Psixoloq tövsiyəsi: Özünüzə köklənin

0
48

Orqanizmin immun sistemini zəiflədən, müxtəlif xəstəliklərin asanlıqla yoluxmasına səbəb olan amillərin ən mühümü stresdir. Məlum olduğu kimi, stress bədənin və beynin həqiqi və ya güman edilən təhlükələrə və ya dəyişikliklərə reaksiyasıdır. Stresin emossional əlamətlərinə depressiya, təşviş, əsəbilik, darıxma və məyusluq kimi hallar aid edilir. Hazırda bəzi insanlar dünyanı sarsıdan koronavirusla bağlı gündəlik xəbərlərə qulaq asdıqca stress vəziyyətinə düşürlər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Pedaqoji fakültəsinin dekan müavini, psixoloq Nübar Bayramova mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında belə bir vəziyyətdə həyəcanlamağın normal hal olduğunu söylədi: “Bəli, həqiqətən, çox qorxulu pandemiya ilə üz-üzəyik, lakin gec-tez hər şey yoluna düşəcək. Unutmayaq ki, bizlərdən heç kim dünyada baş verən belə prosesləri dəyişmək iqtidarında deyil”.

Müsahibimiz daha sonra dedi: “Yaddan çıxarmayın ki, panika və stress insanı virus qədər oldürməyə qadirdir. Stress insanın əmək qabiliyyətini zəiflədir, əhval-ruhiyyəni aşağı salır, yuxusuzluq və immunitetin zəifləməsinə gətirib çıxarır. Stress zamanı insanın fikirləri çox yayınır, bu da həyəcanı daha çox artırır və onun sağlam, düzgün qərar verə bilmək qabiliyyətini zəiflədir.”

Psixoloqun fikrincə, həkimlər stresdən qorunmaq üçün daha cox vitaminli qidalar qəbul etməyi, bir sözlə, bədənlərini vitamin deposuna çevirməyi tövsiyə edirlər: “Xüsusilə C, B və A qrup vitaminlər stress zamanı faydalı hesab olunur və orqanizmin stresə davamlılığını artırır”. “Bəs psixoloqların stresi azaltmaq üçün tövsiyələri nələrdən ibarətdir” sualına isə həmsöhbətimiz belə cavab verdi: “Hər şeydən əvvəl, koronavirusla bağlı yalnız və yalnız rəsmi informasiyalara diqqətli yanaşılmalı, qeyri-rəsmi məlumatlara isə ümumiyyətlə, qulaq asılmamalıdır. Bu da sizə vəziyyəti düzgün qiymətləndirməyə yardım edəcəkdir. Onu da qeyd edim ki, mövcud şəratidə internetə aludə olmaq da məsləhət deyil. Sadəcə, gündəlik həyatınızla bağlı yarımçıq qalmış işlərinizlə məşğul olun, xoşbəxt anlarınızı tez-tez yadınıza salın, gələcək xoş günləriniz üçün gündəlik tutun. Bir sözlə, əgər belə demək mümkünsə, özünüzə köklənin və özünüzü öz pupundan bayıra çıxacaq vaxtını gözləyən kəpənək kimi hiss etməyə çalışın”.

Psixoloq bağlı fikirlərini bu sözlərlə tamamladı: “Stresə düşməmək üçün özünüzə inanın, evdə qaldığınız dönəmdə vaxtınızı effektiv idarə etməyə çalışın, mənfi hadisələr haqqında əsla düşünməyin, müsbət emosiyalar yaradan filmlər izləyin, kitablar oxuyun, ailənizlə və uşaqlarınızla birgə əylənin. Bir də… diqqətdə saxlayaq ki, həyəcanı ən çox gülüş azaldır. Əgər azacıq da olsa, gülmək imkanınız varsa, bundan istifadə edin. Çünki gülüş də sizin həyəcanınızın azalmasına xidmət edir”.

Müsahibimiz, həmçinin bildirdi ki, bu çətin günlərdə dövlətimiz vətəndaşlarımız, xalqımız üçün, sözün həqiqi mənasında, fədakarlıq göstərirlər: “Bütün bunlar şəxsən məni çox qürurlandırır. Əminəm ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində çox qısa zamanda bu pandemiyaya da qalib gələcəyik, ölkəmiz bu COVID-19 fəlakətindən minimum itkilərlə çıxacaq. Bizim isə əsas vəzifəmiz “Evdə qal!” və digər çağırışlara ciddi əməl etməkdir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”