Koronavirusla mübarizədə əsas silahımız: Həmrəylik və birlik

0
61

Ölkəmizdə tibbi maska istehsalına başlanılması  Prezident İlham Əliyevin əhalinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə diqqətlə və həssas yanaşmasının daha bir bariz nümunəsidir. Şübhəsiz, ilkin mərhələdə hər gün 120 min tibbi maska istehsal edəcək bu müəssisə koronavirusla mübarizəyə öz töhfəsini verəcək. Bununla da ölkədə pandemiyanın ilk dövrlərində yaşanan maska çatışmazlığının qarşısı tamamilə alınacaq.

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, iki həftə ərzində ərsəyə gətirilmiş bu müəssisə həm də iqtisadi potensialımızın nələrə qadir olduğundan xəbər verir: “Bəri başdan deyim ki, virusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Amma indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Ölkəmizdə də maska qıtlığı yaranmışdı.  Artıq tibbi maskanın istehsalı üçün nəzərdə tutulan müəssisənin açılışı ilə  bu problem öz həllini tapdı.  Şəxsən mən bunu ölkəmizdə həyata keçirilmiş genişmiqyaslı iqtisadi islahatların məntiqi nəticəsi kimi dəyərləndirirəm. Prezident  İlham Əliyev aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan bu müəssisənin  açılışında bildirmişdir ki, tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı bir daha onu göstərir ki, Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, biz qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək. Şübhəsiz, əgər zamanında ölkə başçısının rəhbərliyi ilə genişmiqyaslı iqtisadi islahatlar aparılmasaydı, ölkəmiz dünyanı cəngini almış koronavirus qarşısında aciz qala bilərdi. Unutmayaq ki, indi dünyanın hər bir ölkəsində maska qıtlığı yaşanır. Ölkəmizdə  fəaliyyətə başlayan yeni  müəssisə özümüzü tibbi maska ilə təmin etməyimizə imkan verəcək. Üstəlik,  tibbi maska istehsalı ölkəmizin bu sahədə asılılığını aradan qaldıracaq. Bu müəssisə, həmçinin bizim qeyri-neft iqtisadiyyatımıza yeni bir töhfədir.”

Milli Məclisin deputatı vurğuladı ki, belə bir müəssisənin ərsəyə gəlməsində sahibkarlarımızın önəmli rolu olub: “Bu isə bir daha sahibkarlarımızın dövlət başçısının çağırışlarına nə dərəcədə həssas yanaşdıqlarından xəbər verir. Öz növbəsində dövlətimiz də onlardan öz yardımını əsirgəmir. Yəni, dövlət tərəfindən özəl sektora göstərilən dəstək – həm siyasi, həm maddi dəstək, güzəştli kreditlərin verilməsi, bütün bu amillər ölkəmizdə vətəndaşlara lazım olan vasitələri qısa müddət ərzində operativ şəkildə istehsal etməyə imkan verdi. Bu mənada bu müəssisəni həmrəylik və birliyin nəticəsi kimi dəyərləndirmək olar. Bu həm də, dövlət və özəl sektorun tərəfdaşlığının daha bir bariz nümunəsidir”.

Müsahimiz bildirdi ki, cənab Prezident İlham Əliyev yeni müəssisənin açılışında xalqa müraciətində vətəndaşların məsuliyyətli davranmasının, eləcə də özlərini, yaxınlarını, ailə üzvlərini qorumalı olduqlarının vacibliyini də vurğuladı: “Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!” Onu da qeyd etmək istərdim ki, bu müraciətdə dövlət başçısının xalqına qarşı olan böyük sevgisini, qayğısını və nigarançılığını hiss etməmək mümkün deyildi. Belə bir həssas vaxtda cənab Prezidentin, onun xanımının öz xalqının yanında olmaları, insanların qayğısı ilə yaşamaları, öz vətəndaşlarına dəstək göstərmələri insanlara yeni bir yüksək əhval-ruhiyyə bəxş etdi, gələcəyə sağlam, nikbin baxmağa səslədi”.

Vətəndaşlarımızın dövlət başçısının  çağırışını dəstəkləyəcəklərini əmin olduğunu bildirən  müsahibimiz mövzu ilə bağlı fikirlərini bu sözlərlə tamamladı: “Dünyanı sarsıdan koronavirusla mübarizədə bu gün əsas silahımız həmrəyliyimiz və birliyimizdir. Şübhə etmirəm ki, Azərbaycan dövləti öz vətəndaşlarının həmrəyliyi nəticəsində bu sınaqdan da uğurla çıxacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”