Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

0
81

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir: “Ermənistan dövlətinin təcavüzkar siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir. 27 il əvvəl – 1993-cü il martın 27-dən aprelin 2-dək Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən, 1936 km² sahəsi, işğal zamanı 60 minə nəfərə qədər əhalisi, 1 şəhər, 1 qəsəbə və 122 kənddən ibarət olan Kəlbəcər rayonu işğal edildi. Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı münaqişəni mahiyyətcə yeni – işğalçılıq səviyyəsinə keçirdi.

Bununla yanaşı, işğal nəticəsində Kəlbəcər rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilib, yandırılıb, dağıdılıb və məhv edilib. Kəlbəcər rayonu ərazisində tarixi və memarlıq abidələrindən sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daşı yatağı, ehtiyatları 2540 min kubmetr olan Çəpli qum-çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı, ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min kubmetr olan 1 listvenit yatağı qalıb.

Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 m3/gün) işğal ərazisində yerləşir. Murovdağ, Şahdağ, Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsinin əhatəsində yerləşən Kəlbəcər şəhərinin ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Ərazidə Yura, Təbaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılıb. Ən böyük çayı Tərtər (yuxarı axını) və onun qolları Lev çayı, Tutqunçay və başqalarıdır”.

Bəyanatda qeyd olunur ki, hazırda işğal altında olan Sərsəng su anbarı da 1976-cı ildə Tərtər çayı üzərində inşa edilib. Sərsəng su anbarı işğal altında olandan bəri ermənilər illik su sərfinin 85-90 faizini qəsdən, su lazım olmayan vaxtlarda, xüsusilə qış aylarında buraxırlar. Lazım olan vaxtlarda isə illik su normasının 10-15 faizini buraxırlar ki, bu da suyun səviyyəsinin aşağı düşməsinə və suvarmanın qeyri-mümkünlüyünə səbəb olur. Əkin sahələrinə xeyli ziyan dəyir, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan 400 min nəfər əhali isə daim təhlükə altındadır.

Bundan əlavə, bu hərbi təcavüz nəticəsində 60 minə qədər Kəlbəcər əhalisi etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından məcburən köçkün düşüb, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb. Hazırda Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində məskunlaşıblar.

1993-cü il aprelin 6-da BMT Təhlükəsizlik Şurasının 3194-cü iclasında Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olunub. Bəyanatda Kəlbəcərə hücum faktı təsdiq olunmaqla yanaşı, qoşunların dərhal çıxarılması tələbi də öz əksini tapdı. Bəyanatda göstərilirdi ki, Təhlükəsizlik Şurası bölgənin bütün dövlətlərinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təsdiq edir.

Sənəddə yazılıb ki, həmin il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının 3205-ci iclasında Ermənistan-Azərbaycan münaqişəsinə dair 822 saylı qətnamə qəbul edilib. Sənəddə Təhlükəsizlik Şurası tərəfindən işğalçı qoşunların Kəlbəcər rayonundan və Azərbaycanın son zamanlar işğal olunmuş digər ərazilərindən dərhal çıxarılması tələb edilirdi. Bu qətnamə Təhlükəsizlik Şurası sədrinin 1993-cü il 29 yanvar və 6 aprel tarixli bəyanatlarına və Baş katibin 14 aprel tarixli məruzəsindəki faktlara əsaslanırdı. Sənəddə Təhlükəsizlik Şurası sədrinin 6 aprel tarixli bəyanatında olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin pisləşməsi ilə əlaqədar Təhlükəsizlik Şurasının ciddi narahatlıq keçirdiyi bildirilir, bununla da Ermənistan Respublikasının münaqişədə bu və ya başqa formada iştirakı etiraf olunurdu. Bundan əlavə, qətnamədə bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, eləcə də sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək üçün qüvvə tətbiq etməyin yolverilməzliyi bir daha təsdiq olunub.

Ümumilikdə, Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin öz doğma torpağından məcburən köçkün düşməsinə gətirib çıxarıb və hazırda bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 azərbaycanlı həlak olub, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati ərazisinə aidiyyəti olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb. XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olub.

Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulması, dünya mədəniyyətinin nümunələri sayılan memarlıq abidələrinin dağıdılması və mənimsənilməsi, insan hüquqlarının, o cümlədən mədəni hüquqların kütləvi şəkildə, kobudcasına pozulması beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib.

Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayacaq. 2016-cı il aprelin 2-5-də Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi, Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi. Bununla da Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi.

Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən artıq, o cümlədən Kəlbəcər rayonunun 76 mindən çox olan azərbaycanlıları beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırır. “Biz bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin”, – deyə bəyanatda qeyd olunur.