Ömrü alovlar içində keçən kişi

0
49

Bir vaxtlar kəndimizdə “Qaraj” deyilən bir məkan da vardı. Burada əsasən sovxoza məxsus texnika saxlanılar və onlara texniki xidmət göstərilərdi. Hələ uşaqlıq illərimdə yolum “Qaraj”a düşəndə iki nəfərin işi mənə olduqca qəribə göründüyündən onların işlədikləri otaqlara oğrun-oğrun boylanardım. Həmin kişilərdən birinin adı Bəşir, o birinin adı isə Bəcan idi. Bəşir kişi müəyyən tapşırıqlar əsasında dəzgahlarda maşın, traktor və kotanlar üçün müxtəlif detallar hazırlayardı, arıq, cılız çiyinlərə malik Bəcan kişi isə isti kürənin içərisindən çıxardıqlarını zindanın üzərinə qoyduqdan sonra əlindəki ağır çəkiclə döyəcləyərək istədiyi şəklə salardı… Hə, bir də həmin məqamlarda Bəcan kişinin alnından heç vaxt tər əskik olmazdı. O, əlinin arxası ilə tərini silib, eyni şovqlə işini davam etdirərdi. Bilmirəm, uşaqlıq illərimdən yaddaşıma hopan bu mənzərəni doğrumu təsvir edirəm, yoxsa yox… Hər halda onlar mənim yaddaşıma belə həkk olunublar.

Bu dəfə sizə onlardan biri, yəni Bəcan kişidən söz açmaq istəyirəm.

Eşitdiyimə görə, Bəcan kişinin ulu babası Orta Asiyadan Quba ərazisinə gəlmiş Hülakü sərkərdəsi Atlıxanın nəslindən olub. Atası Bəkir kişi  Alpandan köçərək bir müddət Xaçmazın Alekseyevka kəndində yaşayıb. 1930-cu ildə un üyüdən dəyirman daşının parçalanıb Bəkirə dəyməsi nəticəsində o, həyatını itirib. Elə orada, Alekseyevka kəndində də dəfn olunub. Bu hadisədən sonra Bəcan iki bacısı (Nazan, Həva) ilə birgə Alpana, öz yaxın qohum-əqrəbasının yanına qayıdıb.

 1920-ci ildə dünyaya göz açmış Bəcan Bəkiroğlu Alpanda ilk dəfə inşa olunub yanğına məruz qalmış “Uşkola yerində”ki (Molla Bədəlin evinin üst tərəfindəki Niftullagilin evləri olan yer) məktəbdə sonradan müəlləm kimi fəaliyyət göstərmiş Məmməd Rüstəmbəyli və Şahbaba Hacıyevlə bir sinifdə ibtidai təhsilini alıb. Məhəmməd Babayev  yeni məktəb (indiki ibtidai məktəbi) inşa etdirdikdən sonra yeddillik  təhsilini tamamlayıb.

1939-cu ildə hərbi xidmətə yollanmış Bəcan kişi Finlandiya müharibəsi başlanandan ta İkinci Dünya müharibəsinin sonuna qədər  ağır döyüşlərin iştirakçısı olub. Bu döyüşlərdə o, öz rəşadəti ilə fərqlənib. Elə onun təltiflərindən biri buna sübutdur: “Döyüş rəşadəti”. İki dəfə yaralanmış Bəcan kişinin döyüş yolu Avropaya qədər uzanıb. Belə ki, o, Avstriya, Rumuniya və Çexoslovakiyanın azad edilməsində iştirak edib. Üstəlik, Budapeşt uğrunda gedən döyüşlərdə fərqlənib və “Budapeştin alınması” medalına layiq görülüb.

Haşiyə

Yeri gəlmişkən qeyd edim ki, atam (Məhəbbət müəllimin) Bəcan kişinin həm iş yerindəki alovu, odu, həm də müharibənin dəhşətlərini, yəni od-alovunu nəzərə alaraq onun barəsinda söz düşəndə belə bir bədii kəlam işlədərdi: “Bəcan kişi od-alovda bərkiyib”. Məncə, bu məqamda rəhmətlik atamın Bəcan kişiyə həsr etdiyi və mənim xatirimdə qısa formada  qalmış bir şeiri də xatırlatmaq yerinə düşərdi:

Keçib müharibədə

Alovdan, oddan Bəcan.

Təmizləyib Vətəni

Düşməndən, yaddan Bəcan.

Yox buna şübhə, güman

O, özü bir qəhrəman.

Çıxmayacaq heç zaman

Yaddaşdan, yaddan Bəcan.

Hə, bir də atam deyərdi ki, Bəcan “Bəycan” sözünün dəyişdirilmiş formasıdır. Bəycan isə bəy kimi, bəyə bənzəyən, bəy ürəkli deməkdir. Bəkir (Bəkər) isə bəy ər, igid, qoçaq anlamını verən tituldur.

Maraqlı fafktlar

Bəcan kişi 1945-ci ildə müharibədən qayıtdıqdan sonra dəmirçiliklə məşğul olub və bir sıra xeyirxah işlərə imza atıb. Belə ki, o, müharibədən qayıtmayan kişilərin ailələrinə həmişə əl tutub, yəni heç bir təmənna ummadan, üstəlik, o dövrün qadağalarına məhəl qoymadan onlar üçün lazımi təsərrüfat əşyaları hazırlayıb. Buna görə onun başını ağrıdanlar da olub. Üstəlik, bir vaxtlar Nikolay adlı bir rusdan öyrəndiyi dəmirçilik sənətinin sirlərini zaman-zaman Ağamurad Babayevə, “Pampasa” dediyimiz Sultanməcidə, “Nəbi oba”dakı İbrahimə, Fəxrəddinin atası İsmayıla öyrədib.

Oğlu Zabit Babayevin sözlərinə görə, bir çox şairlərin şeirlərini əzbərdən bilən, bir çox yazıçıların əsərlərindən söz açan Bəcan kişi riyaziyyatı da yaxşı bilirmiş: “Məktəbdə oxuduğumuz zaman ən çətin misal və məsələlərin həllində atam bizə kömək edərdi. Özü də heç bir əziyyət çəkmədən…Hərdən deyərdi, bala, mən oxumadım, oxumadım, heç olmasa siz oxuyub bir mənsəb sahibi olun. Yeri gəlmişkən, atam zəhmət adamlarını qiymətləndirən vəzifəli şəxslərə hörmətlə yanaşardı. Məsələn, atam bir zamanlar kolxoz direktoru olmuş Qiyasəddin Babayevi və baytar-feldşer kimi fəaliyyət göstərmiş Əli Qədirovu yada salar, onlara rəhmət oxuyardı. Deyərdi ki, bu şəxslər ən çətin vaxtlarda kənd camaatına çörək veriblər”.  

Zabit müəllim atası ilə bağlı bir maraqlı faktı da açıqladı. Bildirdi ki, müharibə zamanı Rumıniyada olduğu bir il ərzində o, rumın dilini də əxz edib. Zabit müəllim atasının xatirələrinə istinadən bir zamanlar Alpanda kəndir zavodunun fəaliyyət göstərdiyini, kolxozun “Xırman” ərazisi kimi tanınmış, daha sonradan, daha doğrusu ötən əsrin 60-cı illərindən “Qaraj” adlandırılmış həmin yerdə bir zamanlar soğan əkildiyini də söylədi.

Qeyd edək ki, Bəcan kişi həm də ov həvəskarı idi.  Ov onun üçün sanki bir istirahət növü olub. Ovu olmayanda əsla kefini pozmazmış. Sadəcə belə deyərmiş: “Görünür, qismətimdə yox imiş”. Amma son illər o, meşələrdə quşların, heyvanların sayının azalmasından danışardı. Özü də bu azalmanı heç vaxt ovçularla əlaqələndirməzdi. Deyərdi ki, bu, alayı məsələrlə bağlıdır”.

Bəcan kişi pensiyaya çıxdıqdan sonra  öz həyətində dəmirçixana açıb və orada fəaliyyətini davam etdirib. Hazırda oğlu Zəfər bu sənətlə məşğuldur.  Yeri gəlmişkən qeyd edək ki, Bəcan Bəkiroğlunun  doqquz övladı – beş oğlu və dörd qızı  olub. Bəcan Bəkiroğlunun böyük oğlu Zabit Babayev müasir Azərbaycanın dövlət quruculuğunda müxtəlif vəzifələrdə  çalışmaqla, son iyirmi ili  gənc nəslin təlim-tərbiyəsinə  həsr etmişdir. O, həm də Azərbaycanda ilk dəfə Qubanın müfəssəl tarixini yazan tarixçidir, iki kitab və  çoxlu elmi məqalənin müəllifidir.  Qusar rayon Polis İdarəsinin müstəntiqi olmuş Sahib Babayev isə “Sadval” hərəkatına qarşı mübarizədə  31 yaşında həyatını itirmişdir.

Bəcan kişi 1989-cu ildə haqq dünyasına qovuşub. Zabit müəllimin sözlərinə görə, atası vəfatından öncə demişdir: “Mən bir şeyi yaxşı bilirəm ki, öldükdən sonra kimsə dalımca danışmayacaq. Çünki həmişə  zəhmətlə  yaşamışam və heç kimə də pislik etməmişəm”.

 Qvami Məhəbbətoğlu (Rəsulov)