Kor kişinin nağılı və yaxud Nəcməddin müəllimin həyatından fraqmentlər

0
110

Tanınmış rejissor Arif Babayevin “Gün keçdi” filmindən bir epizodu yadınıza salmaq istəyirəm. İçərişəhərin dolanbac küçələrinin birində bir kor kişi əlini divarlara sürtə-sürtə gələrək evini tapır… Nəcməddin kişi də, demək olar ki, hər gün səhər, günorta ya da axşamüstü öz evindən mərkəzə, yəni kənd camaatının toplaşdığı məkana gələr, onlarla söhbətləşərdi. Ora qədər olan təxminən 500 metlik məsafəni sadəcə əlindəki əsadan istifadə etməklə qət edərdi. Doğrudur, qara eynəkli Nəcməddin kişiyə hərdən yardımçı olmaq istəyənlər də olardı. Lakin o, yolu təkbaşına yeriməyə üstünlük verərdi. Mənə elə gələrdi ki, səliqəli geyimi ilə bir çoxlarından fəqlənən Nəcməddin kişinin dünya işığına həsrət qalması sankı onun hərəkətlərinə heç bir təsir etmir. Hətta o, kənd adamlarının səslərindən kim olduqlarını da çox asanlıqla müəyyənləşdirərdi. Bir sözlə, yeriyərkən ətrafındakı insanları, əşyaları hiss edərdi. Mağazaya, çayxanaya belə sərbəst daxil ola bilirdi. Pulu əlləri ilə toxunmaqla tanıyardı. Odur ki, alış-verişdə heç vaxt səhv etməzdi. Hə, onu da qeyd edim ki, o, həmişə qara rəngli uzunboğaz xrom çəkmə geyinərdi. Yağışlı günlərdə isə bir qayda olaraq çəkmələrinə qaloş da keçirərdi. Başında da həmişə kepka olardı.

Yox, Nəcməddin Ömərov erkən yaşlarından dünya işığına həsrət qalmamışdı. O, Böyük Vətən müharibəsindən sonra briqadir kimi çalışdığı Rusiyanın Kemerovo vilayətindəki şaxtaların birində dinamit partlaması nəticəsində görmə qabiliyyətini tamamilə itirmişdir. Bütün cəhdlərə baxmayaraq, sonradan gözlərinə şəfa vermək mümkün olmamışdır. Beləcə o, dünya işığına həsrət qalmışdı.

Kəndimizdə həm də Böyük Vətən müharibəsi veteranı kimi tanınan Nəcməddin kişi döyüşlərin birində almanlara əsir düşüb. Bir neçə aylıq əsirlik həyatında o, alman dilini öyrənməyə müvəffəq olub. O zaman nə qədər çətin olsa da, Nəcməddin kişi öz döyüşçü yoldaşları ilə birgə əsirlikdən birtəhər canının qurtarmağa çalışıb. Nəhayət, günlərin birində bir neçə əsir yoldaşı ilə birgə əsirlikdən qaçaraq Fransız Müqavimət Hərəkatına qoşulub. Müharibədən sonra isə Azərbaycana qayıdanları, o cümlədən Nəcməddin kişigili limanda Azərbaycana rəhbərlik edən Mircəfər Bağırov qarşılayıb və öz çıxışında dağılmış fabrik, zavodların bərpası məqsədi ilə Rusiyanın işçi qüvvəsinə ciddi ehtiyac olduğunu bildirib. Onun bu çıxışından sonra Nəcməddin kişi, eləcə də digərləri heç doğma ocaqlarına baş çəkmədən belə elə gəldikləri gəmi ilə geriyə, yəni Rusiyaya qayıdıblar. İş bölgüsündə Nəcməddin kişinin bəxtinə Kemerovo vilayətindəki şaxtaların biri düşüb.

Kəndimizdə hamı ona “Nəcməddin müəllim” deyə müraciət edərdi. Yeri gəlmişkən, o, həqiqətən müəllim idi. Belə ki, Nəcməddin müəllim müharibəyə qədər təyinatlar üzrə Qubanın (Nügədi və Yenikənd), eləcə də Qusarın kəndlərində (Hil və Xuluqda) ibtidai sinif müəllimi  kimi fəalyyət göstərmişdir. Qusarda çalışarkən ləzgi dilini də öyrənmişdi. Elə ömür-gün yoldaşını, Zal adlı bəyin qızını dərs dediyi kəndlərdən birindən  – Yenikənddən seçib. Onların 3 oğlu, 2 qızı olub. Qeyd edək ki, o illərdə müəllimlərə çox yüksək dəyər verərdilər. Hətta ağsaqqallar belə onlar üçün ayağa qalxardılar.

Deyilənlərə görə, o, Yenikənddə işləyərkən kirayədə qaldığı ev sahibinin atını minib müəllimlərin maaşını  gətirmək məqsədi ilə rayon mərkəzinə gəlir. (Yeri gəlmişkən qeyd edək ki, o illərdə müəllimlər xüsusi geyimlərlə təmin olunardılar). Yolun meşəlik hissəsində o dövrün təbirincə desək, bir qrup qaçaq onu saxlayır. Sən demə, onlar atın kimə məxsus olduqlarını bilirlərmiş. Əli tüfəngli qaçaqlardan biri soruşur:

-At kimindir?

Nəcməddin kişi onlara:

-Minənin, – cavabını verir.

Bu söz həmin qaçağın  xoşuna gəlmir. Hətta o, Nəcməddin kişiyə hücum çəkmək istəyir. Amma onların başbilənləri buna imkan vermir. Sadəcə, ona deyir ki, qayıdanda bizə bir araq, bir də bir neçə qutu papiros alarsan.

Nəcməddin kişi geri qayıdanda qaçaqları həmin məkanda görmür. Baş vermiş hadisə barədə də kimsəyə, o cümlədən ev sahibinə heç bir söz demir. Lakin gecənin bir aləmində qonşu otaqdan gələn səslər ona tanış gəlir. Az sonra ev sahibi Nəcməddin müəllimin yanına gələrək qaçaqların sifarişini yerinə yetirib-yetirməməsini soruşur. Nəcməddin müəllim qaçaqlar üçün aldıqlarını ev sahibinə verir ki, onları qaçaqlara çatdırsın. Sən demə, həmin qaçaqlar ev sahibini yaxşı tanıyırlarmış. Bu hadisədən sonra Nəcməddin müəllimə bir kiçik xəncər bağışlayırlar. Həmin xəncər hazırda Nəcməddin müəllimin bu yaxınlarda haqq dünyasına qovuşmuş ortancıl oğlu Ənvərgildə saxlanılır.

Qvami Məhəbbətoğlu (Rəsulov)