Kəndimizin evləri və yaxud ərvəzli xatirələr

0
203

O vaxtlar kəndimizdə evlərin tikintisində əsas material kimi, bir qayda olaraq, torpaqdan hazırlanmış çiy kərpicdən (o zamanlar mişar daşından söhbət belə gedə bilməzdi) istifadə olunardı. Çiy kərpic kəsmək üçün əvvəlcədən hazırlanan torpaq, su ilə palçıq halına gətirilər və üzərinə ləmbə (küləş, yəni taxıl döyüldükdən sonra qalan quru çöplər; iri saman.) səpilərək ayaqla tapdanardı. Tapdanma prosesində əsasən kişilər iştirak edərdilər. Sonra da lopatka (əsasən çalov, yəni yanları azacıq yuxarı əyilmiş lopatka) ilə tapdanmış palçığın, əgər belə demək mümkünsə, altını üstünə çevirərdilər ki, bu, həm palçığın yaxşı həllinə, həm də ləmbənin yaxşı qarışmasına xidmət edərdi. Bu proses bir necə dəfə təkrarlanardı. Kəsiləcək kərpic hazırlamaq prosesində bəzən atlardan da istifadə olunardı. Palçığın hazırlandığı yer isə nohur (bizim öz sözlərimizlə desək, nour) adlanardı. Onu da deyim ki, ləmbə kəsiləcək kərpiclərin möhkəm alınmasına xidmət edirdi.

 Palçıq yaxşı tapdalandıqdan sonra təkərli daşka dediyimiz kiçik əl arabasına yüklənərək kərpic kəsmək üçün elə nohurun yaxınlığına, yaxud da ondan bir az aralıya, əsasən günün daha çox düşdüyü yerə daşınıb boşaldılardı. Çox vaxt palçıq nosilka (xərəklə) ilə daşınardı. Bu işlər, adətən daha qüvvətli şəxslərə həvalə olunardı. Palçıq yerə boşaldılan kimi xüsusi hazırlanmış  kərpic qəlibinə (tökmə vasitəsilə müəyyən formalı şeylər hazırlamaq üçün içərisi həmin formaya uyğun şəkildə düzəldilmiş qab, alət) doldurular, üstlərinə saman (xırda doğranmış küləş) vurular və əl ilə hamarlanardı. Bu prosesdə isə əsasən qadınlar, qızlar daha fəal olardılar. Hə,  palçıq hər dəfə düzbucaqlı şəklində olan qəlibə doldurulmazdan əvvəl onun içi isladılmış əski ilə yuyulardı ki, palçıq ona yapışmasın. Buna əməl olunmadıqda bəzən kərpiclər qəlibdən yaxşı çıxmazdı. Belə hallarda kərpickəsən onu dübarə qəlibə doldurar və eyni prosesi ikinci dəfə icra edərdi. Hə, lap unudacaqdım. Kərpic kəsilən gün hamı dua edərdi ki, yağış yağmasın. Çünki əks halda kəsilən kərpiclər yağışa tab gətirməyib formasını bir qədər itirirdi.

Hə, kəsilən kərpiclərin gün tutan tərəfləri quruyan kimi onları cevirərdilər ki, nəm qalmış yerləri də qurusun. Kəsilmiş kərpiclər günün altında qurudulduqdan sonra onları balta, yaxud dəhrə ilə təmizləyib piramida formasında yığardılar.  Ortabab bir ev üçün minlərlə kərpic lazım gəlirdi. Odur ki, əgər belə demək mümkünsə, “nohur əməliyyatı” (bu ifadəni atamdan eşitmişdim) bir neçə dəfə təkrarlanardı. Bəzən nohurlar axşamüstü hazırlanar, kərpickəsməyə isə ertəsi gün başlanardı.

Ümumiyyətlə, kərpickəsmə prosesi çətin olduğundan bu iş ərvəzlə, yəni ev tikmək məqsədi ilə kərpickəsənin yaxın qohumları,  eləcə də kənd camaatının köməyi ilə həyata keçirilərdi. O zamanlar köməyə çağırılan şəxslər də dəvəti canla-başla qəbul edərdi.  Bu işə dəvətsiz də gələnlər olardı. Bir sözlə, o zamanlar “ərvəz” sözü kəndimizdə “iməcilik” sözünün sinonimi kimi işlədilərdi. Hətta deyərdim ki, “ərvəz” rəsmi idarələrdə təşkil olunan “iməcilik”lərdən daha urvatlı idi. (“Ərvəz” sözünə bəzi yerlərdə “əvrəz” kimi də rast gəlinir. Amma mənim yadımda “ərvəz” kimi qalıb). Sonradan mən anladım ki, sən demə, iməcilik elə bizim ərvəzin rəsmiləşdirilmiş forması imiş.

Ev tikintisinə isə bir qayda olaraq, o zamanlar bacarıqlı bənnalar cəlb olunardi. Kəndimizdə İdris, Nəcəf, İbrahim kimi ustalar vardı. Nəcəf kişi astagəlliyi,  İbrahim kişi sakitliy, İdris kişi isə yüz metrdən eşidilən gülüşləri ilə indi də yadımdadır. Yerİ gəlmişkən, bizim kənddəki evimizi də elə onlar (Nəcəf və İdris) tikmişdilər. İndiki kimi yadımdadır. Ərvəzlə evimizin təməli atılarkən yoldan keçənlər bir qayda olaraq uca səslə: “Allah qüvvət versin!, ya da “Yaxşı səətlər” deyərdilər. Bu kəlmələr sanki onlara qol-qanad verərdi. İş başında olanlar bu kəlamları deyənlərə bir qayda olaraq ya: “Allah razı olsun”, ya da “Sağ olun” cavabını verərdilər.

Kərpicdən tikilmiş bütün evlərin hörgüsü, eləcə də divarın hər iki tərəfi, içərisinə saman qatılmış palıçıqla suvanırdı (Bu prosesdə əsasən qadınlar iştirak edirdilər). Bundan başqa, evin damına və döşəməsinə də suvaq çəkilərdi. Elə bu işlər də ərvəzin sayəsində tez basa gələrdi.  Elə ki suvaq qurudu, onun üstündən şirə (xüsusi gil növü və divarlara çəkmək üçün ondan hazırlanan məhlul) verərdilər. Bu zaman istifadə olunan dəriyə şirədəri (şirə çəkməyə məxsus tüklü dəri) deyərdilər. Bu da suvaqda yaranmış bütün çatların aralarını doldurmağa xidmət edərdi.

Haşiyə

 Onu da qeyd edim ki, könüllü­lük prinsipi ilə həyata keçirilən ərvəzdə hər kəs ürəklə işləyər, hətta ərvəz yerinə tez gəlməyə çalışardılar. Hətta bir zamanlar kəndimizdə tələsik yol gedənlərə belə deyərdilər: ”Niyə tələsirsən, əvrəzə getmirsən ki…” Məncə, elə bu ifadə insanların ərvəzə necə hörmətlə yanaşmasının ən gözəl nümunəsidir.

Ərvəzdə nahar vaxtı hamı bir süfrənin başına yığışar, necə deyərlər kasıbın olduğundan yeyib-içərdilər. Elə o illərdən yadımda qalmış bir ifadəni də diqqətinizə çatdırmaq istərdim: “Bir yerdə yeyəndə dadlı, bir yerdə işləyəndə şadlıq olar”. Bəli,  bu mənada hər ərvəz sözün həqiqi mənasında bir şadyanalıq idi. (Yəqin fikir verdiniz, təkcə kərpickəsmə prosesində  10-15 şəxsin iştirak edərdi).

…Hə, yaşayış evi tikiləcək yerin əlverişli olmasına da xüsusi diqqət verilirdi. Hətta yaşayış yeri tikməzdən əvvəl,  həmin yerin tarixçəsi ilə maraqlanırdılar. Əgər seçilmiş sahə pir idisə, onda həmin yerdə ev tikməyi əlverişli hesab etməzdilər. Çünki deyərdilər ki, belə yer ailə üçün bədbəxtlik gətirə bilər. Bir də… hər kəs istərdi ki, evi yaxşı qonşuların əhatəsində olsun. Yəni “Yaxın qonşu uzaq qohumdan yaxşıdır” məsəlinə əksər hallarda riayət etməyə çalışardılar. O zaman belə bir fikir də səsləndirərdilər. Deyərdilər ki, çiy kərpicdən tikilən evlər yayda sərin, qışda isə isti olur.

O zaman inşa olunan evlərdə müxtəlif mətbəx avandanlığı yığmaq üçün rəflər (qab-qacaq və s. düzmək üçün evin iç divarına üfuqi vəziyyətdə vurulan taxta parçası),  taxçalar (müxtəlif əşyalar qoymaq üçün divarda açılan yer oyuq) da olardı. Taxçaların qabağı üzəri müxtəlif naxışlarla bəzədilən pərdələrlə tutulurdu. Bəzən də taxçalara kiçik qapılar qoyulardı.

Ailə yeni evdə məskunlaşandan sonra qohum və qonşular, eləcə də kənd sakinləri müəyyən bir hədiyyə (palaz, samovar, lapmpa, güzgü, xalça və s.) alıb, “ev görməsi”nə gələrdilər. Bu adətin başlıca qayəsı yeni ocağa əl tutmaq, kömək göstərməkdən ibarət idi.

Haşiyə

Bir neçə il əvvəl kəndimizə gələndə bir tanışımın ev tikintisində yalnız ailə üzvləri ilə çalışdığını gördüm. Qonşuluqda isə 4 nəfər oturub, necə deyərlər, domino çırpırdılar. Elə oradaca o ötən günləri xatırlayarar bu misraları astaca pıçıldadım:

Ah, necə xoş niyyətimiz var idi,

Xoş sözümüz, söhbətimiz var idi.

Bir zamanlar dağ üstünə dağ qoyan

Ərvəz adlı adətimiz var idi.

…Hə, lap unutmuşdum. Evlərin üstləri bir qayda olaraq, kirəmitlə, yaxud şiferlə örtülərdi. Sonradan o, yerini  qara və yaxud ağ dəmirlərə verdi.  Onu da deyim ki, 70-ci illərin əvvəllərinə qədər kəndimizdə damları, üstləri adı palçıqla suvanan evlər də (Məsələn, Gülbalanın evi, Əliməmmədin evi və sairə) vardı.  Yağışlı günlərdə ev sahibi başına çuval keçirib dama çıxar və o zamanlar ağacdan hazırlanmış “damdöyən” adlı alətlə damın torpağını döyüb bərkizərdi ki, hamarlaşsın və su rahat axıb navalçalara getsin, evin içinə su dammasın. Dam döyüləndə uzaqlardan belə səsi eşidilərdi. Eşitdiyimə görə, əksər hallarda damın torpağına duz da qatardılar ki, ot bitirməsin.

Qvami Məhəbbətoğlu (Rəsulov)