Koronavirusla bağlı ilk dəfə olaraq pozitiv statistika qeydə alınıb

0
54

Koronavirus infeksiyasının yayılması ilə bağlı ilk dəfə olaraq pozitiv statistika qeydə alınıb.

Bu barədə aprelin 15-də keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O deyib ki, aprelin 12-dən sağalma yoluxmanı üstələyib. Bu, müsbət haldır. Aprelin 12-də ilk dəfə pozitiv nəticə qeydə alındı. Aprelin 13-də vəziyyət neqativ olsa da, az fərq oldu. 14-də pozitiv nəticə əldə etdik. Ötən həftə durum sabit olub. Xəstələrin sayı 822-844 nəfər arasında dəyişib. Bu da vəziyyətin sabitliyini göstərir. “Amma biz deyə bilmərik ki, belə davam edəcək. Son 5 gündə pozitiv neqativi əvəzləyir. Bu vaxta qədər belə deyildi, neqativ pozitivi üstələyirdi. Bu, o deməkdir ki, karantin rejiminin nəticələri artıq var. Bu durum bizi ruhlandırır ki, karantin qaydalarına əməl edək”, – deyə İbrahim Məmmədov bildirib.

Məlumata görə, aprelin 15-də Azərbaycan Respublikasında 56 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 53 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Hazırkı dövrədək ölkəmizdə 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 404 nəfəri müalicə olunaraq sağalmış, 13 nəfər vəfat etmiş, 836 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 75.397 test aparılmışdır.