Bir əsirin taleyi

0
46

O, uzunboylu, arıq cüssəli, gülümsər sifətli, olduqca sakit, təmkinli bir kişi idi. Amma gözlərində donmuş kədər və qüssə vardı. Hiss olunurdu ki, bu adamın heç də ürəkaçan taleyi yoxdur. Bir sözlə, hansısa əzablara tuş gəldiyi açıq-aydın hiss olunurdu. Mənə elə gəlirdi ki, bu yalnız onun xəstəliyi ilə əlaqədardır. Söhbət Məstan Həmzət oğlu Söhbətovdan gedir.

 Bəli, Məstan kişi uzun müddət xəstəlikdən əziyyət çəkirdi. Onun hansı xəstəliyə düçar olduğunu deyə bilmərəm. (Eşitdiyimə görə, ürəyindən əziyyət çəkirmiş). Amma bildiyim budur ki, həkimlərdən əlini üzən bu  kişi kəndin meşə və çəmənliklərindən, dərə və təpələrindən topladığı bitkilərlə özünü müalicə edə bilmişdi. Məstan kişinin birdən-birə sağalması kənddə geniş rezonans da doğurmuşdu. Odur ki, bu olaydan sonra müxtəlif xəstəliklərə düçar olanlar, bir qayda olaraq, ona müraciət edir, ondan şəfa diləyərdilər. O da onlara müxtəlif  bitkilərdən faydalanmağı məsləhət bilərdi. Yeri gələndə onlara özünün topladığı bitkiləri verərdi. Bir sözlə, o, xalq təbabətinin bilicisi idi. Öz təcrübələrinə əsasən həmişə deyərdi ki, elə bir dərd yoxdur ki, onun təbiətdə dərmanı olmasın.

Günlərin bir günü Məstan müəllimə gözlərinin dərinliyindəki bu müəmmalarla bağlı bir sual ünvanladım. Dedim ki, xəstəliyiniz keçib getdi, amma gözlərinizdən sezdiyim cizgilər hələ də yerindədir. O nədənsə bu sualıma cavab vermədi. Sadəcə: “Həmin cizgilər mənim əbədi yoldaşım olacaq”, – dedi.

Amma ertəsi gün Məstan müəllim mənə öz əlyazmasını təqdim etdi. “Oxu, sonra da qaytararsan, – dedi. Həmin əlyazmanı oxuyandan sonra bir çox mətləblərdən agah oldum. İndi Məstan müəllimin 18 sentyabr 1999-cu il tarixində qələmə aldığı həmin əlyazmadan yadımda qalanları sizə də ərz etmək istəyirəm.

Əzablı yollar

Deməli, belə… 1922-ci ildə dünyaya göz açmış Məstan kişi ibtidai təhsilini Alpan kəndində, orta təhsilini isə Digah kəndində alandan sonra Qusar rayon Pedaqoji Texnikumuna daxil olub. 1939-40-cı illərdə Dəvəçi rayonunun Mustafaxanlı kəndində rus dili müəllimi kimi fəaliyyət göstərib. Daha sonra, yəni 1940-41-cı illərdə Qubanın Ərməki kəndində ədəbiyyat fənnini tədris edib. Bununla bərabər, Məstan müəllim ikiillik Müəllimlər İnstitutunun qiyabi şöbəsində təhsil alıb. Arzuları çox  olub…

Amma Böyük Vətən müharibəsi hamı  kimi onun da arzularını ürəyində qoyur. Belə ki, müharibənin ilk aylarında ordu sıralarında olan atası Həmzət kişinin yaralanması və Rostov vilayətinin Bataysk şəhərində müalicə olunması xəbərini alır. Bu sarsıntıdan özünə gəlməmiş Məstan müəllim özü də 1942-ci ilin yanvar ayında ordu sıralarına çağrılır və kiçik komandirlər məktəbini bitirdikdən sonra kiçik komandir kimi hərbi xidmətə başlayır. Belə ki, o, 1942-ci ilin yayında ön cəbhəyə, daha doğrusu, düşmənin atəşi altında saxladığı Rostov şəhərinə sarı aparılır. Lakin müəyyən səbəblərdən cəbhə xəttindən 10 km aralıda yerləşən Bataysk şəhərində 3 gün qalmalı olurlar. Məstan müəllim bu fürsətdən yararlanaraq  özündə olan dəqiq ünvan (Stalin prospekti, 168) əsasında atasına baş çəkmək istəyir. Komandirindən birtəhər icazə alıb həmin ünvana yollanır. Həmin ünvanda gördüyü bir qadın Məstan müəllimin  axtardığı adamı və digərlərini bir necə gün öncə yenidən cəbhəyə göndərildiyini bildirir. Sonradan isə Məstan müəllim atası barədə heç bir xəbər ala bilmir.

Bu hadisədən az sonra Məstan müəllimin də olduğu dəstə Kursk vilayətinin Tim çayı vadisində almanlarla döyüşlərə girir. Amma güclü alman ordusu sovet əsgərlərini mühasirəyə salır və 18 günlük mühasirədən sonra onları əsir alırlar… Əsirləri Ukraynanın Prşluki  şəhərinə gətirirlər.

Bir gün Məstan kişi Krımın Feodisiya şəhərinin yaxınlığında işləyərkən almanlara paltaryuyan kimi xidmət edən bir qadınla tanış olur. Həmin qadın ona Krım partizanlarından söz açır. Nəticədə Məstan kişi 70 nəfərlə birgə Krım partizanlarına qoşula bilir. 1944-cü ilin aprel ayında Məstan müəllimin də fəaliyyət göstərdiyi partizan dəstəsi sovet ordusunun əsas qüvvələri ilə birləşir. Günlərin bir günü komandanlıqdan Məstan müəllimə düşmən arxasına keçmək və düşmənlə bağlı məlumatlar əldə etmək əmri verilir. 1944-cü il aprel ayının 29-da 16-cı tank qoşunları komandiri mayor Tarasovla xudahafizləşən Məstan müəllim düşmən arxasına keçmək planı cızır. Elə hazırladığı plana əsasən də hərəkət edərək, Sevastopol şəhərində jandarmlara yalan danışaraq onları ruslardan qaçdığına, hətta bu niyyətlə 18 gün yol gəldiniyinə inandıra bilir. Beləcə, Məstan müəllim Rumıniyaya, oradan Macarıstana, Fransaya, daha sonra isə İtaliyaya göndərilir. O, İtaliyada almanlarla işləyərək partizan dəstələrinin başçıları ilə görüşməyə, onlara müəyyən məlumatlar ötürməyə nail olur.

Az sonra Məstan müəllim bu partizanlarla olan əməkdaşlığına daha bir dəyərli töhfə vermək fikrinə düşür. Belə ki, o, azərbaycanlılardan ibarət bir batalyona yaxın əsirlə partizanlara qoşulmaq planını cızır. Lakin bu plan bütövlükdə baş tutmur. Belə ki, yalnız 20 nəfər əsir partizanlara qoşula bilir. Bu məsələdə almanlar Məstan müəllimdən şübhələnirlər və buna görə onu cəzalandırmaq istəyirlər. Bu xəbərdən tərəfdaşları vasitəsilə duyuq düşən Məstan müəllim 1944-cü ilin fevralında oradan qaçır və partizanlara qoşulur. O, partizanlarla bir çox döyüş əməliyyatlarına iştirak edir. Üstəlik, ingilis-amerkan komandanlığının tapşırıqlarını məharətlə yerinə yetirib müharibə qurtaranadək onlarla bigə fəaliyyət göstərir. Hətta  marşal Aleksandronun (5-ci Amerika ordu generalı) əlindən tərifnamə də almaq şərəfinə nail olur. 

Məstan müəllimə deyirlər ki…

1945-ci ilin mayında Məstan müəllim İtaliyanın Modela şəhərinə Sovet nümayəndəsinin gəlməsi xəbərini eşidir və onun yanına yollanır. Orada mayor Medvedyevlə görüşür və ona kəşfiyyatçı  olduğunu bildirir. Burada da Məstan müəllimə onlarla birgə işləmək təklif olunur. Məstan müəllim bu təklifi qəbul edir və 800 nəfərə yaxın sovet əsgərinin  vətənə göndərilməsi istiqamətində də fəaliyyətə başlayır. Çünki Məstan müəllim  elə zənn edirdi ki, o, tapşırıqların öhdəsindən məharətlə gəlmiş bir döyüşçü kimi Vətənə üzüağ qayıdır və buna görə hətta qəhrəman kimi mükafatlandırılacaq da…

Bütün cəhdlərinə baxmayaraq, Məstan müəllim Vətən xaini kimi qələmə verilir. Tərslikdən tərtib edilmiş işinın və həmin işi tərtib etmiş mayor Tarasovun Qara dənizdə batması isə onun vəziyyətini daha da gərginləşdirir. Ona deyirlər ki, bəs sənin Moskvada tərtib olunmuş gizli əməkdaşlar siyahısında adın yoxdur. Məstan müəllim də bildirir ki, mən məktəb qurtarmamışam, məni bölük komandiri kimi çalışdığım hərbi hissədən göndəriblər.  Bir sözlə, Məstan müəllim özünə haqq qazandıra bilmir ki bilmir. Onu 9 günlük həbsdən sonra hərbi hissəyə göndərirlər.

“Əgər haqqı nəzərə alsaydılar

1945-ci ilin sentyabrında belə bir əmr çıxır:  həkimlər, müəllimlər ordudan buraxılsınlar. Məstan müəllim də müəllim kimi ordudan tərxis olunur və  1945-in dekabrında öz doğma kəndinə – Alpana gəlir. O, 1945-47-ci illərdə  Qəçrəşdə müəllim kimi çalışır. 1946-cı ildə ailə həyatı qurur. Toyundan heç bir il keçməmiş, yəni 1947-ci ilin yayında o, almanlara xidmət etmiş bir şəxs kimi istintaqa cəlb olunur. Nəticədə hərbi tribunalda həqiqi və doğru şahidlər əsasında deyil, saxta sənədlərlə ittiham olunaraq ən “yüngül” cəzaya – 10 il həbs cəzasına məhkum olunur. İnsafən, bu məsələdə partizan dəstələrində fəal iştirakı nəzərə alınır. Əks halda, o illərin qanunları əsasında ona 20-25 il həbs cəzası verilə bilərdi. Yeri gəlmişkən, əlyazmadaki bir cümləni olduğu kimi diqqətinizə çatdırmaq istərdim: “Əgər haqqı nəzərə alsaydılar, mən Vətən qəhrəmanı adına layiq görülərdim”

…Məstan müəllimi 1947-ci il oktyabr ayında Şərqi Sibirin İrkutsk vilayətinin yeni tikilməsi planlaşdırılan Ankarski qəsəbəsinə aparırlar. O, burada fəhlə, dəllək və briqadir kimi çalışır. Elə həmin illərdə o, Çelyabinski şəhərinin  yaxınlığında  yerləşən Miasa şəhərciyində yaşayan bir qadınla tanış olur. Bununla bağlı onun gündəliyində bu sözlər qeyd olunub: “Orada mənim oğlum Slavik var, anasının familiyasındadır: Vinoqradov”.

Məstan müəllim 5 il 4 aydan sonra isə, yəni 1952-ci ilə Vətənə qayıdır. Amma kəndində o, soyuq qarşılanır. Təbii ki, bu kommunist rejiminin insanlara əxz etdiyi, beyinlərinə yeritdiyi təbliğatın nəticəsi idi. Üstəlik, Məstan müəllimə öz ixtisası üzrə işləməyə də icazə verilmir. Odur ki, o, 8 il müxtəlif işlərdə çalışaraq ailəsini dolandırır. Nəhayət, 1961-ci ildə o, müəllimliyə bərpa olunur.  2 il Xınalıq, 8 il Kürkün kəndilərində, 1982-ci ildən isə  öz doğma kəndində müəllim kimi çalışır. 5 qız 2 oğlan boya-başa çatdırır. Məstan Söhbətov 2014-cü il 1 noyabrda vəfat edir.

Qvami Məhəbbətoğlu (Rəsulov)