Aprel döyşləri: Zəfər salnaməmizin ilk misraları

0
252

 Azərbaycanın hərb tarixinə 4 günlük müharibə və ya Aprel döyüşləri kimi yazılan şanlı tarixi qələbəmizdən 4 il ötür. Öz qələbəsi, əks-sədası ilə Azərbaycan tarixinə düşmüş 2016-cı ilin Aprel döyüşləri bizim qalibiyyətimiz, zəfər salnaməmizdir. Həmin döyüşlərdə qələbə qazanmaqla yanaşı, biz şəhidlər də verdik.

Həmin döyüşlər zamanı Mingəçevirin 4  mərd, igid oğlu  ən uca zirvəyə – şəhidlik zirvəsinə ucaldı. Bu gün igid, mərd oğullarımızın yoxluğundan bizləri 4 il ayırır. İllər ötsə belə onlar bizim qəlbimizdə ən ülvi hisslərlə yad edilirlər.
Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Şəhidlər Xiyabanına gələrək şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyə qovuşanların məzarlarını  ziyarət edib, onlara Allahdan rəhmət diləyib.

Xatırladaq ki, Teymur  Qasımov, Adil Adilzadə, Rüstəm Əhmədov və Rahim Tağıyev  torpaqlarımızın ərazi bütövlüyü uğrunda  şəhid olublar. Başçı onların məzarı önündə baş əyərək bildirib  ki, Aprel döyüşləri bizim ilk qalibiyyətimizin, zəfər salnaməmizin ilk misralarıdır: ”Ordumuzun qüdrəti qarşısında vahiməyə düşən düşmən Azərbaycan əsgərinin gücünü bir daha gördü və anladı ki, xalqımız işğal olunmuş torpaqlarını heç zaman güzəştə getməyəcək və öz ərazi bütövlüyünü təmin edəcəkdir”.

O, həmçinin Ali Baş Komandan İlham Əliyev cənablarının əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığını, qəhrəmanlarımızın qanının yerdə qalmayacağını bildirib.

Esmira Hidayətova, Mingəçevir