və qürurvericidir”.

Bu sətirlər isə Bakı şəhərinin sakini Heydərli Fuad Hacı oğlunun məktubundandır: “Sizin və Mehriban xanımın bu mövzuda xalqımıza etdiyiniz müraciətlər xalqımızda yüksək əhval-ruhiyyə yaradıb, biz vətəndaşlara böyük mənəvi stimul olub.  Biz gənclər də Sizin bu xidmətlərinizi yüksək qiymətləndirir, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımızın tezliklə bu yoluxucu xəstəlikdən ən az itki ilə qurtulacağına əminliyimizi bildiririk. Bütün bunlara görə gənclər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizi, ailənizi və xalqımızı qorusun.”

Goranboy rayonunun Xan Qərvənd kəndinin sakini Hacıyev Niyaz Qurban oğlunun məktubunda isə bu sözlər yazılıb: “Bu gün mən və ailəm paytaxtdan 350 kilometr aralıda, özü də döyüş bölgəsi olan bir rayonda yaşayırıq. Verilən bütün qərarların ölkənin ən ucqarlarında belə icrası dövlət intizamının bariz nümunəsi və bunun nəticəsində biz sadə insanların dövlətə inamının daha da möhkəmlənməsidir. Cənab Prezident, Siz xoş günlərdə də, çətin günlərdə də həmişə xalqımızın yanında, sadə insanların arxasında olmusunuz. Qoy bu çətin yolda Allah da həmişə Sizin arxanızda dursun.”

Quba rayonundan Mirzəyev Sərxan Eldar oğlu isə ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirləri dünya üçün nümunə hesab edib. Masallı rayonundakı N.Bağışov adına Xanalion kənd məktəbinin direktoru Bağırzadə Mirəsgər Mirqasım oğlu isə görülən işlərə görə Masallı rayonunun təhsil işçiləri, bütün müəllim və şagird kollektivləri adından cənab Prezidentə təşəkkür edib.

 Məktublardan göründüyü kimi, Prezident-xalq birliyinin təcəssümü bu gün daha qabarıq şəkildə özünü göstərməkdədir. Bu məqamda aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə dövlət başçımızın bu sözlərini də xatırlatmaq yerinə düşərdi: “Ancaq bir daha demək istəyirəm ki, bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Bu günlərdə mənə ünvanlanan yüzlərlə, minlərlə məktublar, elektron məktublar, mesajlar göstərir ki, vətəndaşlar bizim atdığımız addımları yüksək qiymətləndirirlər.”

Qvami Məhəbbətoğlu, “İki sahil”