Xan Çoban

0
109

                             (Atam Əlimurad Şahmurad oğlunun əziz xatirəsinə)

Əlimurad Şahmurad oğlu 1890-cı ildə anadan olub, 1984-cü ildə dünyasını dəyişib. Doğum tarixinin təxmini olduğuna dair dəlillər var. Kəndimizin mollası, atama “xalaoğlu” deyə müraciət edən  rəhmətlik Seyfəddin kişinin dediyinə görə atam ondan çox böyük imiş və yüz yaşayıbmiş. Atamın bir bacısı olub. Allah bütün ölənlərə rəhmət eləsin.  

                                         ***

2010-cu ildə yazdığım “Canavar” yazısında atamın yadımda qalan təsvirlərini belə qələmə almışdım:  “Atamın güclü adam olduğunu bilirdim. Uca boyu, mavi gözləri, uzun, qalın barmaqları və onların güvəndiyi enli biləklər də gücün, qüvvətin əlamətləri kimi görünürdü mənə.

Həyatında  çəkmiş olduğu o qədər iztirab və çillələrə onun kimi insanlar dözə bilərdi. Zaman-zaman evimizə gələn qonaqlarla ötənlərdən danışar, hərdən kövrələr, dil ilə deyə bilmədiklərini dənizin dərinliyindən qabarıb gələn dalğalardan sahilə çilənən zərrəciklər kimi təmiz göz yaşları hələ də allığını saxlamaqda olan yanaqlarından süzülüb  ağ, qalın bığlarında gizlənən gilələrlə tamamlardı. Həmsöhbətləri də kövrələr, dərin bir sükütdan sonra yenə özlərini toparlardılar.

Ayağı yer tutandan çobanlıq etmişdi. Yaşı irəliləlsə də, çomağını yerə qoymaq fikri yox idi. Xeyir-şərə gedən də onu özü ilə götürərdi. Yaxın qohum-əqrəba atamı ərklə danlayanda da: – Nə qədər ayaq üstə dura bilirəm, evdə oturmayacağam. Məni yaşadan bu çöllər, bir də, qoyunları nəzərdə tutaraq, bu qurbanlardır. – deyirdi. Çomağın atam üçün nə demək olduğunu bu sətirlərdə də ifadə etməyə çalışmışam.

Atam çoban idi –

çomağı vardı,

Deməzdi yağışdı,

deməzdi qardı,

yoldaş idi çomağına,

qardaş idi çomaq ona.

Deyirlər şirindi səhər yuxusu,

Burnunda çöllərin səhər qoxusu

Qəribə gəlir adama,

Atam söykənərdi çomağa,

Bəlkə də çomaq atama.

Kim oyaq, kim yatardı,

Göz acısın atardı.

Onunla gedərdi

kəndim yasına,  toyuna,

Bildirərdi həddini

dəcəl keçiyə, qoyuna.

Bayraq kimi qaldırıb

çomağı başı üstünə,

səksəndən yuxarı yaşı üstünə.

Gidi dünya! – deyib hərdən

onunla dərdləşərdi atam.

Dərdini ovcunda sıxıb

Bir az mərdləşərdi atam.

Qüvvət  idi dizinə,

Yoldaş idi izinə,

Dərəsinə, düzünə

Atamın çomağı.

Kölgələri bir yerdə uzanardı,

axşam, səhər.

Nə atam yorulardı,

Nə çomaq usanardı.

Keçərdi günləri birtəhər…

                                       ***

Kənddə bir neçə sürü vardı. Atamın sürüsü örüşə bütün sürülərdən tez çıxar, axşam da hamısından gec gələrdi.

Saatın nə olduğunu bilmirdi. Vaxtı elə dəqiqliklə müəyyən edərdi ki, gəl görəsən. Kəndə dönərkən sürüdəki əksər qoyunlar sincovlaya-sincovlaya, arabir kəllə döyüşünə girişərək gələrdi. Quru vaxtlarda ayaqlarından çıxan narın toz ot qoxuyan nəfəsləri ilə birlikdə ətrafa yayılardı. Bəzən də həddindən artıq yeyib-içmiş adamlar kimi bərkdən gəyirərdilər…

                                       ***

Kiçik yaşından ata-anasını itirən Əlimuradı öz dayısı himayəsinə götürüb, sonra da qızı ilə evləndirir. (Kəndimizdə məscidin qarşısındakı dükanın yerində idi dayısının malikanəsi. Səhv etmirəmsə ötən əsrin 60-cı iilərinin sonlarında söküb yerində gükan tikdilər.) İllər keçir. Bir gün dayısı ilə sözü çəp gəlir. Sözarası atam “mən də artıq bir kişiyəm” deyir. Dayısı qəzəblə: – Kişiyə bir bax! Kişinin evi olar! – deyib bacıoğluna qaxınc edir onun evində yaşamağını. Atam bu tənəni həzm edə bilmir. Atası sağlığında aldığı geniş torpaq sahəsində ev tikməyə başlayır. Deyilənə görə, indi yaşadığımız məhəllədə birinci ev elə atamın olub. Bu, ötən əsrin 20-ci illərinə təsadüf edir. Atamın əvvəlcə dörd qızı, ardınca da dörd oğlu olur. Həyat yoldaşı, dayısı qızı, növbəti doğuş zamanı, 1936-cı ildə dünyasını dəyişir. Dayısının yeganə oğlu Übeydi, bəzi fikirlərə görə “Çanaqqala” döyüşündə həlak olub. Uzun müddət dul yaşayan atam 1952-ci ildə növbəti dəfə ailə qurur və oğullarının sayı altıya çatır.

                                             ***

Dayısından ayrılandan sonra öz təsərrüfatını qurur. O, həm də torpaq adamı idi.  Atamın Alpanda bağ sahələri, “Palasada” – Müşkürdə əkin-biçin sahələri olub. Alpançayın sol sahilindəki güney bu yaxınlara qədər “Əlimiurad Güneyi” adlanırdı.

 İndiki dillə desək, atamın əli tutur. Qoyunları, camışları, at-arabası, xalı-xalçası, çoxlu qaz-hinduşkası olur. Qonum-qonşu atama mənası mənə müəmmalı görünən “Dobrı” Bəy deyirmişlər. Lakin dövran dəyişir və Sovet hakimiyyəti atamın üç hektar torpaq sahəsini, bütün sərvətini əlindən alır, özünü də səsdən məhrum edir.

 Həyat yoldaşını itirməsi, var-dövlətinin əlindən alınması Əlimuradı ruhdan salmır. O, səkikiz yetimini dolandırmaq üçün var qüvvəsi liə çalışır. Kolxoza qəbul olandan sonra kəndin qoyun sürülərindən birinə baş çoban təyin olunur. Həyat məktəbini çox diqqətlə “oxuyan” atam öz söz-söhbəti, dini məlumatlılığı, geniş dünya görüşü ilə fərqlənirdi. Çox danışmağı sevməzdi. Haqsızlığa qarşı barışmaz idi. Yanan yerə su tökərdi. Kənddə neçə-neçə ayrılmış ailələrin barışmasına yardımçı olmuşdu.

                                   ***

Atamın şirin, həzin səsi vardı. Cavanılğında oxuyurmuş. Hərdən xırda-xırda oxuyar,  qəmgin bayatılar züm-zümə edərdi. Yaxşı tütək çalırmış. Şahidlər çox olsa da, onun tütək çaldığını görmədim, ancaq dərin musiqi duyumuna bələd idim. Sovet dövründə “beş manatlıq” radiolarda Aşıq Hüseyn Saraclının dastanlarını eşidəndə: “Bu, Aşıq Ələsgərdir”, – deyərdi. Bilmirəm o, rəhmətlik aşığı görüb dinləmişdi, ya yox, amma çox diqqətlə qulaq asar, kövrəldiyi anlar da olardı. Tərəkəmə atamın Aşıq Ələsgəri görməsi ehtimalını da istisna etmirəm.

 Yaşıdları ilə dünya-axirət söhbətlərində: – Mən ehsanımı öz əllərimlə vermişəm, – deyərdi. Kimə nə verdiyini dilinə gətirməsə də, ətrafdan onun xeyirxahlığına dair çox söz-söhbət eşitmişdim. Müharibə və müharibədən sonrakı aclıq illərində atam altı anasız uşağı salamat böyütməklə yanaşı, neçə-neçə insanlara da hayan olmuşdu. O insanların, demək olar ki, hər biri atamın xətirini saxlayır, hörmət edirdilər.

                                            ***

 1941-1945-ci illər müharibəsi zamanı atamı cəbhəyə çağırırlar. O, ən böyüyünün 13-14 yaşı olan səkkiz yetimini götürüb gedir hərbi komissarlığa. Orada bu qədər anasız uşağı böyütdüyünə görə ona təşəkkür edib geri göndərirlər.

Atam Stalin dövrünün çətinliklərindən də danışırdı. Sərt qışların birində, təxminən 1952-ci ildə, Şirvanda qouyn-quzu soyuqdan qırılırmış. Həmin il atamın fədakarlığı sayəsində sürüsü qışdan salamat çıxır. Qonşu yataqların birində kəndlimiz Həsən adlı briqadir itkilərə görə “cavab” verməyin qorxusundan güllə ilə özünü vurub intihar edir. Əlimurad kişi deyərdi ki, qoyunun yüz oyunu var. Hər əlinə çomaq tutandan çoban olmaz. Qoyunun dilini öyrənmək lazımdır çoban olmaq üçün.

                                                ***

Atam pensiyaya bəlkə də dünyada ən gec çıxan insanlardandır. O, 79 yaşında qocalığa görə pensiyaya çıxıb. Həmin sənədi bu gün də saxlayıram.Əlimurad kişi adi çoban deyildi. Mən həmişə onu Xan Çoban hesab edirdim. O, sürünü sadəcə gəlir mənbəyi kimi deyil, xalqın sərvəti, ona əmanəti bilirdi. Səhər örüşə erkən çıxar, axşam da qaş qaralanda gələrdi kəndə. Nə bir quzu məhv olar, nə bir heyvanı canavara verərdi.

                                    ***

Atam məni çox erkən, 22 yaşımda evləndirdi. Elə şərt qoydu ki, sözündən çıxa bilmədim. Dedi: – Səni subay buraxıb ölsəm, sümüklərim yanar, bala.  Atamın ən yaşlı vaxtları mənim ən gənc yaşlarıma düşmüşdü. Həyat yoldaşım Düriyyə xanımla (Atam onu “Durna” çağırardı) onu yaşlı anamın öhdəsinə qoymamışıq. Necə deyərlər, onu öz uşaqlarımızdan ayırmamışıq. Çox çətinliklər yaşamış, nankorluqlar görmüş atam da son illərində əhatə olunduğu qayğıya görə şükür edər, hərdən ömrün vəfasızlığından gileylənərək: – Heyif, əlim aşa yetərkən, başım daşa yetdi. – deyərdi.

Dünyasını dəyşənəcən dəfələrlə bizə öz zəhmətini halal etmişdi. Onun xeyir-duasının mükafatını bu gün Uca Allah bizlərə yaşadır.

Rahib Sədullayev