“Halal-P” MMC qolf yarışı keçirib

0
268
“Halal-P” MMC Quba Qolf Klubunda rəqəmsal çap avadanlıqları sahəsində dünya liderlərindən biri olan “Konica Minolta”nın ölkəmizdəki müştəriləri arasında qolf turniri keçirib. Qolf üzrə mütəxəssilər (PGA) – Tomas Henderson və Filipp Hendersonun rəhbərliyi ilə keçirilən yarışın nəticələrinə görə reklam məhsullarının istehsalı, dizayn və çap üzrə ixtisaslaşmış “MaxPrint” şirkətinin texniki direktoru Sergey Antonov qalib gəlib.
Yarışdan sonra qəzetimizə açıqlama verən “Halal-P” MMC-nin direktoru Uğur Zeynallının sözlərinə görə, turnirdə poliqrafiya sahəsi üzrə fəaliyyət göstərən 20 şirkətin 26 nümayəndəsi iştirak edib: “Gərgin, həm də olduqca maraqlı keçən yarışda qalibi müəyyənləşdirmək heç də asan olmayıb. Belə ki, yarış iştirakçıları birinci yer uğrunda, sözün həqiqi mənasında, bütün imkanlarını nümayiş etdiriblər. Onu da deyim ki, bu yarışın qalibi “Konica Minolta”nın gələn ilin fervral ayında Keniyanın Nayrobi şəhərində keçiriləcək qolf turnirində iştirak edəcək. Bu isə “MaxPrint” şirkətinin texniki direktoru Sergey Antonova nəsib oldu”. Uğur Zeynallı həmçinin belə bir yarışmanın ilk dəfə təşkil olunduğunu söylədi. Onun sözlərinə görə, belə bir yarışmanın ənənəyə cevriləcəyi istisna olunmur. Uğur bəyin sözlərinə görə, qolf turnirinə qatılmış şirkətlərin hər biri “İpək Yolu Sahibkarlığın İnkişafına Dəstək” İctimai Birliyinin üzvüdür: “Biz bu birlik çərçivəsində də idmanın digər növləri üzrə müxtəlif yarışlar təşkil edirik”.

Sergey Antonov bizimlə söhbətində ilk dəfə keçirilən qolf üzrə yarışın qalibi olmaqdan məmnun olduğunu dilə gətirdi. O, Nayrobi şəhərində də belə bir uğura imza atacağını əminliklə dilə gətirdi. Sergey yarışa qədər qolf üzrə bacarığını artırmağa səylə çalışacağını da bildirdi.

Qolf üzrə mütəxəss (PGA) – Tomas Henderson şirkət nümayəndələrinin bu sahəyə maraq göstərməsini xüsusi vurğuladı. Onun sözlərinə görə, Quba Qolf Klubunun fəaliyyətə başlaması ilə dünya miqyasında idmanın elitar növlərindən sayılan qolfiyə ölkəmizdə maraq artıb.

Qeyd edək ki, tədbir iştirakçıları bu turnir çərçivəsində Quba Soyqırımı Memorial Kompleksini də ziyarət ediblər. Burada onlara məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci ilin aprelində ərazidə torpaq işləri görülərkən aşkar edilib. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunub.

Məlumat üçün bildirək ki, 1996-cı ildən ölkəmizdə fəaliyyət göstərən “Halal-P” MMC poliqrafiya firmaları, mətbəə müəssisələri üçün avadanlıq və materialların təchizindən başlayaraq böyük poliqrafiya sənayesinin incəliklərinin daha dərin biliklərinə nail olmağa imkan verən təcrübə toplayıb. Şirkət kiçik, orta və böyük mətbəələri CTP sistemləri, vərəqli və rulonlu ofset maşınları, rizoqraflar, tam rəngli sistemlər və müxtəlif dərəcələr üçün çapdan sonrakı avadanlıqlarla təchiz edir. “Halal-P” MMC 30-dan artıq dünyaca məşhur brendlərin ölkəmizdə rəsim distibüteridir. Bu brendlərdən biri də “Konica Minolta”dır.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here