Sosialist Əməyi Qəhrəmanını ram edən və yaxud inadkarlığı ilə meydan oxuyan kişi

0
291

İsrafil kişi haqqında ilk məlumatı atamdan eşitmişdim. Atam ondan hər dəfə söz açanda  deyərdi: “İsrafil kişi heyvanların və quşların dilini bilən insandır. Doğrudur, heyvan və quşları müalicə edən İsrafil kişi onlardan xoş sözlər eşitmir, amma çox böyük savab qazanır”. 

Məmmədov İsrafil Paşa oğlu 1926-cı ildə Quba rayonun Alpan kəndində zəhmətkeş ailəsində dünyaya göz açmışdır. 1938-ci ildə Alpan kənd 7 illik mətkəbini bitirdikdən sonra Quba şəhər Kənd Təsərrüfatı Texnikumunun baytarlıq şöbəsinə daxil olmuş və 1941-ci ildə fərqlənmə ilə bu məktəbi bitirmişdir. Elə həmin ildə də Alpan kənd 1 May kolxozunda baytar texniki və həkimi vəzifəsində işə başlamışdır. Yeri gəlmişkən, qeyd edək ki,  İsrafil kişi kənd təsərrüfatı mütəxəssisi olduğu üçün Böyük Vətən müharibəsi illərində ordu sıralarına cəlb olunmamışdır. Yəni yaşı az olduğuna görə çağırılmayıb. Buna baxmayaraq, o, hərbi təlimlərdə iştirak etmiş və ona leytenant rütbəsi verilmişdir. İsrafil kişi  1947-ci ildə Mötəbər Sərkar qızı ilə ailə həyatı qurmuş və 6 övlad (5 oğlan, 1 qız) sahibi olmuşdur.

 O, 1955-1958-ci illərdə Quba rayon ət tədarükü məntəqəsində qəbuledici kimi çalışmışdır. Sonra bir müddət  24 nömrəli mağazanın müdiri işləmiş, 1961-ci il mart ayında bu vəzifədən azad olunaraq, maldarlıq fermasının müdiri, arıçılıq, maldarlıq toyuqçuluq üzrə şöbə müdiri vəzifələrində çalışmışdır. 1970-ci ildə Quba Rayon Baytarlıq Stansiyasında baytar həkimi kimi fəaliyyət göstərmişdir. O, 1977-ci il iyun ayının 4-də vəfat etmişdir.

Şühbəsiz, insan həyatı, əgər belə demək mümkünsə, quru rəqəmlərdən yoğrulmuş  tərcümeyi-halından ibarət olmur. Odur ki, belə rəqəmlər çox zaman yaddaşlara həkk olunmur. Çünki insanı qəlblərdə, yaddaşlarda yaşadan onun əməlləridir. Elə biz də bu əməllərinə görə İsrafil kişini anırıq.

Bəli, İsrafil kişi işini bilən, hamıya hörmətlə yanaşan, xeyirxahlığı ilə fərqlənın kişilərdən olub. Bəzən də xeyirxahlığı, əgər belə demək mümkünsə, başına bəla olub. Məsələn, kəndimizdə çoxuşaqlı bir ailənin inəyini canavar parçalayıbmış. O zamanlar belə hadisə ilə bağlı  sığorta pulu verilməzmiş. Odur ki, İsrafil kişi həmin ailənin xahişlərini, yalvarışlarını nəzərə alaraq ailəyə kömək məqsədi ilə inəyin xəstəlikdən öldüyünə dair akt tərtib edir. Amma kimlərinsə vasitəsi ilə bu məsələdən xəbər tutan sığorta işçisi prokurorluğa üz tutur və İsrafil kişini qarşı tərəfdən rüşvət alaraq belə bir addım atmasını iddia edir. Nəticədə prokuror İsrafil kişinin saxtakarlıqda ittiham ediləcəyini və bununla bağlı cinayət işi açılacağını bildirir. İsrafil kişi isə heç bir cinayətə yol vermədiyini, heç bir maddi maraq güdmədən çoxuşaqlı ailəyə kömək məqsədi ilə belə bir akt tərtib etdiyini söyləyir. Və üstəlik bu sözləri də deyir: “Bu səbəbə görə həbs olunacağımı deyirsinizsə, buyurun, həbs edin”.

İsrafil kişi anası Cənnət xanımla

İsrafil kişi mənsəb, şöhrət sahiblərinin hədələrindən də çəkinməyib. Onlarla mübarizə aparıb. Belə ki, bir dəfə İsrafil kişi Sosialist Əməyi Qəhrəmanı Tahir Cəbrayılovun cins inəklərindən brüsselyoz xəstəliyi aşkar edir və bunu aktlaşdırır. Nə isə… Amma Baytarlıq stansiyasının müdiri aktla razılaşmır, onu daşı ətəyindən tökməyə çağırır. İsrafil kişi inadından dönmür və bildirir ki, camaatın sağlamlığı onun üçün hər şeydən üstündür. Məsələ böyüyür. Hətta bu barədə Rayon Partiya Komitəsini büro üzvü, İstehsalat idarəsinin müdirinə (M.Ə.Sabir sovxozunun keçmiş direktoruna)  məlumat verilir, o da İsrafil kişini idarəyə dəvət edir. Amma İsrafil kişi: “Mən hər şeyi aktda qeyd etmişəm”, – deyərək ora getməkdən imtina edir. Amma yenə İsrafil kişidən əl çəkmirlər. Odur ki, növbəti dəfə onun dalınca maşın göndərirlər. Nəticədə, İstehsalat idarəsinini müdiri Bədrəddin Talıbov aktın doğru olub-olmaması ilə bağlı xüsusi komissiya təşkil edir. Fermaya gəlmiş 2 nəfərdən ibarət komissiya da fakt qarşısında qalır. Bununla da İsrafil kişinin tərtib etdiyi akt təsdiq olunur. Sonda isə İstehsal İdarəsinin müdiri Bədrəddin Talıbov Stansiyanın müdirinə bildirir ki, İsrafil kişi işlədiyi işlərdə həmişə özünü doğruldub, təcrübəlidir, prinsipialdır, odur ki, onu qorumaq lazımdır”.

Şübhəsiz, o illərdə belə bir adlı-sanlı şəxsin adını hallandırmaqla neqativ sənəd hazırlamaq, onu yuxarılara təqdim etmək cəsarət tələb edirdi.  Bu mənada, İsrafil kişi, əgər belə demək mümkünsə, cəsarət sahibi idi. Bu yerdə İsrafil kişi ilə bağlı yenə atamdan eşitdiyim bir kəlamı yada salmaq istərdim: “Böyük Vətən müharibəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş İsrafil Məmmədov faşistlərin qənimi, bizim İsrafil isə neqativ işlərin qənimi idi. Bu mənada bizim İsrafil qəhrəmanlığına görə o İsrafildən heç də geri qalmır”.

İsrafil kişi, o dövrün təbirincə desək, xalqın malına göz dikənlərə qarşı da amansız  idi. Məlum olduğu kimi, o illərdə süd planını artırmaq üçün gecə-gündüz qızğın “axtarışlar” aparılardı. Hətta iş o yerə çatmışdı ki, inəklərin buzovlarını ayırıb, südün hamısını sağır, onları isə ayrıca yemləyərdilər. Yəni analarından ayrılmış buzovlar üçün ayrıca ot tədarük  olunardı. O zaman “bal tutan barmağın yalamalıdır” misalı hamı üçün bir etalon olmuşdu. Hər kəs aldığı maaşın üstünü bacardığı səviyyədə oğurluqla düzəltməyə çalışardı. Həmkəndlim, ADPU-nun Quba filialı ədəbiyyat və dillər kafedrasının ingilis dili müəllimi Rahib Sədullayev xatirələrinə əsasən bildirdi ki, günlərin bir günü fermanın müdiri vəzifəsində çalışan İsrafil kişi  ğörür ki, buzovların vəziyyəti olduqca pisləşir: “Belə getsə zavallılar qışdan çıxa bilməyəcəklər. Gerisi də məlumdur, bu məsələdə günahkarları ən azı beş il “oturmaq” gözləyirdi. Həmin buzovlara da “Şələçi” məhəlləsindən bir nəfər baxırmış. Bu adamın da əli o qədər əyri idi ki, qohum-əqrabaya baş çəkəndə belə əliboş qayıtmağı bacarmırdı. Ona görə də rəhmətilyi bir xeyli ötürüb dönərdilər ki, birdən əli dinc durmaz. İsrafil kişi çox deyir, “şələçi” az eşidir. Görənlər də üzünə durur, olmur ki olmur. İsrafil kişi sözü çox uzatmır, deyir Filankəs, səni apardığın şələ ilə birlikdə odlamasam, atam Paşanın oğlu deyiləm.

Vaxt keçir, gün dolanır İsrafil kişinin hədəsi həmin adamın yadından çıxır və yenə öz rejiminə başlayır. İsrafil kişi də sözünün üstündə duran adam idi. Vaxtaşırı “şələçini” güdürmüş. Bir gün o görür ki, həmin adam buzovlar üçün ayrılmış otu şələləyib çiyninə qoyaraq kəndə tərəf üz tutur.  İsrafil kişiyə də elə bu lazım idi. Fermadan bir az aralanan kimi kibriti çəkib odlayır şələni. Arxayın-arxayın evinə tələsən “şələçi” bir də ğörür ki, qabağına işıq düşür. Şələni tullayıb canını güclə qurtarır… Ondan sonra “şələçini” şələ ğötürdüyünü görən olmur”.

İsrafil kişini kəndimizin təcrübəli kənd təsərrüfatı işçiləri – Səbrulla Murtuzov, Əli Qədirov, Bahəddin Bayramov, Ərzuman Atakişiyev, Rəhman Ələskərov, Qumalat Poladovla birgə görmək olardı. Adətən, onlar İsrafil kişigilə tez-tez pənah gətirər və fikir mübadiləsi aparardılar. Eləcə də qonşu kəndlərin, eləcə də Susay, Kürkün, Uzunmeşə, Gərəy  kəndlərindən onun yanına məsləhətə gələrdilər.

Yeri gəlmişkən qeyd edək ki, İsrafil kişinin şəcərəsini aydınlaşdıranda aydın olur ki, Paşa kişinin atasının adı Baxış, babasının adı Agamməd, Agammədin babasının adı isə Dərgah olub. Deyilənlərə görə, təxminən 1750-ci illərdə dünyaya göz açmış  Dərgah kişi agac (taxta) ustası olub. O, Alpan kənd məscidinin tikintisində də fəal  iştirak edib. Belə ki, məscidin taxta sütunlarının hazırlanması onun adı ilə bağlıdır. Deyilənlərə görə, taxta sütunlar üçün lazım olan ağaclar Müşkür ərazisindən öküz arabaları ilə gətirilibmiş. Ona görə də bu şəcərə Dərgahlar, başqa sözlə desək, sənətkarlar nəsli kimi tanınıblar. Bu sənət sonradan onun yaxınları tərəfindən davam etdirilib. Məsələn, Əziz kişi, Sabir kişi, Hətəm kişi bu sənətin xiridarları kimi tanınıblar.

Qvami Məhəbbətoğlu (Rəsulov)

P.S. Yazının ərsəyə gəlməsində göstərdiyi yardıma görə Quba Rayon Mərkəzi Xəstəxanasının kardiologiya şöbəsinin müdiri, “Tərəqqi” medallı, Əməkdar həkim Cabir Məmmədova təşəkkürümü bildirirəm.